Ana Sayfa > Xəbər > Bibiheybət məscidində AŞURA TƏZİYƏSİ

Bibiheybət məscidində AŞURA TƏZİYƏSİ


24-10-2015, 12:13. Yazar: admin
Bibiheybət məscidində AŞURA TƏZİYƏSİ
Bu gün günlərdən Aşura – Həzrəti Muhamməd (S.A.S) nəvəsi İmam Hüseynin Yezid tərəfindən qətlinin ildönümüdür. Hafta.az-ın verdiyi xəbərə görə, builki Aşura mərasimi Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, Hicri-qəməri təqvimi ilə yeni Hicri 1437-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə təsadüf edib. Məhərrəm ayının 10-u - Aşura günü isə 2015-ci il oktyabr ayının 24-nə - bu günə düşür.

Bu gün Azərbaycanda da Aşura mərasimi qeyd olunur. Şiə təriqətli on minlərlə müsəlman ölkəmizin müxtəlif yerlərindəki məscidlərdə təziyə mərasimlərinə qatılaraq şəhidlərin ən gözəlinə, şəhidlər imamına öz hörmət və ehtiramlarını bildirirlər.

Hafta.az-ın əməkdaşı bu dəqiqələrdə on minlərlə insanın axın etdiyi Bibiheybət məscidindədir. Gördüklərimiz bizi heyrətləndirməyə bilmədi. Belə ki, yaxınlığından və uzaqlığından asılı olmayaraq, hər kəs adıçəkilən məscidə gələrək, yeddinci şiə imamı imam Museyi Kazımın 18 qızından biri həzrəti Həkimə xanımın qəbrini ziyarət edir, gümbəzli məqbərənin ətrafında dövrə vuraraq onun ruhuna, eləcə də bu günün şəhidi-müşərrəfi İmam Hüseynin ruhuna öz hörmət və ehtiramlarını bildirirlər.

İnsanlar məscidin içərisinə daxil olaraq, Həzrəti Həkimə xanım türbəsinin ətrafında dövrə vurduqdan sonra məscidin içərisində dualar edir, İmam Hüseyni min bir əzab-əziyyətlə qətlə yetirmiş Yezid, Müaviyə və onun tərəfdarlarına lənətlər yağdırırlar. İbadətlərini yerinə yetirdikdən sonra insanlar bu gün üçün xüsusi təşkil edilmiş məntəqələrdə qanvermə aksiyasına gedirlər.

Bu arada qeyd edək ki, məscidin içərisində və ya həyətində xüsusi qanvermə məntəqələri yaradılmayıb. Bunu da ərazidəki insan sıxlığına görə edildiyini düşünmək olar. Həmçinin vurğulayaq ki, qan vermək İslam dininə görə də savabdır, ancaq fiziki–yoluxucu və keçici xəstəliyi olanlar qanvermədən azaddırlar.
Üstəlik builki Aşura mərasimində Bibiheybət məscidində zəncir vuran, baş yaran insanlara da rast gəlmədik. Ancaq insan axını içərisində “ya Hüseyn”, “Hər yer Kərbəla – Hər gün İmam Hüseyn” yazılı plakat və qara bayraq tutmuş gənclərin də sinə vurmaları, mərsiyə demələri gözümüzdən yayınmadı.

Hətta gənc ailələrin kiçik yaşlı övladları ilə gəldiyini, mərasimlərə qatıldığını da xüsusi vurğulayaq. Bir sözlə, insanlar üstündən 1400 il keçməsinə baxmayaraq Kərbü bəla aslanını və onunla birgə şəhid olmuş 73 müsəlman mücahidinin facivə şəkildə qətlə yetirilməsini onların adlarına layiq şəkildə qeyd edirlər desək, yanılmarıq.

Geri dön