Ana Sayfa > Xəbər > Hərbi ekspert: “Biz 18-19 yaşlı əsgərlərlə müharibəyə getməli deyilik”

Hərbi ekspert: “Biz 18-19 yaşlı əsgərlərlə müharibəyə getməli deyilik”


24-10-2015, 11:50. Yazar: admin
Hərbi ekspert: “Biz 18-19 yaşlı əsgərlərlə müharibəyə getməli deyilik”
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi qaydası”nı təsdiq edib.

Qaydalara əsasən, hərbi xidmətə yararlı olan 17 yaşına çatan kişilər, növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu itirən və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən yararlı çağırışçılar könüllülük prinsipi əsasında xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb olunacaqlar. Bundan başqa, qeyd olunur ki, hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi xidmətin yerli idarə, şöbə və bölmələrində 16 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılır və namizədlərin siyahısı hazırlanır.

Hərbi ekspert Azad İsazadə Modern.az saytına bu qaydaların mahiyyətini şərh edib: “Məsələ bundadır ki, 18 yaşına çatmış çagırışçılar orduya gedib hansısa hərbi bilikləri öyrənməyə başlayırlar. İndiyə qədər hərbi xidmətə çağırılan gənclərin bəzi peşələr üzrə bilik səviyyəsi sıfır səviyyəsində olub. Ən yaxşı halda onlardan kimsə avtomobil idarə etməyi bacarıb. Ancaq çox vaxt 18 yaşındakı vətəndaşın sürücülük vəsiqəsi belə olmur, kiminsə bir az kompüterdən başı çıxır.

Bundan sonra kurslarda keçirilən dərslər isə artıq imkan verəcək ki, gənclər hər hansı hərbi biliyi artıq mülki həyatda, 17 yaşında öyrənsinlər. Məsələn, hərbi aşpaz, hərbi rabitəçi, ilkin hərbi tibbi yardım xidmətçisi, hərbi sürücü kimi peşələri mülkidə də öyrənmək olar”.

Bundan başqa, 2 il öncə bu kursların yaranması haqqında qanun qəbul olunanda cəmiyyətdə birmənalı qəbul olunmamışdı. Hərbi ekspertin fikrincə, bu kursların fəaliyyətə başlamasını qətiyyən müharibəyə hazırlıq kimi dəyərləndirmək olmaz: “Çünki hərbi peşə öyrənmək hələ müharibə hazırlığı demək deyil. Müharibəyə hazırlıq gedəndə bütün mülki həyat hərbi istiqamətə yönəlməlidir. Biz 18-19 yaşlı əsgərlərlə müharibəyə getməli deyilik. Daha yuxarı yaşlarda olanlar, yəni 25-40 yaşlı arası vətəndaşlar cəlb olunmalıdır. Burada hansısa qeyri-adi şey yoxdur”.

Azad İsazadənin sözlərinə görə, bu kurslara cəlb edilən gənclər həqiqi hərbi xidmətlərini başa vurandan sonra könüllü şəkildə hərbi qulluqlarını öz peşələrinə uyğun davam da etdirə bilərlər.

Vertikal.az

Geri dön