Ana Sayfa > Xəbər > Aşura günündə Bakı məscidlərində qanvermə aksiyası keçiriləcək
Aşura günündə Bakı məscidlərində qanvermə aksiyası keçiriləcək22-10-2015, 18:06. Yazar: admin |
Bu il oktyabr ayının 24-nə təsadüf edən Aşura günündə ölkənin bir çox dini ibadət yerlərində, o cümlədən Bakı şəhərindəki 7 məsciddə könüllü qanvermə aksiyaları keçiriləcək. Musavat.com-un verdiyi xəbərə görə, ənənəvi olaraq Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonundakı 2 məsciddə - İçəri şəhər «Cümə» məscidi və Bibiheybət ziyarətgahı məscidində də bu aksiya keçiriləcək. Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə nümayəndəsi, İçərişəhər «Cümə» məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, artıq 10 ildir ki, Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı məsciddə könüllü qanvermə aksiyaları təşkil olunur: “İçərişəhər «Cümə» məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər və artıq «Cümə» məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal alıb. Dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir, heç bir yerdə qəbul olunmur və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir. Bu ayda küsülülərin barışması, yetimlər evinə getmək islam aləmində çox dəyərlidir”. Axund onu da qeyd edib ki, Aşura mərasimində məsciddə keçirilən təziyə məclisində Kərbəla və vətən uğrunda şəhid olanların şəninə xütbələr oxunacaq, şəhidlərin əziz xatirəsi yad ediləcək və həm «Tasua», həm də «Aşura» günü ehsanlar veriləcək: “Eyni zamanda həmin gün məsciddə könüllü qanvermə aksiyası təşkil olunacaq. Yalnız keçən ilin Aşura mərasimi zamanı qanvermə aksiyasında 160-dan çox insan iştirak edib. Bu da biz dindarların irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın müalicəsinə kiçik də olsa töhfəmiz olub”. Aksiyanın keçiriləcəyi Bibiheybət ziyarətgahı məscidində də könüllü qanvermə aksiyası ilə əlaqədar bütün hazırlıq işləri artıq başa çatdığı bildirilib. Geri dön |