Ana Sayfa > Xəbər > “Hesablama Palatasının təkliflərinin necə yerinə yetirilməsi yoxlanılmalıdır”

“Hesablama Palatasının təkliflərinin necə yerinə yetirilməsi yoxlanılmalıdır”


22-10-2015, 17:15. Yazar: admin
“Hesablama Palatasının təkliflərinin necə yerinə yetirilməsi yoxlanılmalıdır”
Dövlətin maliyyə nəzarəti dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının vaxtında icra edilməsi, pul tədavülünün təşkili, kredit resurslarından istifadə, daxili və xarici dövlət borcunun və dövlət ehtiyatlarının vəziyyəti, maliyyə və vergi güzəştləri və üstünlükləri üzərində dövlət nəzarətini nəzərdə tutur.

Azərbaycanda dövlət vəsaitlərinin dövlət orqanlarında necə xərclənməsinə nəzarət edən orqan Hesablama Palatasıdır. Qurum bu nəzarəti apardığı maliyyə yoxlamaları vasitəsilə həyata keçirərək ildə bir dəfə fəaliyyəti barədə qanunverici orqana hesabat verir.

Prosesin təkmilləşdirilməsi haqqında təkliflərin hazırlanması və parlamentə təqdim edilməsi də Hesablama Palatasının səlahiyyətinə daxildir.

Milli Məclisin deputatı Əli Məsimli Modern.az-a deyib ki, hazırda Hesablama Palatasının fəaliyyətini qənaətbəxşdir. Onun fikrincə, qurum öz fəaliyyəti çərçivəsində kifayət qədər yoxlamalar aparır:

“Çatışmazlıqları ortaya çıxarır və əlaqədar strukturlara təqdim edir. Son iki ildə Hesablama Palatasının büdcə ilə bağlı verdiyi rəylər kifayət qədər dərinləşdirilmiş rəylərdir. Amma axırıncı rəy çox ciddi tədqiqatlara əsaslandırılıb. Bu baxımdan yanaşanda hesab edirəm ki, Hesablama Palatasının fəaliyyəti artan xətt ilə gedir”.

Deputat qeyd edib ki, qurum bu templə işləsə, o, həm büdcə ilə maraqlı təhlillər aparıb rəylər verəcək, həm də büdcə vəsaitindən istifadənin səmərəliliyinin artırılmasına yönəldilən təhlillər təqdim edəcək:

“Hesablama Palatası hesabat verəndə həm də Nazirlər Kabinetinə xeyli təkliflər verir. Çıxışlarımda qeyd etdiyim bir məqam var: Hesablama Palatasının verdiyi təkliflərin hökumətin əlaqədar strukturlarının necə həyata keçirməsi ilə bağlı da yoxlamalar aparılıb nəticə açıqlanmalıdır.

Həm qanunvericiliyə əlavə və dəyişiklər edilir, həm də bilavasitə təşkilatı mexanizmlərin təkmilləşdirilməsi istiqamətində maraqlı təkliflər verilir. Bu təkliflərin nə dərəcədə həyata keçməsi məsələsini də hesabatlar mərhələsində yoxlamaq lazımdır.

Əli Məsimlinin sözlərinə görə, bu zaman Hesablama Palatasının fəaliyyətinin səmərəliliyi real işlərdə daha güclü görünəcək: “Koordinasiya güclənməlidir. Bu gün bizdə çatışmayan məsələ koordinasiyanın zəif olmasıdır. Koordinasiya güclənsə, onda Hesablama Palatasının ortaya çıxardığı çatışmazlıqlar, irəli sürdüyü rəydəki təkliflər reallaşanda daha yaxşı nəticələr olur”.

Geri dön