Ana Sayfa > Xəbər > "Pasxada hər yəhudi 4 qədəh şərab içməlidir" - İBADƏT
"Pasxada hər yəhudi 4 qədəh şərab içməlidir" - İBADƏT4-04-2015, 10:13. Yazar: admin |
Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlman olsa da, digər səmavi, ənənəvi dinlərin nümayəndələrinin öz ibadətlərini sərbəst olaraq icra etmələri üçün dövlət və cəmiyyət tərəfindən hər cür şərait yaradılıb. Eyni zamanda xalqımız digər xalq və din nümayəndələrinə qarşı kifayət qədər dözümlü yanaşma sərgiləyir. Bu, ölkəmizdə İslama aid olmayan dini bayramların qeyd edildiyi vaxtlarda da özünü əyani şəkildə büruzə verir. Aprel ayında həm iudaizmə mənsub yəhudilər, həm də katolik və pravoslav xaçpərəstlər Pasxa bayramını təntənəli şəkildə qeyd edirlər. Lakin bayramın qeyd eidlməsində tarix fərqləri var. Bu il yəhudilər Pasxa bayramını aprelin 4-də, katoliklər 5-də, pravoslavlar isə 12-də qeyd edirlər. Bu dəfə əsasən yəhudilərin Pasxasından bəhs edəcəyik. Öncə bayramın yaranma tarixi və mahiyyəti haqda qısaca danışaq. Əhdi-Cədiddə (İncildə) təsvir edildiyinə əsasən, Pasxa İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kulminasiyasıdır. Xristianların Pasxa bayramı barədə növbəti yazılarımızda ətraflı bəhs edəcəyik. Pasxa - yəhudilərin Misir köləliyindən azadlığı bayramıdır Bütün dünyadakı yəhudilər isə Pasxa bayramında Misir köləliyindən azadlığa çıxdıqlarını qeyd edirlər. Pasxa qədimdən ibrani xalqının Misirdən çıxışını yad etmək üçün yaz fəslində keçirilən bayram olaraq qeyd olunurdu. Allah Misirdə kölə olan yəhudiləri azad etmək missiyası ilə Musa Peyğəmbəri göndərdi. Musa Peyğəmbər firondan xalqı buraxmasını dəfələrlə tələb etsə də, firon yəhudiləri buraxmırdı. Buna görə də Allah Misirə ardıcıl olaraq cəzalar göndərdi. Lakin firon cəzalarla da yola gəlmirdi. Yalnız onuncu cəzadan sonra firon İsrail övladlarını buraxdı. Pasxa bayramı (Pesax) bu onuncu cəza ilə əlaqəlidir. Həmin cəza Rəbb tərəfindən misirlilərin ilk övladlarının ölümü idi. Əslində bu bayramın əsl adı Pesaxdır. Və ibrani dilində "pesax" "yanından keçmək" mənasına g?lir. Bibliyada bunun mənası belə izah olunur ki, xalq Misirdən çıxan gecə misirlilərin ilk oğullarını öldürən məhvedici Rəbb israillilərin evlərindən yan keçib. Tövrat: "Nəsildən nəslə əbədi olaraq Pasxanı bayram edin!" Yəhudilərin müqəddəs kitabı Tövratda Pasxa bayramı üçün təlimat (Çıxış 12) parçasında deyilir: "Misir torpağında Rəbb Musaya və Haruna dedi: "Bu ay sizin üçün ilin ilk ayı olacaq. Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün. Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün. Özünüzə birillik qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu, yaxud keçilərdən bir çəpiş olsun. Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin. Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. Qoy həmin gecə onun ətini yesinlər; əti odda bişirib mayasız çörək və acı göyərti ilə yesinlər. Onu çiy, yaxud suda qaynadılmış halda yox, başı, ayaqları və içalatı ilə birgə odda bişirilmiş halda yeyin. Ondan səhərə qədər bir şey saxlamayın və səhər qalanını yandırın. Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır. Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm. Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək. Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən-nəslə əbədi qayda olaraq onu bayram edin...". Pasxa ilə birlikdə "Mayasız Çörək" adında bayram da qeyd edilirdi. Bununla xalq onların əcdadlarının Misirdən t?l?sik çıxdıqları üçün maya qatılmayan xəmirdən mayasız kökələr bişirmələrini xatırlamalı idi. Pasxanın keçirildiyi səkkiz gün ərzində yalnız şirin çörək (matsu) yeməyə icazə verilir. Buna görə Pasxanı bəzən "Opresnok" bayramı adlandırırlar. Pasxanın başlanmasının ilk iki günün birində bütün ailə qonaqlarla birgə xüsusi Pasxa süfrəsində (sedere) iştirak edir. Pasxa süfrəsində matsudan başqa mütləq acı otlar, xaroset (sürtkəcdən keçirilmiş almalar, qazlar və şərabdan ibarət qarışıq), yumurta, qoyun sümüyü, tərəvəz, içində duzlu su olan kasa olur. Ev sahibi Misirdən gedişin tarixçəsini danışır və danışığını izahlarla müşayiət edir. Süfrədə əyləşənlər dua edir və dörd qədəh şərab içirlər. Sedera mərasiminə xeyir-duaların deyilməsi, dini mahnıların oxunması daxildir. Sinaqoqda Pasxa günlərində bayram ibadətləri keçirilir. Pasxa qədimdən, həmçinin əkinçilik bayramı hesab edilirdi. Bu zaman biçinin başlanması qeyd edilirdi. "Hər bir yəhudi mütləq matsu yeməlidir" Qış parkı yaxınlığında yerləşən Bakı Avropa Yəhudilərinin sinaqoqunun ravvini Şineor Seqal bayram tədbirlərinin çoxluğu ilə əlaqədar bizimlə yalnız ayaqüstü söhbət edə bildi: - Cənab Şineor, bayramınızı necə qeyd edirsiz? - Artıq bu gün (3 aprel) axşam bütün yəhudilər mütləq süfrə arxasında oturmalı və babalarımızın Misirdən çıxdıqları gün yedikləri matsu çörəyindən yeməlidir. Onlar tələsik yola çıxdıqları üçün matsunu heç bir maya, rəng və s. əlavə etmədən yalnız unla sudan hazırlayıblar. - Pasxa günləri daha hansı qida növlərindən istifadə edirsiz? - Digər qidalardan da istifadə edirik. Bu gün biz mütləq acı göyərtidən - qıtıqotundan hazırlanmış salat yeyirik. Bu da yəhudi xalqının Misirdə yaşadığı ağrılı-acılı günlərin xatırlanması üçündür. Bundan əlavə, bu axşam hər bir yəhudi mütləq 4 qədəh şərab içməlidir. Uşaqlar şərabın əvəzinə üzüm şirəsi içirlər. Bütün bunlarla yanaşı, hər kəs gündəlik bişirilən Avropa və ya Şərq mətbəxinə aid xörəklərdən də yeyə bilər. - Cənab ravvin, yəhudi Pasxası ilə xristian Pasxası arasındakı fərqlər barədə nə deyə bilərsiz? - Mən bunu bilmirəm. Mən yalnız yəhudi Pasxasını tanıyıram, başqa Pasxa tanımıram. - Yəhudi Pasxası əsasən yəhudilərin Misir əsarətindən azad olmasıyla bağlıdırmı? - Bəli, ilk Pasxa 3027 il bundan öncə yəhudilərin Misir köləliyindən azad olunduğu vaxt keçirilib və Pesax adlanıb. Sonra digər xalqlar Pasxa adı altında digər bayramlar yaradıblar. - Sizin Pasxanın İsa Peyğəmbərlə əlaqəsi varmı? - Xeyr, İsa Peyğəmbərlə bu bayramın əlaqəsi yoxdur. Çünki Pasxa İsanın doğulmasından təxminən min il öncə yaranıb. - Yəhudilərdə müxtəlif dini cərəyanlar var: otdoksallar, ultraradikallar və s. Onların Pasxanı keçirməsində fərqləri varmı? - Hesab edirəm ki, yəhudi dinində heç bir cərəyan-filan yoxdur. Vahid yəhudi dini, vahid Tövratımız var. Fərqlər yalnız adətlərdə ola bilər. Məsələn, Pasxa axşamında bəziləri balıq yeyir, digərləri isə düyü. Ancaq harada yaşamasından asılı olmayaraq bütün yəhudilər matsunı mütləq yeyirlər. - Pasxa zamanı hara isə gəzintiyə çıxırsız, yoxsa əsasən evdə və sinaqoqda şənlik edirsiz? - Bu günü biz əsasən evdə və sinaqoqda icmamızla birgə keçiririk. - Bayramqabağı yəhudilərin Azərbaycana gəlməməsiylə bağlı bəzi məlumatlar səsləndi və belə bir təəssürat yarandı ki, guya burada yəhudlilərlə bağlı nəsə narahatlıq var. Bu gün Pasxanın keçirilməsiylə bağlı hər hansı bir problem yaşamırsız ki? - Xeyr. Şükür Allaha, Azərbaycanda nəinki Pasxa və digər bayramlarımızın keçirilməsində, ümumiyyətlə, yəhudi icmasının yaşayışında, cəmiyyətə inteqrasiya olunmasında tarixən heç bir problem olmayıb, bu gün də yoxdur. Hər bir yəhudi bu ölkədə sərbəst olaraq yaşayır, sinaqoqlarda dini ayinlərini icra edir və bayramlarını keçirir. Bütün bunlara şərait yaradan isə Azərbaycan dövlətidir. Eyni zamanda Azərbaycan xalqı digər xalqlar kimi yəhudilərə də tolerant münasibət göstərir, səbir, dözüm və sevgi ilə yanaşırlar. Geri dön |