Ana Sayfa > Xəbər > “Nazir və deputatların çoxu Eldar Mahmudov kimi bizneslə məşğuldur”

“Nazir və deputatların çoxu Eldar Mahmudov kimi bizneslə məşğuldur”


21-10-2015, 15:42. Yazar: admin
“Nazir və deputatların çoxu Eldar Mahmudov kimi bizneslə məşğuldur”
Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən sonra bəzi şeylər “corab söküyü” kimi sökülməyə başlayıb. E.Mahmudovun nazir postundan uzaqlaşdırılması onun və komandasının gizli biznes fəaliyyətilə məşğul olduğunu da üzə çıxardı. Məlum oldu ki, eks-nazir qanunları heçə sayaraq, özü və ailə üzvləri üçün geniş biznes şəbəkəsi qurub.
E.Mahmudov ona olan etimaddan sui-istifadə edərək holdinqlər, tikinti şirkətləri, restoranlar şəbəkəsi yaradıb. Həmçinin, ölkəyə daxil olan brilliant və qızıl məmulatlarının, eləcə də mobil telefonların monopoliyasının, bahalı spirtli içki mağazalarının, brend saat butiklərinin eks-nazirə məxsus olduğu artıq gizlədilmir.
Onun əsas holdinqlərindən sayılan “Caspian Crystal Plaza”ya oğlu Anar Mahmudov rəhbərlik edib. Azərbaycanda “Range Rover Motors”, “Jaquar Motors”, “Maserati Motors” avtomobillərinin və “Dicati” motesikletlərinin rəsmi distribütoru olan “Crystal Motors” şirkəti də “Caspian Crystal” holdinqə bağlıdır.
Öz fəaliyyətinə restoran biznesi ilə başlayan “Caspian Crystal Plaza” Holdinqi “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP”, “Velluto” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.
Maraqlıdır, nazir bütün bu fəaliyyətlə məşğul olan zaman qanunlar dondurulmuşdumu?

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az saytına deyib ki, Azərbaycanda bir çox sahələrin əslində nazir və deputatların monopoliyasında olması heç kəsə sirr deyil:
“Azərbaycan Respublikasının qanunlarına görə, dövlət qulluqçuları, nazirlər, İcra Hakimiyyəti rəhbərliyində təmsil edilənlər, parlament üzvləri və bir çox başqa kateqoriyadakı şəxslər biznes fəaliyyəti ilə məşğul ola bilməzlər. Qanunvericilik həmin şəxslərə yalnız pedaqoji, yaradıcılıq və elmi fəaliyyətlə məşğul olmağa imkan verir. Hətta pedaqoji fəaliyyətlə məşğul olmaqla bağlı məsələdə də mütləq yuxarı orqanın, yaxud vəzifəli şəxsin razılığı olmalıdır.
Qanun hər hansı ödənişli fəaliyyətlə məşğul olmağı qadağan edir. Vaxtilə hakimlərdən birinin biznes məşğuliyyətinə görə fəaliyyətinə xitam verildiyi yadımdadır. Təəssüf ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq məmurların əsas peşəsinə çevrilib. Bir çox məmurlar heç nədən çəkinmədən bizneslə məşğuldur, böyük holdinqlərə sahibdirlər.
Eyni zamanda apellyasiya edilmiş təşkilatlar vasitəsilə özləri, ailə üzvləri və övladları üçün biznes fəaliyyəti yaradıblar. Əlbəttə, qanun onların övladlarının dövlət qulluğunda çalışmadıqları müddətdə bizneslə məşğul olmasını qadağan etmir. Bəzi hallarda bu ailənin övladları ona görə bizneslə məşğul olur ki, valideynləri yüksək vəzifə sahibidirlər. Amma heç də bütün hallarda məmur övladları istedadlı biznesmen deyillər”.
Ə.Nuriyev məmurların qanunvericilikdə mövcud olan boşluqlardan yararlandığını dilə gətirib:
“Onun tutduğu vəzifə məmur və ya deputat fəaliyyəti ilə bir çərçivəyə sığmırsa, o, ya məmur və deputatlıqdan, ya da biznes fəaliyyətindən imtina etməlidir. Əgər deputatlığı seçirsə, biznes fəaliyyətinin dayandırılması ilə bağlı öhdəlik götürməlidir.
Fikrimcə, Azərbaycan qanunvericiliyində boşluqlar var ki, məmurlar da bundan yüksək səviyyədə faydalanmağa çalışırlar. Şəxs məmurluğa qədər biznes fəaliyyəti ilə məşğul olubsa, məmur olduqdan sonra fəaliyyətin kimə, hansı şəkildə dövr edilməsi barədə prosedur aydın şəkildə yoxdur. Belə boşluqlar bizim məmurlara biznes fəaliyyətilə məşğul olmağa eninə-boyuna imkanlar yaradır, onlar məmurluq fəaliyyətindən istifadə edərək, bizneslərini daha da genişləndirirlər”.

Hüquqşünas bildirib ki, dövlət qulluqçusunun bu tip fəaliyyətinə nəzarət həmin orqanın rəhbərliyi tərəfindən, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya, hakimlərlə bağlı məsələlər Məhkəmə-Hüquq Şurasına, bəzilərində Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aiddir:
“Bu mexanizm yalnız Məhkəmə-Hüququ Şurasında var. Hamıya məlumdur ki, bəzi hakimlərin biznes fəaliyyəti mövcuddur. Onlar birbaşa məşğul olmasalar da, biznesi himayə edirlər.
Bu gün deputat və nazirlərin bir çoxu biznes fəaliyyəti ilə məşğuldur. Bəzi hallarda heç bunu gizlətmirlər də. Rəsmi olaraq bu və ya digər müəssisənin təsisçisi, rəhbəri, təsisçi direktoru qismində çıxış edirlər. Sirr deyil ki, bir çoxları rəsmi olmasa da, qeyri-rəsmi olaraq biznes strukturlarına başçılıq etməkdədirlər. Eyni zamanda, vəzifəli şəxslərin gəlir deklorasiyasının təqdim edilməsi ilə bağlı qanun olmasına baxmayaraq, həmin maddə işləmir. Bu da məmurlara biznes fəaliyyəti ilə məşğul olmağa yardım edir. Gəlir deklorasiyasına əsasən, məmur gəliri, gəlirin mənbələri barədə hesabat verməlidir. Hansısa şirkətdən gəlir əldə etməsi isə onun vəzifə səlahiyyətlərinə xitam verilməsinə səbəb ola bilər”.

Geri dön