Ana Sayfa > Xəbər > Əli Kərimlidən absurd iddia - AXCP sədri nə dediyinin fərqindədir?
Əli Kərimlidən absurd iddia - AXCP sədri nə dediyinin fərqindədir?3-04-2015, 17:54. Yazar: admin |
AXCP sədri Əli Kərimli İranla Qərb arasında ilkin razılama ilə bağlı olduqca heyrətamiz iddia irəli sürüb. Avropa.info xəbər verir ki, AXCP sədri facebook-da İran-Qərb anlaşmasının aprelin 5-də müxalifətin keçirəcəyi mitinqə dəxli olduğunu (!) yazıb. "İranla “Böyük altılıq” ölkələri (ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya) arasında ilkin razılaşma əldə olundu. İran nüvə silahı yaratmayacaq, ABŞ və Avropa Birliyi də İrana qarşı tətbiq etdiyi sanksiyaları qaldıracaq. Bir çox dostlarımıza təəccüblü görünsə də, bu hadisənin Azərbaycana da, hətta hazırlaşdığımız 5 aprel mitinqinə də təsiri var." AXCP sədri iddiasını sübuta yetirmək üçün, bəndlərlə İran-Qərb anlaşmasını izah edib, lakin bu sazişin 5 aprel mitinqinə nə dəxli olduğunu açıqlaya bilməyib. Əli Kərimli, sadəcə, bu anlaşmadan Azərbaycan hakimiyyətinin uduzduğunu irəli sürüb. Lakin, irəli sürülən iddialardan da görünür ki, söhbət heç də hakimiyyətə dəyəcək zərbədən deyil , ölkəyə toxuna biləcək ziyanlardan gedir. Məsələn, AXCP lideri hakimiyyətə (Azərbaycana oxu:red) dəyəcək zərbədən bəhs edərək, yazır ki, razılaşma imkan verir ki, İran neft bazarına daha çox neft çıxarsın və bu da avtomatik olaraq qara məhsulun dünya bazarında qiymətini aşağı salacaq. Üstəlik İranın neft bazarına təsiri daha uzunmüddətli faktor olacaq. Bunu hansısa xarici dövlətin siyasətçisi yazmayıb, Azərbaycanda prezidentliyə iddialı olan Əli Kərimli yazıb. Adamları qiymət artımına görə, mitinqə çağıran siyasi lider neftin qiymətinin aşağı düşməsinə necə sevinə bilər? Bəyəm, Əli Kərimli bilmir ki, neftin qiymətinin aşağı düşməsi, Azərbaycan kimi neftdən aslı ölkələrdə qiymət artımı ilə nəticələnir? Digər tərəfdən, bu nə İran sevgisi? Neftin qiymətinin aşağı düşməsi nəticəsində ölkəyə dəyəcək ziyan, İranın neft bazarında əsas faktor çevriləcəyi barədə verdiyiniz proqnoz sizi niyə belə sevindirir? Bundan başqa, AXCP sədri iddia edir ki, İranla bu razılaşma nəticəsində regionda baş verə biləcək müharibə təhlükəsi aradan qalxıb. Bu iddianı dünyanın istənilən ciddi politoloqları oxusa, ən yaxşı halda, buna güləcəklər. Əvvəla, bu sazişin Yaxın Şərqin 3 böyük dövləti Türkiyə, Səudiyyə Ərəbistanı və İsraildə qıcıq doğurduğunu bilmək üçün ciddi akademik bilgiyə sahib olmaq gərək deyil. Sadəcə, Türkiyə, ərəb mediasını oxumaq kifayət edir. İkincisi, dünyada öz fikiri ilə fərqlənən siyasi şərhçilərə görə, İranın nüvə silahı istehsal etməsi barədə söylənilənlər, Qərbin bu məsələdə dirəniş göstərməsi sadəcə blefdən başqa bir şey deyil. Bütün təhqiqatlar göstərir ki, İran uranın zənginləşdirilməsi prosesində cəmi 3 faizlik uğur əldə edibmiş. Nüvə silahı hazırlamaq üçün isə nə az, nə də çox uranın 97 fazil zənginləşdirilməsi lazım idi ki, İran da buna ehtimal ki, əsrlərlə belə nail ola bilməyəcəkdi . Siyasi təhlilçilər hesab edirlər ki, əslində ABŞ-la İran arasında gizli, bəzən isə açıq müttəfiqlik əlaqələrinin tarixi 20 ilə çəkir. İranın keçmiş prezidenti Əhmədinejad BMT-də çıxışı zamanı Əfqanıstanda Talibanın devrilməsi və İraqın birinci işğalında ölkəsinin ABŞ-a yardım etdiyini açıqlamışdı. Hazırda da İran İraqda ABŞ-la birlikdə İŞİD-ə qarşı, Suriyada isə Türkiyənin dəstəklədiyi qüvvələrə qarşı rəsmən müharibədədir. Yəməndə isə İranın dəstəklədiyi husilərin başına Səudiyyə Ərəbistanı bomba yağdırır. Türkiyə və Səudiyyə Ərəbistanının yayda Suriyaya girərək, İranın dəstəklədiyi Əsəd rejimini devirəcəkləri də gələn xəbərlər arasındadır. Belə olan şəraitdə bölgənin hansı sabitliyindən danışmaq olar? Zatən müharibədir və bu savaşın daha da güclənəcəyi ehtimal olunur. Bir də ki, axı bunun 5 aprel mitinqinə nə dəxli var? P.S.Sonda onu da qeyd edək ki, Əli Kərimlinin İranla ABŞ münasibətlərinin normallaşması ilə yazdıqları ilə AXCP-nin irəli sürdüyü ideoloji prinsiplər ziddiyyət təşkil edir. AXCP bütöv Azərbaycan uğrunda mübarizəni öz Məramnaməsində məqsəd olaraq, irəli sürür. Bu yaxınlaşma isə İranın dünya bazarına çıxışına şərait yaradır və beləliklə, ölkə iqtisadiyyatının güclənməsinə səbəb olacaq. İnanırıq ki, AXCP sədrinin bütöv Azərbaycan uğrunda mübarizə ilə bağlı məqsədlərdən imtinanı ondan heç bir partiya üzvü soruşmayacaq. Çünki artıq bu partiyada polemikaları siyasi fəaliyyətdə prioritet sayacaq heç kim qalmayıb. Geri dön |