Ana Sayfa > Xəbər > Bakıya gizli səfər və ölkədə ciddi etirazlar
Bakıya gizli səfər və ölkədə ciddi etirazlar14-10-2015, 16:07. Yazar: admin |
Gürcüstan hakimiyyəti Rusiyayönümlü siyasətində qırmızı xətti tapdalayıb. ANS PRESS-in məlumatına görə, Gürcüstanın energetika naziri Kaxa Kaladzenin “Qazprom” rəhbərliyi ilə apardığı danışıqlar ölkə ictimaiyyətinin ciddi narahatçılığına səbəb olub. “Vahid Milli Hərəkat” (VMH) partiyası təmsilçiləri və “Rustavi - 2” telekanalı artıq bu danışıqların ölkənin sabiq baş naziri Bidzina İvanişvilinin göstərişi ilə aparıldığını bəyan edib. Məlumata görə, İvanişvili hələ də Rusiyanın nəhəng şirkətində paya sahibdir. VMH-nın fikir və şübhələrini Gürcüstanın digər müxalif partiyaları da bölüşür. Qonşu ölkənin siyasi dairələrində və cəmiyyətdə Gürcüstanın ucuz başa gələn Azərbaycan qazının ölkədə daha baha və qeyri-sabit hesab edilən Rusiya qazı ilə əvəz etmək niyyətində olduğu haqda söz-söhbətlər dolaşır. VHM-nın üzvü, deputat Nuqzar Tsiklauri bu danışıqların siyasi prinsiplərlə aparıldığını bildirir: “Bu qərar iqtisadi arqumentlərdən məhrumdur, tam məntiqsizdir və siyasi xarakter daşıyır. Bu ölkənin iqtisadi təhlükəsizliyinin zəifləməsinə yönələn bir addımdır”. Onun həmkarı Zurab Melikişvili də bu gün ölkənin əlavə təbii qaza ehtiyacının olmadığını bildirir, ələxsus da Rusiya qazında. “Gürcüstan hər il 2 milyard kubometr qaz istehlak edir ki, bunun da 1 milyardı SOCAR-dan alınır. Bu borunun potensialı lazım gəlsə, daha bir kubometr qazla Gürcüstanı təmin edə bilər. Gürcüstan höküməti öz siyasi sabit və strateji partnyoru olan Azərbaycanla partnyorluqdan imtina edərək, iqtisadiyyatdan asılı olmayaraq siyasi mövqedən çıxış edən ölkə və şirkət ilə danışıqlar aparır”, - deyə Melikişvili öz fikrini ifadə edib. VHM ölkə prezidenti Georgi Marqvelaşvilini Milli Təhlükəsizlik şurasının təcili toplantısını keçirmək və indiki hakimiyyətin ölkəni hara apardığı sualını müzakirə etməyə çağırır. “Azad Demokratlar” partiyasında da Kaladzenin “Qazprom”la apardığı danışıqlardan narazıdırlar. Bu partiyada olan deputatlar da bunun Gürcüstan-Azərbaycan münasibətlərində mənfi kölgə salacağını düşünürlər. Deputat Viktor Dolidze məsələni şərh edərək Rusiyanın Gürcüstanı qazsız qoyduğu çətin zamanlarda məhz Azərbaycanın qonşu ölkənin köməyinə gəldiyini xatırladıb. Kaxa Kaladzenin “Qazprom”la danışıqlarda iqtisadiyyatı siyasətdə ayırdıqları haqda verdiyi bəyanatı şərh edən Dolidze qeyd edib ki, Rusiya Qərbə qarşı olduğu kimi qonşularına qarşı da siyasi iqtisadiyyat həyata keçirdiyini və enerji təminatı məsələlərini öz siyasi məqsədləri üçün istifadə etdiyini bildirib. “Qazprom”un Gürcüstana qayıtmasında heç bir məntiq görməyənlər arasında gürcü ekspert Roman Qosiridze də var. Onun sözlərinə görə, bu gün Gürcüstan ərazisindən ildə 7 milyard kubometr həcmində Şahdəniz qazı keçir. Gürcüstanın təkcə tranzit ölkə kimi əldə etdiyi pulsuz təbii qaz bu ölkənin demək olar ki “mavi yanacaqda” olan tələbatının yarısını ödəyir, digər hissəsini isə gürcülər Azərbaycan tərəfindən təklif olunan xüsusi qiymətlə alırlar. Gürcüstan hakimiyyətinin təmsilçiləri isə müxalifətin bu fikirləri ilə razı deyillər və “Qazprom”la danışıqlarda təəccüblü heç nə görmürlər. Ölkənin energetika nazirinin müavini İlya Eloşvili də nazir Kaladze kimi iqtisadiyyatı siyasətdən ayırmağa çağırır. Onun sözlərinə görə, hökümət Azərbaycan qazını Rusiya qazı ilə əvəz etməyə hazırlaşmır, sadəcə təbii qazın mənbələrinin şaxələndirilməsi üzrə iş aparır. Nazir Kaxa Kaladze Rusiya ilə bu münasibətlərin dünən və ya bu gün başlamadığını və gələcəkdə də qorunub saxlanılacağını bildirib. Kaladze qeyd edib ki, Gürcüstanın qaz üzrə əsas partnyoru Azərbaycan qalacaq, “Qazprom”la isə danışıqlar Rusiyadan əlavə qazın cəlb edilməsi üçün aparılır. Nazir Gürcüstanın qaz təchizatının şaxələndirilməsi üzrə digər istiqamətlərdə də fəal iş aparır və yeni istiqamətdən biri İrandır. Amma məsələ tək bununla bitmir. Ortada həmçinin regionun daha bir ölkəsi, işğalçı siyasətinə görə mühüm strateji layihələrdən kənarda qalan, Ermənistan da var ki, o da Gürcüstanın “Qazprom"la danışıqlarının bir səbəbidir. Kaladzenin sözlərinə görə, Brüsseldə keçirilən son görüşdə müzakirə mövzusu Rusiyadan Ermənistana göndərilən qazın həcminin artırılması olub. Əsas məqsəd Şimal-Cənub qaz borusunun maksimal dərəcədə yüklənməsidir ki, bu da Gürcüstana daha böyük həcmdə qaz əldə etməyə imkan verəcək. Qeyd edək ki, Gürcüstan Rusiya qazının Ermənistana ümumi tranzit həcminin 10%-ni götürür. Nəql edilən qazın həcmi nə qədər çox olsa, Gürcüstan bir o qədər tanzit həcmindən artıq pul alacaq. Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya səfərə gəlib. Qaribaşvilini Heydər Əliyev Beynəlxalq Hava Limanında energetika və sənaye naziri Natiq Əliyev qarşılayıb. Qarşılanma mərasimindən dərhal sonra Qaribaşvili prezident İlham Əliyevin qəbuluna yollanıb. Burada tərəflər iki ölkə arasındakı münasibətləri, o cümlədən energetika sahəsindəki əməkdaşlığı müzakirə ediblər. Baş nazirin Bakıya səfəri qəfil və əvvəlcədən planlaşdırılmayan səfər təəssüratını bağışlayır. Çünki əksər hallarda Azərbaycana səfər edəcək rəsmi şəxslərlə bağlı məlumatlar mətbuatda əvvəlcədən yazılır. Amma mətbuatda səfərlə bağlı heç bir məlumat getməyib. Səfər Gürcüstanın digər dövlətlərdən qaz alması barədə məlumatlar yayıldıqdan sonra baş tutur. Məlumdur ki, Gürcüstan Rusiya və İranla neft və qaz alışına dair müzakirələr aparır. Qarbaşvilinin Bakıya gizli səfəri başa çatsa da görünür regionda "qaz müharibəsi" hələ bir müddət davam edəcək. Geri dön |