Ana Sayfa > Xəbər > “Sərnişinləri düşürərəm ha....”

“Sərnişinləri düşürərəm ha....”


14-10-2015, 13:36. Yazar: admin
“Sərnişinləri düşürərəm ha....”
İctimai nəqliyyatın, xüsusən avtobusların idarəedilməsi sahəsində hökm sürən nizamsızlıq “Bakubus”-ın işə başlaması ilə qismən azalırsa, ümumilikdə nəqliyyat müfəttişlərinin qanunazidd, sərnişinlərin hüquqlarını pozan hərəkətləri insanların əsəblərini tarıma çəkməkdə davam edir. Faktdan çıxış edərək, Nizami və Xətai rayonları arasında hərəkət edən 12 saylı avtobusda yol gedən sərnişinlər oktyabrın 11-də belə bir özbaşınalığın şahidi oldular. Belə ki, Qara Qarayev metrostansiyasına çatmamış, sərnişinlər arasında “60-ın dayanacağı” kimi tanınan dayanacaqda sıralanan avtobusların qarşısına keçən marşrut avtobusunu nəqliyyat müfəttişləri həmən haqladılar: “Avtobusu niyə qanunsuz yerdə saxlamısan?” sorğusuna cavab olaraq sürücü: “dayanacaqda yer yox idi”- deyə yol hərəkəti qaydasını pozduğunu etiraf etdi. “Yol vərəqəni (putyovka) ver, yoxsa sərnişinləri avtobusdan düşürəcəyəm”- deyə nəqliyyat müfəttişinin kobud səsi eşidildi. Sürücü dil-ağız töksə də, ikinci müfəttişin cibinə 10 AZN bassa da xeyri olmadı, müfəttiş sürücünü sərnişinləri avtobusdan düşürəcəyi ilə hədələyərək nəhayət, yol vərəqini əldə edə bildi...
Təbii ki, sürücü yol hərəkəti qaydalarını pozursa cəzalanmalıdır. Hansı şəkildə? Bu Dövlət Yol Polisinin tələbləri və “Nəqliyyatın idarəedilməsi haqqında” qanundan irəli gələn qaydalar çərçivəsində həyata keçirilməlidir. Ancaq sürücü qaydaları pozacağı təqdirdə (bu cür hallar hər gün baş verir) bunun cəzasını sərnişinlər çəkməlidirmi? Nəqliyyat müfəttişinin səhər-səhər işə-gücə tələsən insanları avtobusdan düşürmək istəyi hüquqi baxımdan doğrudurmu? İctimai nəqliyyatda daşınan insanlara bu cür yanaşma hansı etik qaydalara sığır? Ümumiyyətlə, hansı hallarda sərnişinlər avtobusdan kənarlaşdırıla bilərlər?

Özbaşınalıq

Faktla bağlı söhbətləşdiyim ekspertlər belə vəziyyətdə nəqliyyat müfəttişlərinin hüququ pozduqlarını bildirirlər. Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli hesab edir ki, avtobus sürücüsü hər hansı qayda pozuntusu törətdiyi zaman sərnişinlərin nəqliyyat vasitəsindən düşürdülməsi qanuna zidd hərəkətdir. Belə ki, ictimai nəqliyyatı idarə edən sürücü hər hansı yol hərəkəti qaydalarına əməl etmədən, hərəkətin tələblərini pozursa, onun üzərində tənbehedici orqan yalnız Dövlət Yol Polisinin əməkdaşları ola bilər: “Tutaq ki, sürücü qırmızı işığın tələbinə cavab vermədən avtobusu idarə edirsə, yalnız DYP əməkdaşı onu saxlaya və haqqında tədbirlər görə bilər. Heç yol polisi əməkdaşının da icazəsi yoxdur ki, vətəndaşları avtobusdan düşürsün. Nəqliyyat Nazirliyinin kompetensiyasında olan nəzarət mexanizmi zamanı, sürücü həmin mexanizmə aid olan qaydaları pozmuş olarsa, nazirliyin əməkdaşı yalnız hərəkətin başlandığı andan marşrutun dayandığı nöqtədə yaxınlaşıb müəyyən tövsiyələrini verə, iradlarını bildirə bilər. Bu, həmin anda sürücünün işdən kənarlaşdırılması müqabilində ola bilməz. Yalnız sərnişindaşıma ilə məşğul olan şirkətin müvafiq strukturlarına məlumat verdikdən sonra həmin qurumun əməkdaşları sürücü haqqında hər hansı bir tədbiri həyata keçirə bilərlər. Yolun ortasında sərnişinləri düşürtmək, avtobusu xətdən çıxarmaq, sürücünü tənbeh etmək və nəqliyyatın hərəkətini dayandırıb yeni sürücü dəvət edilməsi halları tamamilə qanunsuzdur. Bu, istehlakçıların, sərnişinlərin hüquqlarının pozulmasıdır”. Ekspert məsləhət görür ki, sərnişinlər belə vəziyyətdə müvafiq strukturların qaynar xəttinə zəng vurub məlumat verməli və öz etirazlarını bildirməlidirlər.

Ekspert Ərşad Hüseynovun məsələyə münasibəti də həmkarının fikirləri ilə üst-üstə düşür. Belə ki, müvafiq vəziyyətə uyğun olaraq nəqliyyat vasitəsi xətdən, sürücü isə nəqliyyatın idarə olunmasından kənarlaşdırıla bilər: «Tutaq ki, avtobusda texniki nasazlıq yaranıb və ya sürücünün sürücülük vəsiqəsi yoxdur, o sükan arxasında sərxoşdur və s. belə hallarda həmin sürücü ilə avtobusun sonrakı hərəkətinə icazə verilə bilməz». Ekspert bildirir ki, bizim qanunvericilikdə bununla bağlı konkret maddə yoxdur: «Nazirlər Kabineti tərəfindən təsdiq olunan sərnişindaşıma və baqajdaşıma qaydaları var. Çox təəssüf ki, həmin qaydalarda bu sualın birmənalı cavabı yoxdur». Ə.Hüseynov hesab edir ki, belə vəziyyətdə çıxış yollarından biri avtobusun hərəkəti ilə bağlı deyil, sürücü ilə bağlı problem olacağı təqdirdə, dərhal ehtiyat sürücü gəlməli, ən azından avtobusu sonuncu dayanacağa qədər aparmalı və sərnişinləri mənzilbaşına çatdırmalıdır. Ancaq avtobusla bağlı problem varsa, həmin an daşıyıcı və ya nəqliyyat şirkəti həmin yerə dərhal ehtiyat avtobus göndərməlidir: «Avtobus sərnişinləri getdiyi ünvanlara çatdırmalıdır. Şəhərlərarası və ya rayonlararası daşımalarda bəlkə də bu cür hallar baş verir. Ancaq Bakıda sərnişindaşımada sərnişinləri yolda saxlayıb avtobusu cərimə meydanına aparmırlar. Ən yaxşı halda deyirlər ki, düşün, başqa avtobusa minin. Təbii ki, yol gedərkən avtobusdan sərnişinin düşürdülməsi qanunaziddir. Çünki sərnişin gediş haqqı ödəyir. Bu, istehlakçı hüquqlarıdır, belə olanda sərnişindən üzr istənilməlidir. Yeri gələndə sərnişin gedib məhkəmədə kompensasiya istəyə bilər. Bizim insanlar isə belə vəziyyətdə o qədər də dərinə getmirlər».

Sərnişinin hüququ

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı məsələyə münasibət bildirərək “Sürücü yol hərəkəti qaydalarını pozarsa, avtobus cərimə meydançasına aparılmalıdır” deyə qeyd etdi. Belə ki, əgər avtobusda sərnişinlər varsa, həmin avtobusu nəqliyyat müfəttişi müşayiət etməli və sərnişinləri sonuncu dayanacaqda düşürəndən sonra həmin avtobus cərimə meydançasına getməlidir. Nəqliyyat müfəttişlərinin «İnsanları avtobusdan düşürəcəyik» - deyə sürücünü hədələməsinə gəlincə, Ş. Mehmanqızı bildirdi ki, bu, işçilərin bəzilərinin öz vəzifəsinin məsuliyyətini tam dərk etməməsi ilə bağlıdır: «Bütün sahələrdə belələri var. O cümlədən, nəqliyyat sahəsində. Ola bilsin ki, nəqliyyat müfəttişi sürücünü qaydanı pozduğuna görə hədələyib ki, növbəti dəfə bu pozuntuya yol verilməsin”. Ş.Mehmanqızı qızı bildirdi ki, keçirdikləri reydlər zamanı avtobus sərnişinlərlə dolu olduğu zaman qayda pozuntusu yaranarsa, müfəttişlərdən biri həmin avtobusa təhkim edilir və nəqliyyat vasitəsi sonuncu dayanacağa qədər müşayiət olunur: “Avtobus cərimə meydançasına aparılırsa, onda xəttə olan avtobusların sayı azalır. Onda yenə də sərnişinlər intervalın böyüməsindən şikayət edirlər. Cərimələr olmayanda sürücü yenə qaydanı pozur. Ona görə sərnişinlərlə cərimələmə arasında bir qədər anlaşılmazlıq yaranır».

Hüquqşünas Ceyhun Cəfərli hesab edir ki, avtobus yalnız təxliyə məqsədilə saxlanıla və sərnişinlər düşürdülə bilər: «Belə ki, əgər avtobusda partlayıcı maddə varsa və ya maşın nasazdırsa həmin avtobus saxlanıla bilər. Və yaxud əgər sürücü sərxoşdursa o, başqa sürücü ilə əvəz olunmalıdır. Həmçinin avtobusun lisenziya müddəti bitibsə və ya sürücünün sürücülük vəsiqəsi yoxdursa, onda da cərimələr tətbiq olunur. Belə olanda sərnişindaşıma şirkətləri cərimələrə cəlb oluna, xətdən çıxarıla bilər. Hüquq prinsipindən yanaşanda, sərnişinlərin ictimai nəqliyyatdan düşürdülməsi düzgün deyil. Çünki xidmətdən rahat şəkildə istifadə etmək sərnişinin hüququdur və o, heç bir halda zərər görməməlidir”. Hüquqşünas hesab edir ki, hüquqları pozan sərnişin belə vəziyyətlə üzləşərsə məhkəmədə iddia qaldıra, DYP-yə şikayət edə bilər. Ümumiyyətlə, avtobus sürücüsünün pozduğu yol qaydasına və ya cəriməyə görə sərnişinin avtobusdan düşürülməsi hüquqa uyğun deyil».
Bütün hallarda sürücünü yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirməklə bağlı lazımı “qaydaları” əzbərləyən müfəttişlər, sərnişinlərlə davranma qaydalarına da əməl etməyi bacarmalıdırlar. Qanunvericilikdə yer tapmayan maddəni müfəttişlərin özləri üçün qanuna çevirməklərinə isə hələ ki, nə dövlətin sənədi yol verir, nə də etik qaydalar. Heç Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəsmisinin “bütün sahələrdə məsuliyyətsiz, peşəsinə bələd olmayan insanların olması” fikri də onlara haqq qazandırmır. Çünki özbaşınalığı təkcə sürücülər yaratmırlar...

Geri dön