Ana Sayfa > Xəbər > Qırğızıstanda seçki: hakim partiya 27 faiz səslə qalib gəldi

Qırğızıstanda seçki: hakim partiya 27 faiz səslə qalib gəldi


5-10-2015, 12:00. Yazar: admin
Qırğızıstanda seçki: hakim partiya 27 faiz səslə qalib gəldi
Qırğızıstanda ötən bazar günü keçirilmiş parlament seçkisində moskvayönlü prezident Almazbek Atambayevin Sosial-Demokrat Partiyası qalib gəlib.

Yeni parlamentə daha 5 siyasi partiyanın nümayəndələri seçiliblər.

Sosial-demokratlar seçicilərin 27 faizinin səslərini qazana biliblər.

İkinci yerdə olan millətçi Respublika Ata Yurt Partiyası səslərin 20 faizinə sahib olub.

Xarici agentliklərin xəbərlərində deyilir ki, əsasən regional xüsusiyyətlərinə görə bölünmüş siyasi partiyaların namizədləri konkret platformaya malik deyildilər.

Bununla belə, heç bir siyasi partiyanın parlament çoxluğu olmadığına görə ölkədə Rusiyaya rəğbətli koalisiya hökumətinin yaradılacağı gözlənilir.

Yeni hökumət ölkənin qarşısında duran dərin maliyyə-iqtisadi böhranla üzləşməli olacaq.

Qırğızıstanda inflayasiya artır, Rusiyada işləyən yüz minlərlə miqrantın evə göndərdiyi pullar azalır.

7 faizlik parlament üzvlüyü baryerini keçmiş qalan 4 partiya da Rusiya oriyentasiyalıdır.

Son nəticələrə görə, Onuquu (Tərəqqi) Partiyası 12 faiz, Bir Bol və Ata Meken partiyaları isə 10 faiz səsə sahib olublar.

Müşahidəçilər bildirirlər ki, Qırğızıstan avtoritar Mərkəzi Asiyada güclü parlamenti olan yeganə ölkədir.

Qırğız təhlilçilərdən Marat Kazakpayev AFP-yə deyib ki, “Biz müasir inkişaf etmiş demokratiyalar kimi seçki keçirməyə qabil olduğumuzu sübut etdik”.

Buna baxmayaraq, Kazakpayev yeni parlamentin tərkibindən narazıdır. Onun fikrincə, köhnə, korrupsiyalı elita hakim mövqeyini saxlayıb.

Seçkini ATƏT-in 300 müşahidəçisi izləyib. Təşkilat bu gün bəyanatla çıxış edəcək.

Geri dön