Ana Sayfa > Xəbər > "Azərbaycan altıncı ölkədir ki"...

"Azərbaycan altıncı ölkədir ki"...


1-10-2015, 11:30. Yazar: admin
"Azərbaycan altıncı ölkədir ki"...
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov parlamentin payız sessiyasının ilk iclasında Azərbaycan Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasındakı sazişlərin təsdiq edilməsi barədə qanun layihələrini şərh edib. Modern.az saytı deputatın həmin çıxışını təqdim edir:

“Müzakirənizə təqdim olunan “FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” və “FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” sazişlər 2015-ci il mayın 25-də Bakı şəhərində imzalanmışdır.

Bildiyiniz kimi, FAO, BMT-nin nüfuzlu ixtisaslaşdırılmış təşkilatlarından biridir. Əsas vəzifəsi əhalinin ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq, kənd təsərrüfatı istehsalı, meşə və balıqçılığın inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirməklə dünyada aclıqla, yoxsulluqla mübarizədə davamlı inkişafa nail olmaqdır.

Qeyd etmək lazımdır ki, FAO ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq mövcuddur və əlaqələrimiz son illər daha intensiv xarakter almışdır. FAO Azərbaycanda bir sıra layihələr həyata keçirir.

Xüsusi qeyd etmək istərdim ki, FAO bəzi başqa beynəlxalq təşkilatlardan fərqli olaraq Azərbaycanda həyata keçirilən tədbirlərə çox düzgün və obyektiv qiymət verməsi ilə seçilir. Belə ki, bu günlərdə (26 sentyabr) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və digər BMT üzvü olan bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təsis edilmiş Cənub-Cənub mükafatı ilə təltif edildi. Bu münasibətlə hörmətli Prezidentimizi təbrik edir, ona yeni uğurlar arzu edirik. Eyni zamanda qeyd etmək yerinə düşər ki, Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın FAO-nun qarşısında duran məqsədlərə nail olunmasında humanitar və ekologiya sahəsindəki səmərəli fəaliyyətinə görə bu nüfuzlu beynəlxalq təşkilatın Xoşməramlı Səfiri elan olunması bizdə qürur hissi döğurur.
Bu sazişlərin imzalanması da məhz, bu xoş niyyətlərdən irəli gəlir.

FAO-nun Ofisi dünyada cəmi beş ölkədə mövcuddur, Azərbaycan altıncı ölkədir ki, burada bu təşkilatın Ofisi yaradılır.

Sazişlər qüvvəyə minəndən sonra FAO Qərargahında Azərbaycanın mütəxəssislərinin, ekspertlərinin işləməsi üçün xüsusi kvota ayrılacaq. Təqribən 6 nəfər gənc FAO-nun Baş Qərargahında işləmək hüququ əldə edəcək. Eyni zamanda nəzərdə tutulur ki, FAO-nun buradakı Ofisində işləyəcək ekspertlərin böyük əksəriyyəti yerli mütəxəssislər olsun. Yəni, bu bizim potensialımızın güclənməsinə və gələcəkdə müvafiq bacarıq və vərdişlərin əldə edilməsinə də çox böyük bir töhfə verəcək.

Bilirsiniz ki, Azərbaycan artıq donor ölkəyə çevrilir. Tərəfdaşlıq Proqramı Sazişində də nəzərdə tutulub ki, Azərbaycan öz töhfəsini ilkin olaraq cəmi on milyon ABŞ dolları həcmində, hər il iki milyon olmaqla beş il müddətində qoyacaq və bu vəsait bilavasitə Azərbaycanda icra olunacaq layihələrə sərf ediləcək. Yəni, qoyulmuş vəsait Azərbaycanda faydanın əldə olunmasına yönəldiləcəkdir. Gələcəkdə isə bilavasitə donor funksiyasını FAO öz üzərinə götürəcək.

Ümumiyyətcə FAO-nun Bakıda yaradılacaq ofisi bu əlaqələrin inkişafına yeni təkan verəcək, ölkəmizdə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi və davamlı inkişafına köməklik göstərəcəkdir.

İndi isə icazənizlə hər iki Sazişin strukturu barədə sizə çox qısa şəkildə məlumat vermək istərdim.

“Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” sazişlə, tərəflər Bakı şəhərində FAO-nun Ofisinin təsis edilməsi və ölkəmizə texniki yardım göstərilməsi, Tərəfdaşlıq Proqramının hazırlanması razılığına gəlmişlər. Bu Saziş 18 maddə və “Hökumətin FAO-nun Tərəfdaşlıq və Əməkdaşlıq Ofisinə Töhfəsi” adlanan əlavədən ibarətdir.

Təqdim olunan ikinci, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Saziş 13 maddə, 57 bənd və “Razılaşma” adlanan qoşmadan ibarətdir.

Burada əməkdaşlığın əhatə dairəsinin prioritet sahələri müəyyən edilmişdir. Bunlara heyvan sağlamlığı və bitki mühafizəsi, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafına sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılması, kənd təsərrüfatı sahəsində təhsil, tədqiqat və məsləhət xidməti, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı üzrə siyasət və institusional çərçivənin gücləndirilməsi, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının artırılması məsələləri daxildir.

Hər iki sazişdə onun qüvvəyə minməsinin proseduru göstərilmişdir.

Təqdim olunan Sazişlər bu növ dövlət sənədlərinin tərtib olunma tələblərinə cavab verir.

Sazişlər haqqında Qanun layihələrinə Komitəmizdə baxılmış və təsdiq olunması məqsədəuyğun hesab edilmişdir”.

Geri dön