Ana Sayfa > Xəbər > Pensiya yaş həddinin artırılması nəyə hesablanıb? - DEBAT

Pensiya yaş həddinin artırılması nəyə hesablanıb? - DEBAT


29-09-2015, 15:46. Yazar: admin
Pensiya yaş həddinin artırılması nəyə hesablanıb? - DEBAT
Ölkə mediasında yayılan xəbərlərə görə, Dövlət Sosial Müdafiə Fondu yaxın vaxtlarda pensiya yaş həddini daha iki il qaldıracaq. Yəni hazırkı 63 yaş həddi 65–lə əvəzlənəcək. Bir çox iqtisadçı ekspertlər isə bunu neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirirlər.

Bəs belə olan təqdirdə əhalinin təqaüdçü elitasının bir hissəsi pensiyalardan məhrum olmayacaq ki? Yaş həddinin qaldırılmasının səbəbi nə ilə əlaqədardır? Bunun müsbət və mənfi tərəfləri hansılardır?

“Hafta.az-ın debatı” rubrikasında bu dəfə təqaüdçülərin son pensiya yaş həddinin artmasının müsbət və mənfi cəhətlərindən danışacağıq.

İqtisadçı ekspert Vüqar Bayramov Hafta.az-a açıqlamasında bildirib ki, burada əsas məqsəd vəsaitə qənaət etməkdir:

“Yəni bu, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə dövlət büdcəsi arasındakı asılılığın aradan qaldırılmasına hesablanmış bir addımdır. Yeni pensiya konsepsiyasına əsasən təqaüdün baza hissəsinin ləğv edilməsi, ümumilikdə pensiyaların ödənilməsinin büdcədən asılılığının aradan qaldırılması nəzərdə tutub. Ona görə də pensiya yaş həddinin mütəmadi olaraq qaldırılması ilə DSMF pensiya ilə bağlı büdcədən daha az vəsait almaq niyyətindədir. Bu konsepsiya neftin dünya bazar qiymətinin aşağı düşməsindən əvvəl qəbul edilib. Ona görə də yaş həddinin qaldırılmasını birbaşa neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirmək doğru deyil. Bütün bunlara rəğmən biz pensiya yaş həddinin artırılmasının tərəfdarı deyilik. DSFN-nin açıqlamalarında qeyd olunur ki, qurumda büdcədənkənar daxilolmaların yığılmasında problem yoxdur. Bu da onu deməyə əsas verir ki, neftin qiymətinin düşməsinə baxmayaraq, iş yerlərinin sayı azalmayıb. Bunu əsas götürərək sosial ödənişləri əvvəlki səviyyədə ödəmək mümkündür. Bunlara rəğmən pensiya yaş həddinin 2 yaş artırılması heç bir halda arzuolunan deyil”.

İqtisadçı ekspert Əli Əlirzayev isə Hafta.az-a açıqlamasında bildirib ki, orta ömür səviyyəsi əgər artmırsa, pensiya yaş həddinin qaldırılması da düzgün deyil:

“Ona görə ki, onların pensiya almaq imkanları azalır. Elə insanlar var ki, heç pensiya yaşına çatmadan dünyasını dəyişir. Amma həmin insanlar əmək qabiliyyəti olarkən uzun illər dövlət büdcəsinə pul köçürüblər. 63 elə yaxşı yaşdır, 65-ə qaldırılmasının tərəfdarı deyiləm. Orta ömür səviyyəsi 80 olsa qaldırmağa dəyər. Orta ömür səviyyəsi isə 75 yaşdır. Çalışıb orta ömür səviyyəsini qaldırmaq lazımdır. Bunun üçün də əhalinin yaxşı işi, dolanışacağı olmalıdır”.

Geri dön