Ana Sayfa > Xəbər > Nalbəndyan Məmmədyarovla şəxsi münasibətləri haqda nə deyib...

Nalbəndyan Məmmədyarovla şəxsi münasibətləri haqda nə deyib...


22-09-2015, 15:55. Yazar: admin
Nalbəndyan Məmmədyarovla şəxsi münasibətləri haqda nə deyib...
Ermənistanın xarici işlər nazirinin BBC-yə müsahibəsindən yeni epizod yayılıb.

Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın Avrasiya İttifaqı tematikası üzrə ixtisaslaşmış və Azərbaycan mövzusuna geniş yer ayıran “Eurasia Daily” agentliyi Ermənistan xarici işlər nazirinin BBC-nin rus xidmətində sentyabrın 14-də yayımlanmış müsahibəsinə istinadən Nalbəndyanın azərbaycanlı həmkarı Elmar Məmmədyarovla şəxsi münasibətləri haqda sitatını dərc edib.

“Mənim Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla şəxsi münasibətlərim tamamilə normaldır” - deyə Nalbəndyan bildirib.

Ermənistan xarici işlər nazirinin sözlərinə görə, diplomatik praktikada hətta ən kəskin, ciddi hərbi dövrlərdə belə tərəflər bir-birinə məktub göndərəndə komplimentlə başlayıb komplimentlə bitirirlər.

“Bu, diplomatik dil və dipolomatik praktikadır. Şəxsi münasibətlər də bu cür olmalıdır. Əgər kimsə bu qaydaya əməl etmirsə, sadəcə olaraq diplomat deyil”- Nalbəndyan müxbirin sualına cavab olaraq deyib.

“Bu baxımdan mənim azərbaycanlı nazirlə şəxsi münasibətlərim də tamamilə normaldır. Bizim görüşmək, danışmaq, hərdən kəskin məsələləri açıq müzakirə etmək problemimiz yoxdur. Şəxsi münasibətlər normaldır. Mən hesab etmirəm ki, görüşəndə bir-birimizə yumruq göstərməliyik”- deyə Ermənistan xarici işlər naziri əlavə edib.

Qeyd edək ki, Nalbəndyanın müsahibəsinin stenoqramının BBC-nin rus xidmətinin saytında dərc edilmiş versiyasında onun Azərbaycan xarici işlər naziri ilə şəxsi münasibətlərinə dair epizod yer daha qısaldılmış və ümumi formada yer alır. Saytda müsahibənin həmin hissəsi bu cür verilib:

BBC: - O qədər də diplomatik olmayan sual. Aralarındakı münasibətlər belə desək, heç də çox səmimi olmayan ölkələrin xarici işlər nazirləri görüşəndə belə görüşlər necə keçir?

E.Nalbəndyan: - Diplomatik praktikada hətta ən kəskin hərbi dövrlərdə belə bir-birinə məktub yazanda komplimentlə başlayırlar. Bu, diplomatik praktikadır, diplomatik dildir. Əgər kimsə bu qaydaya əməl etmirsə, sadəcə olaraq diplomat deyil. Bizim azərbaycanlı nazirlə normal münasibətlərimiz var, görüşmək və ya söhbət etmək baxımından problemimiz yoxdur. Əsas odur ki, diplomat başa düşsün - problemləri həll etmək olar və lazımdır.

Geri dön