Ana Sayfa > Xəbər > Yüksək faiz, sıfır etibar

Yüksək faiz, sıfır etibar


17-09-2015, 15:04. Yazar: admin
Yüksək faiz, sıfır etibar
Fevral ayında baş vermiş devalvasiyadan sonra banklardan kredit götürmək də çətinləşib. Ona görə də əhalinin bir çoxunun pul üçün üz tutduğu yeni ünvan lombardlardır. Lakin arayış tələb etməyən və tez bir zamanda pul götürə biləcəyimiz lombardlar sonradan bizim üçün problem də yarada bilir. Ən böyük problemi isə bu ayın əvvəlində bir qrup insan yaşadı. Belə ki, lombarddan pul götürən bir qrup insan sonradan girovlarını qoyduqları lombardın yerində olmadığını görüblər.
Əslində lombardlarda insanların aldadılması halları ilə bağlı məlumatlar çox olur. Nə qədər problemlər eşidilsə də, əhali asan olduğu üçün məcburən lombardlara müraciət edir. Narazılıqlar, problemlər isə getdikcə daha da çoxalır. Bu da onu göstərir ki, lombardlar nəzarətdən kənardadır. Bəs bu sahəyə nəzarət mexanizmi necədir? Bununla bağlı qəzetimizə açıqlama verən iqtisadçı Samir Əliyev bildirdi ki, lombardların yeganə üstünlüyü qısa müddətdə pul əldə etməkdir. Qalan cəhətlərinə görə isə lombard vətəndaşlara heç bir üstünlük vəd etmir: “İstehlak kreditlərinin şərtlərini Mərkəzi Bank ağırlaşdırdığına görə insanlar lombardlara üz tutmağa başladılar. Lombardların banklarla müqayisədə üstünlüyü ondan ibarətdir ki, qısa müddətdə pulu əldə etmək olur. Yeganə üstünlüyü budur. Qalan məsələlərdə banklara uduzur. Faiz dərəcəsi az qala banklarla müqayisədə iki dəfə çoxdur. Banklarda aylıq 2,5-3 faizdirsə, lombardlarda bu, 5-6 faizdən də çoxdur. Girov aşağı qiymətlə götürülür, geri qaytarılmasında müəyyən problemlər ortaya çıxa bilir. Əhalinin hüquqlarının kütləvi şəkildə pozulması halları təəssüf ki, baş verir”.

İqtisadçı deyir ki, lombardlarla bağlı problemlərin yaşanmasının iki əsas səbəbi var. Onlardan birincisi, qanunvericilikdə bu sahə ilə bağlı boşluqların olmasıdır: “Birinci səbəb qanunvericilikdən qaynaqlanır. Bu gün Azərbaycanda lombardların fəaliyyətini tənzimləyən hər hansı qanun yoxdur. Yeganə olaraq Mülki Məcəllədə lombardlarla bağlı qısa məlumat var. Bu isə yetərli hesab oluna bilməz və lombardların fəaliyyətini tənzimləmir. Amma bankların, bank olmayan kredit təşkilatlarının, sığorta şirkətlərinin fəaliyyəti ayrıca qanunla tənzimlənir. Amma lombardların fəaliyyətini tənzimləyən bir qanun yoxdur. Bu da o deməkdir ki, istənilən şəxs lombard açıb, bu sahə ilə məşğul ola bilər. Bu hal da onu göstərir ki, bu sahə tamamilə diqqətdən kənarda qalıb. Ona görə də burada da ayrıca qanunun qəbul edilməsinə ehtiyac olduğunu düşünürəm”.

S.Əliyevin sözlərinə görə, lombardlardan narazılığın artmasına səbəblərdən biri də nəzarət mexanizminin olmamasıdır: “Baş verən problemlər göstərir ki, lombardların fəaliyyəti bu gün nəzarətsizdir. Çünki bu, lisenziyalaşdırılmamış bir fəaliyyət növüdür. Əvvəllər lisenziya tələb olunsa da, sonradan ləğv olunub. Lisenziyalaşdırılmış fəaliyyətə bir qayda olaraq lisenziyanı verən təşkilat nəzarət edir. Banklara lisenziyanı Mərkəzi Bank verdiyi üçün o da nəzarət edir. Sığorta şirkətlərinə Maliyyə Nazirliyi lisenziya verir. Nəzarəti də onlar aparır. Amma lombardlara lisenziya verən qurum olmadığı üçün nəzarət edən də yoxdur. Ona görə də həm qanunvericilikdəki boşluq, həm də nəzarətin olmaması bu gün lombardların özbaşına fəaliyyətinə gətirib çıxarır. Nəticə də göz qabağındadır. İnsanların hüquqlarının bu məsələ ilə bağlı tez-tez pozulması hallarına rast gəlinir”.

İqtisadçı deyir ki, dünya təcrübəsinə əsasən, lombardların fəaliyyətindən istifadə edən ölkələr var. Lakin həmin ölkələrdə lombardların fəaliyyətini tənzimləyən ayrıca qanun var: “Məsələn, Rusiyada lombard sistemindən istifadə olunur. Amma orada lombardların fəaliyyəti ayrıca qanunla tənzimlənir. Bir sıra ölkələrdə lombardların fəaliyyəti bank qanunvericiliyinə daxil edilib və banklar kimi onlara da nəzarət edilir. Bütün hallarda lombardlara nəzarət mexanizmi olmalıdır. Eyni zamanda, lombardların fəaliyyətinə dair standartlar, normativ aktlar olmalıdır. Həm də lombardlarla müştərilər arasında münasibətləri tənzimləyən qanunvericilik aktının da olmasına ehtiyac var. Bunların heç biri bizdə yoxdur. Ona görə də bu sahə ilə bağlı insanların hüququ pozulursa, onların müraciət edəcəkləri ünvan məhkəmələr olacaq. Məhkəmələr isə uzun proses, əlavə xərc deməkdir. Nəticəsinin isə necə olacağını bilmək olmur. Proses qanunla tənzimlənəndə artıq lombardlar göstərdikləri xidmətləri qanun çərçivəsində görməyə çalışacaqlar”.

Millət vəkili Vahid Əhmədov da əhalini lombardlara müraciət edərkən ehtiyatlı olmağa çağırır: “Son vaxtlar bank sistemində müəyyən problemlər olduğu, manat devalvasiyaya uğradığı üçün kredit götürmək məsələsi bir az çətinləşmişdi. Ona görə də lombardlara müraciət edənlərin sayı xeyli dərəcədə çoxalıb. Lombardlarda hüququ pozulanlarla bağlı mənə də məlumatlar, müraciətlər daxil olur. Lombardlar böyük şirkət deyil ki, onların harasa köçürülməsi ilə bağlı problemlər olsun. Kiçik obyektlər olduğu üçün istənilən vaxt ünvanlarını dəyişə bilirlər ki, bundan da əhali əziyyət çəkir. Yaxud bu sahədə müəyyən problemlər olur və insanlar aldadılırlar. Ona görə də insanlar lombardlara müraciət edərkən ehtiyatlı olmalıdırlar. Lombardlarla ciddi müqavilə imzalanmadığı üçün əhalinin qoyduğu girov da təhlükə qarşısında olur. Bu işlər daha çox etibar əsasında həyata keçirilir”.

Millət vəkili qanunvericilikdə lombardlarla bağlı hər hansı boşluğun olduğunu düşünmür. Bildirir ki, lombardlarla bağlı hər hansı qanunun qəbul edilməsinə də ehtiyac görmür.

V.Əhmədov onu da bildirdi ki, vətəndaşlar tanımadıqları bir lombarda girov qoyub pul götürməkdənsə, bankların təqdim etdikləri lombard kreditlərindən yararlansalar, daha yaxşı olar. Çünki banklarda bütün fəaliyyət qanunla tənzimlənir: “Lombard krediti verən banklar da var. Lombardlara nisbətən banklar oturuşmuş bir sistemdir. Verilən bütün kreditlər qanunla sənədləşdirilir. Bu, girovların etibarlı əllərdə olması deməkdir və vətəndaş da arxayın olur ki, pulunu qaytarıb girovu geri götürə biləcək. Lombardlar isə özəl təşkilatdır. Ədliyyə Nazirliyində qeydiyyatdan keçib VÖEN alırlar və fəaliyyət göstərirlər. Ona görə də qanuni səviyyədə olan daha etibarlıdır”.

Geri dön