Ana Sayfa > Xəbər > DSK deputatlığa namizədi qanunları pozmaqda İTTİHAM EDİR

DSK deputatlığa namizədi qanunları pozmaqda İTTİHAM EDİR


15-09-2015, 15:57. Yazar: admin
DSK deputatlığa namizədi qanunları pozmaqda İTTİHAM EDİR
D18 Hərəkatı başqanı Ruslan İzzətli Dairə Seçki Komissiyasında onu haqda haqsız qərarın çıxarıldığını bildirib.

Hafta.az-ın verdiyi xəbərə görə, Dairə Seçki Komissiyası 33 saylı Xətai I seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürmüş R.İzzətlinin vaxtından tez təbliğat kampaniyasına başladığını elan edib.

Qərarda Seçki Məcəlləsinin 19.4-cü, 34.3-cü, 53-cü, 75.2-ci, 113-cü, 113.2.2-ci, 144-cü və 146-cı maddələri əsas tutularaq R.İzzətlinin təyin edilmiş vaxtdan öncə təbliğat və təşviqat işləri apardığı iddia edilir və bu işlərin dərhal dayandırılması, seçicilər üçün olan çağırış materiallarının yığışdırılması ilə bağlı tələb irəli sürülüb.

R.İzzətli isə DSK-nın qərarının heç bir əsası olmadığını bildirib. Onun sözlərinə görə sosial şəbəkədə namizədliyini irəli sürdüyü ərazidə namizədin müdafiəsi üçün imza toplamaq istəyən könüllülərin seçki qərargahı ilə necə əlaqə saxlaya biləcəkləri barədə məlumat qeyd edilib:

“Burada hansısa təbliğat və təşviqatdan söhbət gedə bilməz. Yəni səhifədə sadəcə olaraq həmin ərazidə namizədin müdafiəsi üçün imza toplamaq istəyən könüllülərin seçki qərargahı ilə necə əlaqə saxlaya biləcəkləri barədə məlumat vermişik.

DSK haqqımda qərar verərkən qanunun tələblərinə əməl etməmiş və iclas barəsində mənə hər hansısa bir məlumat verməyib. Seçki Məcəlləsinin tələblərinə əsasən bizə həmin iclasda dəlillər təqdim etmək hüququ da tanınmayıb. Mən Seçki Məcəlləsinin tələblərini pozduğuma dair iddiası qeyd edilən qərarla yalnız bir gün sonra xəbər tuta bilmişəm.

Bütün baş verənlər mənə seçki komissiyasının və onun üzvlərinin Seçki Məcəlləsinin 17.6-cı maddəsinin tələblərinə əməl etmədiyini deməyə əsas verir. 33 saylı DSK-nın bu yanaşması və qərarında 113.2.2-ci maddəyə istinad etməsi, məndə namizədliyimin qeydə alınmasından imtinanın qabaqcadan hüquqi əsaslarını formalaşdırmaq istəyindən irəli gəldiyinə dair şübhə yaratmağa əsas verir”.

R.İzzətli MSK-nın sədri Məzahir Pənahovdan Dairə Seçki Komissiyasının müvafiq qərarının ləğv edilməsini və qanunu pozan şəxslərə qarşı adekvat cəza verilməsi haqda qərarın qəbul edilməsini xahiş etdiyini bildirdi.

Geri dön