Ana Sayfa > Xəbər > Azərbaycanın milli maraqlara söykənən, müstəqil siyasət kursu var
Azərbaycanın milli maraqlara söykənən, müstəqil siyasət kursu var1-04-2015, 15:47. Yazar: admin |
Təxminən iki ay sonra ölkəmiz beynəlxalq əhəmiyyətli daha bir tədbirə ev sahibliyi edəcək. İyun ayının 12-28-də Azərbaycanın paytaxtı Bakı şəhərində ilk Avropa Oyunları keçiriləcək. Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatının da dəstək verdiyi Avropa Oyunları bir çox innovativ idman növünü özündə cəmləşdirir. Dünya tarixində ilk dəfə paytaxt şəhərimizdə reallaşacaq Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının yarışacağı gözlənilir. Təbii ki, bu, Azərbaycanın müsbət beynəlxalq imicinin formalaşması, ölkədə idmanın və turizmin daha da inkişafı baxımından olduqca əhəmiyyətli addımdır. Lakin buna baxmayaraq, Bakıda keçirilən “Eurovision-2012” beynəlxalq musiqi yarışmasında olduğu kimi, Avropa Oyunları ərəfəsində də bəzi xarici dairələr, beynəlxalq təşkilatlar Azərbaycan əleyhinə təbliğata başlayıblar. Avropa Oyunlarının siyasi əhəmiyyəti, beynəlxalq təşkilatların və bir sıra xarici qüvvələrin bu tədbiri gözdən salmaq cəhdi, ölkəmizə qarşı aparılan qərəzli kampaniya və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını millət vəkili Çingiz Qənizadə cavablandırır. - Çingiz müəllim, iyun ayında Bakıda ilk Avropa Oyunları keçiriləcək. Avropanın 47 ölkəsindən yalnız Azərbaycana etibar olunan bu beynəlxalq idman tədbirinin reallaşması ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna necə təsir edəcək? - Şübhəsiz, çox böyük müsbət təsir göstərəcək. Beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən 2012-ci ildə “Eurovision”, 2015-ci ildə Avropa Oyunları kimi mədəni və idman yarışlarının Bakıda keçirilməsi on minlərlə xarici vətəndaşın Azərbaycandakı reallıqları əyani şəkildə görməsinə imkan yaradıb və yaradacaq. Televiziya vasitəsilə milyonlarla tamaşaçıda isə Azərbaycan barədə real təsəvvür formalaşacaq. Bununla yanaşı, idman tədbirləri hər zaman dostluq və sülh rəmzi olub. Bu tədbirin keçirilməsi ilə Azərbaycan özünün dini tolerantlığını, müstəqil və sülhsevər ölkə olduğunu, bugünkü inkişafının reallıqlarını beynəlxalq aləmə bir daha göstərə biləcək. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da beynəlxalq əhəmiyyətli tədbirlərin uğurla həyata keçirilməsi yalnız müsbət imic formalaşdıracaq. Bəziləri bu tədbirləri gözdən salmaq üçün çəkilən xərclərin böyüklüyündən, tikilən yeni idman arenalarına nahaq yerə vəsait ayrılmasından, bunların ölkəmizə heç bir fayda verməyəcəyindən danışırlar. Belə fikir sahibləri dar düşüncəli insanlardır. Tam əminliklə deyə bilərəm ki, istənilən halda ev sahibliyi etdiyimiz bu tədbirin xərcini çəkməyə dəyər. Əvvəla, idman yarışları sona çatandan sonra bütün tikilən yeni obyektlər Azərbaycan xalqına qalacaq. Ölkə vətəndaşları bundan sonra o obyektlərdən istifadə edə biləcəklər. Eyni zamanda yeni obyektlərin tikilməsi gələcəkdə keçiriləcək idman yarışları üçün mükəmməl baza rolunu oynayacaq. Bu nöqteyi-nəzərdən, ölkədə qurulan, tikilən nə varsa, hamısı bu xalqın, bizim gələcək nəsillərindir. Belə olan halda, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlərə, bundan irəli gələrək tikilən yeni obyektlərə, quruculuq işlərinə kölgə salmaq qətiyyən düzgün deyil. - “Eurovision-2012” musiqi yarışması öncəsi olduğu kimi, paytaxtımızda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində də bəzi xarici qüvvələr Azərbaycan əleyhinə təbliğata başlayıblar. Sizcə, buna səbəb nədir? - Azərbaycan Prezidenti ölkəmizin xarici və daxili siyasətini həyata keçirərkən dövlətçiliyə, milli maraqlara söykənir. Bəzi hallarda bu siyasət bir sıra Qərb dövlətlərini, həmçinin onların nəzarətində olan beynəlxalq təşkilatları qane etmir. Məhz buna görə də daim onlar Azərbaycan barədə mənfi fikirlər formalaşdırılmağa çalışırlar. Bir çox hallarda buna rəvac verənlər arasında yerli QHT-lərə və hüquq müdafiəçisi adı altında çalışan insanlara da rast gəlinir. Sanki bu insanlar xarici qüvvələrlə əlbir olub ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqda ortaq mövqedən çıxış edirlər. Konkret olaraq ölkə daxilindəki bəzi QHT sədrləri və radikal müxalifətə yaxın olan şəxslər belə fikirlər formalaşdırırlar. Əgər hansısa QHT xaricdən maliyyələşirsə, belə halda sifarişi verən maliyyə verən qurum olacaq. Həmin sifarişçi qurumlar da Azərbaycanın uğurlarını həzm etməyən xarici qüvvələrdir. Belə bir addım atmaqla, onlar Azərbaycana siyasi təzyiq etmək niyyəti güdürlər. Bu barədə ölkə başçısı İlham Əliyev Novruz bayramı şənliyində çıxış edərkən açıq şəkildə bəyan etdi ki, Azərbaycanda iqtidarla xalq arasında möhkəm birlik var. O, bundan sonra da müstəqilliyin, xalqın rahat yaşamasının təmin ediləcəyini bildirdi. Dövlət başçısı dedi ki, Azərbaycan gücləndikcə, müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir, ölkəmizə təzyiqlər artır, müxtəlif təzyiq mexanizmləri işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Bu kampaniyanın əslində heç vaxt dayanmadığını da diqqətə çatdıran Azərbaycan Prezidenti onu da əlavə etdi ki, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır. Çox təəssüf olsun ki, bizim bəzi QHT-lər bu reallıqları görmək istəmirlər. Onlar 5-10 manat pul müqabilində xarici qüvvələrin sifarişlərini can-başla yerinə yetirir, ölkəmizin imicinə zərbə vururlar. Unutmamalıyıq ki, biz müxalifətçi, hüquq müdafiəçisi, QHT sədri, partiya sədri olmazdan öncə Azərbaycan vətəndaşlarıyıq. Bu ölkənin adına xələl gətirə biləcək istənilən hadisə bir vətəndaş kimi hər birimizi narahat etməlidir. Əcnəbi qüvvələrin məkrli niyyətlərinə qarşı hər birimiz etiraz etməli, bunun reallaşmasına imkan verməməliyik. Yalnız bundan sonra öz fəaliyyətimizi ölkə daxilində həyata keçirə, mövcud problemləri öz aramızda həll edə bilərik. Yaxşıları görmədən, hər şeyi pisə yozmaqla, maliyyə yardımı aldığımız xarici qüvvələrin sifarişini yerinə yetirməklə sağlam məntiqli vətəndaş olmaq qeyri-mümkündür. Hər bir kəs üçün öncə Vətən, ardınca həqiqət və ictimai-siyasi fəaliyyət önəmli olmalıdır. Eyni zamanda ölkə qanunlarına hörmətlə yanaşmaq da hər bir vətəndaşın ümdə vəzifəsi olmalıdır. - Hadisələrin gedişini diqqətlə izləsək görərik ki, Azərbaycanda insan hüquq və azadlıqlarının tapdandığını, azad cəmiyyətin olmadığını iddia edən bəzi beynəlxalq və yerli təşkilatlar Avropanın mərkəzində, ABŞ-da həqiqətən mövcud olan zorakılıqlara, kütləvi həbslərə göz yumur, bu barədə danışmağa üstünlük vermirlər. Prezident İlham Əliyevin təbirincə desək, bizi olmayan hadisələrdə gunahkar bilən həmin o QHT-lər niyə susurlar, nə üçün öz səslərini ucaltmır, həmin ölkələri qınaq obyektinə çevirmirlər? - Ölkə başçısı İlham Əliyev də haqlı olaraq həmin beynəlxalq təşkilatlara səslənir ki, ədalətli olsunlar, reallığı olduğu kimi deməyə cürətləri çatsın. Heç uzağa getmədən, hamıya bəlli olan bir faktı xatırlatmaq istəyirəm. Avropa Mərkəzi Bankının 1,4 milyard dollarlıq mənzil-qərargahının açılışına etiraz olaraq, martın 18-də Almaniyanın Frankfurt şəhərində “Kapitalizmə ölüm! Yaşasın sosializm!” şüarı altında aksiya keçirilirdi. Polisin bu aksiyaya müdaxiləsi nəticəsində dinc mitinq kütləvi iğtişaşa çevrildi. Almaniya polisi dəyənəklər, su püskürdən maşınlar və gözyaşardıcı qazdan istifadə etməklə aksiyanın qarşısını aldı. Nəticədə 500-dən çox aksiya iştirakçısı polis tərəfindən saxlanıldı, həbs edildi, hətta 100 nəfərə yaxın aksiya iştirakçısı müxtəlif dərəcədə xəsarət aldı, qazdan zəhərləndi. Amma nədənsə, Azərbaycanın hansısa vətəndaşının hüququnun pozulmasını, yaxud polisin haqlı tələbinə tabe olmayan, qanunları kobud şəkildə pozan birisinin məsuliyyətə cəlb edilməsini əlində bayraq edib bunu ölkəmizə qarşı təbliğat vasitəsinə çevirənlər Almaniyada baş verənlərə əhəmiyyət vermədilər, orada yaşanan zorakılığa, kütləvi həbslərə göz yumdular. Həmin beynəlxalq təşkilatlar Avropanın göbəyində baş verən bu hadisələrin gedişini izləsələr də, bunu ictimailəşdirmək, qabartmaq istəmirlər. Yaxud ABŞ-ın ştatlarında milli, dini, irqi zəmində baş verən hadisələri götürək. Qaradərili insanlar polis zorakılığı nəticəsində öldürülür, insan üçün ən böyük hüquq sayılan yaşamaq hüququndan məhrum edilirlər. Bu faktlar ABŞ-dakı qeyri-stabilliyin göstəricisidir. Elə bu kimi hadisələrə görə Nyu-Yorkda, eləcə də ABŞ-ın digər şəhərlərində sərbəst gəzmək çox qorxuludur. Əgər bizi hər addımda nədəsə günahkar bilən beynəlxalq təşkilatlar öz fəaliyyətlərində səmimidirlərsə, bu haqsızlığa nə üçün göz yumurlar? Azərbaycanda isə sabitlik, əmin-amanlıq var. İstənilən vətəndaş, istənilən əcnəbi rahat şəkildə Azərbaycanda yaşaya, gəzib-dolaşa bilər. Burada hər bir kəsin azadlıqları qanun çərçivəsində qorunur, dövlət başçısının da vurğuladığı kimi, Azərbaycanda azad cəmiyyət var, inkişaf və tərəqqi var. Təbii ki, bu reallıqları görüb qəbul edənlərlə yanaşı, uğurlarımıza şərik çıxmayan, buna qısqanclıqla yanaşanlar da var. Belələrinin qeyri-obyektiv mövqeyi, haqsız iradları isə qərəzdən, təzyiq vasitəsindən, ikili standartlardan başqa bir şey deyil. - Siz təzyiq vasitəsindən danışdınız. Belə təzyiqlərlə xarici qüvvələrin nə isə əldə etməsi mümkündürmü? - Beynəlxalq təşkilatların, yaxud da hansısa xarici ölkənin Azərbaycana yönəlik təzyiq və təhdidləri əhəmiyyətsizdir. Azərbaycanın milli maraqlara söykənən, müstəqil xarici və daxili siyasət kursu var. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hər hansı təzyiq və təhdid Azərbaycanı bu siyasi kursdan, bu yoldan döndərə bilməz. Ölkə başçısı ən yüksək tribunalardan bu bəyanatı bütün dünyaya çatdırıb. Biz vətəndaşlar da dövlət rəhbərinin ətrafında sıx birləşərək, bu kursun reallaşmasına gücümüz çatan şəkildə dəstək verməliyik. Bədnam xarici qüvvələr çox arzulayarlar ki, Azərbaycanın müstəqil siyasətini, cənab Prezidentin bu istiqamətdə reallaşdırdığı siyasi kursu dəyişdirsinlər. Yaxud onlar istəyərlər ki, Azərbaycanı Ermənistan kimi qoltuqaltı bir dövlətə, oyuncaq hökumətə çevirsinlər. Bununla yanaşı, xarici qüvvələr Azərbaycanı Gürcüstan kimi tez-tez hakimiyyət dəyişikliyi olan, Ukrayna kimi münaqişə meydanına çevrilən bir ölkəyə də çevirməkdə maraqlıdırlar. Bu niyyətləri bir araya gətirəndə belə fikir yürütmək olar ki, xarici qüvvələr, həmin o beynəlxalq təşkilatlar Cənubi Qafqazda güclü, qüdrətli, stabil Azərbaycan dövlətini görmək istəmirlər. Əgər biz xarici qüvvələrin sifarişləri ilə oturub-dursaq, ölkəmizin Dağlıq Qarabağ problemi də, siyasi-iqtisadi siyasətimiz də ermənilərin maraqlarına uyğunlaşdırılacaq. Ona görə də ölkə başçısı Azərbaycanın müstəqil ölkə olduğunu, yalnız milli maraqlara söykənən müstəqil siyasət yürütdüyünü, dostluq-əməkdaşlıq etmək niyyətində olan digər ölkələrə də açıq olduğunu bəyan edir. Bəzən bizi sevməyən xarici ölkələrlə də beynəlxalq münasibətlər kontekstində əməkdaşlıq edir, bununla onların yatmış vicdanlarının oyanacağına ümid bəsləyirik. Lakin hadisələrin gedişində biz bunun əksini müşahidə edirik. Hər bir halda, təzyiq və təhdidlərlə heç bir dövlət və ya beynəlxalq təşkilat Azərbaycandan nə isə əldə edə bilməyəcək. Geri dön |