Ana Sayfa > Xəbər > “Azdrama”nın yeni rəhbəri: “Yararsız tamaşalar da var”
“Azdrama”nın yeni rəhbəri: “Yararsız tamaşalar da var”11-09-2015, 16:26. Yazar: admin |
“Mənim işə başladığım dövrdə İlham Əsgərov dünyasını dəyişdi. Onu yaxşı, istedadlı insan kimi tanıyırdım. Ölümündən iki gün əvvəl görüşüb söhbətləşmişdik. Onun ölümündə İsrafil İsrafilovun günahkar sayılması fikri ilə razı deyiləm. İlham onsuz da xəstə idi; hətta mən “Hamlet” tamaşasını hazırlayanda da mənə demişdi ki, şəkər xəstəsidir”. Virtualaz.org saytı xəbər verir ki, bu sözləri Akademik Milli Dram Teatrına yeni təyin olunmuş bədii rəhbəri Azərpaşa Nemətov bu gün keçirdiyi ilk mətbuat konfransında deyib. Fəaliyyəti dövründə görəcəyi işlərdən danışan bədii rəhbər teatrda son günlər yaşanan gərginliyə də münasibət bildirib. A.Nemətov bir neçə gün əvvəl vəfat edən xalq artisti İlham Əsgərovun vida mərasimi keçirilməməsi barədə də danışıb: “Aktyorun dəfnində nazir, nazir müavini, mən və teatrın direktoru iştirak etdik. Buradan dəfn mərasimi üçün Masallıya getdik. Vida mərasiminin keçirilməməsinə gəlincə isə teatrın bir çox aktyorları öz evindən götürülərək son mənzilə yola salınıb. Məsələn, Telman Adıgözəlov, Hamlet Qurbanov, Səməndər Rzayev, Əliağa Ağayev və s. Biz planlaşdırırq ki, İlham Əsgərovun 40 mərasimi ərəfəsində teatrda onun anım mərasimini keçirək”. A.Nemətov teatrda intizam məsələsinə də toxunub: “Dünyanın elə bir teatrı yoxdur ki, orda nizam-intizam olmasın. Bundan sonra da çalışacağıq ki, bizim teatrda intizam məsələlərinə ciddi baxaq. Aktyor heyətinin potensialını qaldırmaq istəyirəm. Qabaqlar yalnız öz tamaşalarıma cavabdeh idim. İndi isə bütün tamaşalara cavabdeh olmalıyam. Bu teatrda yararlı tamaşalar da var, yararsız tamaşalar da. Yararsız tamaşaları repertuardan çıxaracağıq. O da ola bilər ki, vaxtilə oynanılan yaxşı tamaşaları bərpa edək. Məsələn, “Hamlet” tamaşam repertuardan çıxarılıb. Elə tamaşa tarixdə olmayıb. Başa düşmürəm ki, onu niyə indi oynamırlar?” Bədii rəhbər teatrın əksər aktyorları ilə görüş keçirdiyini də vurğuladı: “İstəyirəm ki, aktyorlar öz dərdini, problemini mənə rahatlıqla desinlər. 50-ə yaxın aktyorla görüşmüşəm, qalanları ilə də görüşəcəm. Nə problemləri olacaqsa, mənə deyəcəklər, çalışıb həll edəcəyəm”. Geri dön |