Ana Sayfa > Xəbər > Səyyad Aran gürcü rəsmilərə məscid qapısına asılan donuz başını xatırlatdı
Səyyad Aran gürcü rəsmilərə məscid qapısına asılan donuz başını xatırlatdı8-09-2015, 18:04. Yazar: admin |
“Telekanalda nümayiş olunan video-çarxın bu qədər şişirdilməsinə ehtiyac duymuram”. Bunu Modern.az saytına Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran böyüməkdə olan kilsə qalmaqalına münasibət bildirərkən deyib. Onun fikrincə, bu, sadəcə görüntüdür və onu çəkənlərin fantaziyasıdır: “Burada heç bir dövlətin, dinin təhqir olunmasından söhbət gedə bilməz. Bu nə Azərbaycan dövlətinin, nə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, nə də Qafqaz Müsəlmanları İdarəsinin mövqeyidir. Sadəcə, çarxdır və bunu gündəm mövzusu etməyə lüzum görmürəm”. Səyyad Aran belə mövqe sərgiləyən Gürcüstan rəsmilərinə məscid qapısına asılan donuz başını xatırladıb: “Gürcüstanda Azərbaycan məscidinin qapısına donuz başı asmışdılar. Biz bunu yaramaz, cahil, dinə hörmət etməyən adamın hərəkəti kimi qiymətləndirdik. İstər məscidə, istər kilsəyə qarşı hörmətsizlik yolverilməzdir, hər ikisi Allahın evidir. Əgər bu cür hərəkətə yol verənlər varsa, onlar cahil, savadsız, dinin mahiyyətindən xəbərsizdirlər. Onların milləti təmsil etmək səlahiyyəti yoxdur. Bu məsələdə hər hansı təhqiredici nüanslar nəzərə çarpmır və şişirtməyə dəyməz”. Sözügedən videoçarx ATV telekanalı tərəfindən Azərbaycanın ərazisindəki gürcü kilsəsində çəkilib. Gürcü Patriarx isə həmin kadrların yayılmasından narahatlığını ifadə edərək, Azərbaycan və Gürcüstan hökumətini məsələni araşdırmağa çağırıb. Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze ATV telekanalının Qax rayonundakı Müqəddəs Georgi kilsəsində çəkilən videoklipi baxışdan keçirəcəklərini açıqlayıb. Ehtiyac yaranacağı təqdirdə Azərbaycanın Gürcüstandakı səfiri və azərbaycanlı həmkarı Mübariz Qurbanlı ilə görüşəcəyini deyib. O, Xarici İşlər Nazirliyinin də prosesə qoşulacağını istisna etməyib. Geri dön |