Ana Sayfa > Xəbər > 107 saxta şirkət yaradıb dövlətin milyonlarını belə oğurladılar

107 saxta şirkət yaradıb dövlətin milyonlarını belə oğurladılar


8-09-2015, 16:48. Yazar: admin
107 saxta şirkət yaradıb dövlətin milyonlarını belə oğurladılar
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vergidən yayınmaqda təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin məhkəmə istintaqı başlayıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Rasim Sadıqov sədrlik edib.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Bundan sonra proses sentyabrın 17-dək təxirə salınıb.

Qeyd edək ki, “Atrabank” ASC-nin Nəsimi filialının mühasibi, 03.03.2014-cü ildən isə həmin filialın xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Babayev Həsənağa Məmmədhüseyn oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə tanışları Şirinov Tərxan Ceyhun oğlu, Rəhimov Elman Hətəm oğlu, Bayramov Hüseyn Yadulla oğlu, Kərimov Əlirza Abuzər oğlu və Cəfərov Səhadət Səməd oğlundan ibarət, Qazıyev Səbuhi Ağabala oğlu isə Rzayev Ramşan Mahir oğlu və Əsgərov Elvin Cəmil oğlundan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradıblar.

Onlar 2012-2014-cü illər ərzində həmin qrupların fəaliyyətinə rəhbərlik ediblər. Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, ya da təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilməklə ümumilikdə külli miqdar təşkil edən 1 milyon 270 min 884,46 manat məbləğində vergi dövlət büdcəsinə ödəməkdən yayındırılıb.

İstintaq-əməliyyat tədbirləri ilə qeyd olunan şəxslər tərəfindən bir sıra cinayət əməllərinin törədildiyi toplanmış təkzibolunmaz faktlarla - ilkin mühasıbatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanılması, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam sübuta yetirilib.

Dövlətə vurulmuş ziyandan 190.550 manatı ödətdirilib, 363.987 manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Cinayətkar dəstənin üzvlərinə Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham elan edilib, onlardan yeddi nəfəri barədə məhkəmə qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Geri dön