Ana Sayfa > Xəbər > Şərif Ağayar: “Fikrət Qoca mənim üçün 30 ildir ki, ölüb”
Şərif Ağayar: “Fikrət Qoca mənim üçün 30 ildir ki, ölüb”7-09-2015, 13:30. Yazar: admin |
“Sizə deyim ki, rəhmətlik Fikrət Qoca ilə mənim heç bir problemim yoxdur. O, 30 ildi ki, ölüb mənim üçün”. Bunu Moderator.az-a verdiyi açıqlamada yazıçı Şərif Ağayar deyib. Şərif Ağayar bildirib ki, Fikrət Qoca gəncliyində istedadlı şair, normal insan idi, amma pul və vəzifə qarşısında o istedadını və insanlığını elə itirdi ki, əsər-əlamət qalmadı: “Ona görə ona nə deyiləsi bir sözüm var, nə də ondan eşidiləsi bir sözüm. Təklif edirəm ki, siz də ciddiyə almayasız. Mənim davam Anarladır və bu davanın heç bir şəxsi tərəfi yoxdur. Anar Azərbaycan ədəbiyyatını məhv edir. Müstəqil, yeni düşüncəli, azad yazıçıları görməyə gözü yoxdur. Dövlətin ədəbiyyat üçün büdcədən ayırdığı vəsait hesabına yaltaq, yaramaz adamları ətrafına yığıb atası və özü üçün “əbədi ədəbi səltənət” yaratmağa çalışır. Arada da Fikrət Qoca kimi mağmınları onun-bunun üstünə salır ki, diqqəti yayındırsın. Fikrət Qoca mənə təqaüd veribmiş. Gülmək tutur eee... məni. O vaxt işlədiyim Nazirliyin ödədiyi bu pulun Fikrət Qocaya nə dəxli? Azərbaycanın büdcəsindən mənə verilən bir illik mükafatı heç kim başıma qaxa bilməz. Fikrət Qoca heç qaxa bilməz! Çünki bu ölkə Anardan və Fikrət Qocadan əvvəl mənimkidir. Bu dövlətin yolunda torpağını da, yaxın qohumlarını da itirən mənəm, bu qoca maşşenniklər yox”. Yazıçı söyləyib ki, ağlı kəsəndən AYB-nin və Anarın anasını ağladan yazılar yazıb: “Təqaüd alanda da, almayanda! AYB-yə üzv olanda da, ordan çıxarılanda da. Əvvəl də, indi də! Və bunu həmişə edəcəm. Nə qədər ki, Anar ordadır... Nə qədər ki, ədəbiyyat yerinə şərəfsizlik, yaltaqlıq, üzgörənlik, yalan və riyakarlıq təbliğ olunur. Bunu unutmaq olmaz: mən Anarı AYB-dən çıxarıldığım üçün tənqid etmirəm, Anarı tənqid etdiyim üçün AYB-dən çıxarılmışam. Bunu google-də balaca bir axtarışla müəyyən edə bilərsiniz və Fikrət Qocanın 80 yaşlı yalanlarından biri asanlıqla açılar!”. Xatırladaq ki, APA TV-nın qonağı olan xalq şairi Fikrət Qoca yazıçı Əkrəm Əylislinin və Şərif Ağayarın ünvanına müxtəlif ittihamlar səsləndirmişdi. Geri dön |