Ana Sayfa > Xəbər > Valideynlərin yeni dərd ili: `Utanıram, pulum yoxdur...`
Valideynlərin yeni dərd ili: `Utanıram, pulum yoxdur...`7-09-2015, 13:26. Yazar: admin |
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Şagirdlərlə bərabər valideynlər də bu günü səbrsizliklə gözləyirlər. Valideyn övladını məktəbə yola salmaq üçün hələ sentyabrın 15-dən çox-çox əvvəldən düşünür, çıxış yolu axtarır... Bəs bir şagirdin məktəbə tam hazır vəziyyətdə getməsi üçün orta hesabla nə qədər pul lazımdır? AzVision.az-ın əməkdaşları bu suala cavab tapmaq üçün Bakıda bir neçə topdansatış mərkəzinə baş çəkib, qiymətlərlə maraqlanıb. Artıq bir neçə ildir ki, dövlət ümuməhsil müəssisələrində təhsil alan şagirdlərin dərslik yükünü öz üzərinə götürməklə, valideynlərin məktəb qayğısını xeyli azaldıb. Amma 11illik məktəbi tək kitabla başa vurmaq olsaydı, valideynlərin dərdi olmazdı ki... Dəftər, qələm, çanta, digər məktəbli ləvazimatları, həmçinin məktəbli forması almaq valideyenlərin boynuna düşdüyündən, onlar övladlarının bu ehtiyaclarını qarşılamaq üçün hər il əllərini ciblərinə atmalı olurlar. Əvvəlcə bir ilin yükünü daşıyacaq məktəbli çantası alınır. Təbii ki, çantaların qiyməti müxtəlifdir. Qiymətlər 7-110 manat arası dəyişir. Hər kəs cibinə uyğununu seçdikdən sonra qalır bu çantanın içini doldurmaq. Beləcə, dəftər, qələm alış-verişi başlayır. “28 May” metrosu yaxınlığındakı topdansatış mağazalarında dəftərlər 50 qəpikdən -1 manat 70 qəpiyədək dəyişir. Qələmlər 80 qəpikdən başlayır, pozanlar 10-60 qəpik civarındadır. Rəngli karandaşlar 1 manatdan başlayır 3, 5, 7 manat arası dəyişir. Beləcə, qənaətçil bazarlıqla çantanın içini orta hesabla 50-70 manata doldurmaq olar. Valideyn məktəb çantasının içini hansı yolla dolduracağının qayğısını çəkdiyi vaxt satıcılar günün sonuna kimi kassanı hansı məbləğlə dolduracaqlarını fikirləşirlər. Belə ki, manatın devalvasiyası onların da bazarını öldürüb. Məktəbli ləvazimatlarının topdansatışı ilə məşğul olan mağazanın baş kassiri Mustafa Aslanov deyir ki, artıq dərslərin başlamasına bir həftədən az qalsa da mağazalarda alıcı yoxdur: “Ötən illə müqayisədə dolların qalxması alverə təsir edib. Bu fərq bütün məktəb ləvazimatlarında hiss olunur. Dolların kursunun qalxması əsasən kağız ləvazimatlarının qiymətinə təsir edib. Amma qiymətdə elə də çox bahalaşma olmayıb. Hardasa 5-10 qəpik bahalaşma var”. Mağazalardan və keyfiyyətindən asılı olaraq məktəbli ləvazimatlarının qiyməti belədir: 1. 100 vərəqli dəftərlər: 50 qəpik - 1 manat 2. Sadə karandaş: 10 - 50 qəpik 3. Xətkeş: 40 qəpik– 1 manat 4. Pozan: 20 qəpik - 1 manat 5. Flomaster: 1-6 manat 6. Qələm qabı: 2-5 manat 7. Rəngli kağız: 80 qəpik - 3 man 8. Qovluq: 3 - 5 manat 9. Yapışqan: 50 qəpik - 2 manat 10. Pərgar: 4-8 manat Mağaza sahibləri, satıcılar yeni dərs ili ərəfəsində məktəbli ləvazimatlarının, geyimin qiymətində bahalaşma olmadığını desələr də, valideynlər artıq bu bahalaşmanı hiss etdiklərini bildirirlər. Həmsöhbət olduğumuz valideynlərin böyük əksəriyyəti isə məktəb bazarlığını daha ucuz yerlərdən almağa çalışırlar: “Bütün məhsulların qiyməti bahalaşıb, eləcə də məktəb ləvazimatlarının. Məktəbli formalarının da qiymətini bahalaşdırıblar. Hər il yeni iş dəftərləri peydə olur. Guya sevinirdik ki, kitab qayğısından azad olmuşuq. Amma indi də iş dəftəri çıxarıblar. Hər kitab üçün iş dəftəri olar? İki uşağım birdən məktəbə gedir. Məcburam hər şeyin ucuzuna qaçım. Pulum yoxdur, nə edim axı?. Adam da utanır bilmir nə etsin”. Birinci sinfə gedəcək şagirdlər üçün nəzərdə tutulan digər ləvazimatların da qiymətləri məlumdur. Yemək qabı 3-9 manat, su qabı 3-14 manat, rəsm albomunun qiyməti isə 40 qəpik - 2 manatdır. Təbii ki, məktəb bazarlığı bununla yekunlaşmır. Məktəblilər üçün nəzərdə tutulan məktəbli formalarının qiyməti də ölçüsündən asılı olaraq 40- 45 manat arasında dəyişir. Odur ki, bir uşağın məktəbə yola salınması nə az, nə çox valideynə 200-300 manata başa gəlir. Geri dön |