Ana Sayfa > Xəbər > Bağlanan qumarxanadan şok faktlar
Bağlanan qumarxanadan şok faktlar3-09-2015, 17:02. Yazar: admin |
Dünən Bakının Xətai rayonu ərazisində qanunsuz qumarxananın aşkarlanaraq bağlanması və onu işlədənlərin polis tərəfindən saxlanması gündəmin baş mövzularından birinə çevrildi. Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən qanunsuz qumarxana aşkar edib. Verilən məlumata görə Zığ yolu-15 ünvanında fəaliyyət göstərən kafedə qanunsuz “poker” kart qumar oyunlarının təşkil edilməsi bildirilib. Keçirilən əməliyyat tədbiri nəticəsində obyektdə icarə əsasında fəaliyyət göstərən Süleyman Vəliyev, həmin kafenin administratorları Zəmanət Hüseynli, Vasif Hacıyev və orada qumar oynayan daha 5 nəfər şəxs saxlanılıb. Araşdırma zamanı adları qeyd olunan şəxslər həmin obyektdə qanunsuz qumar oyunları təşkil etdiklərini etiraf ediblər. Hafta.az-ın əməkdaşı bu dəfə yolunu elə adıçəkilən ərazidən salıb. İlk olaraq onu qeyd edək ki, 8 nəfərin polis tərəfindən saxlanmasına səbəb olmuş bu qumarxana izinə düşüb yerləşdiyi yeri tapmaq o qədər də asan olmadı. Belə ki, Zığ yolu 15 ünvanını nə bir taksi sürücüsü tanıdı, nə də ki, keçdiyimiz yollarda bununla bağlı bir işarə, lövhə gördük. Birtəhər soraqlaya – soyaraqlaya gəlib həmin qumarxanaın yerləşdiyi dalana çıxdıq. Sadə vətəndaşlardan bu qarmaqarışıq və ünvan lövhələri vurulmayan bu dalanlarda bir neçə iç-içə “obyekt” arasından həmin qumar evini tapmaq o yad adam üçün o qədər də asan məsələ deyilmiş. Əvvəlcə, yaxınlıqdakı köhnə 9 mərtəbəli binaların fasadını dəyişən fəhlələrə yaxınlaşıb qumarxanaın yerini öyrənməyə cəhd etdik: - Salam qardaşlar, necəsiniz? - Ay əlöyükümə salam. Bavatıx ay qa. Nə lazımıydı? - Qardaş burada qumarxana varmış, dünən polislər müdaxilə ediblər. Saxlananlar var. Qumarxana da bağlanıb deyilənə görə. Xəbəriniz varmı? Sözümü kəsib özünü Rüfət kimi təqdim edən bu fəhlə Qazax ləhcəsi ilə: - Jurnalistəsnmi ay qa? – dedi. Bəli, dedim. Rüfət Mollayevin sözlərinə görə həmin yer təxminən ay yarım bundan əvvəl açılıb: - Qaqa, təxminən ay yarım olar ki, açılıb. Deyilənə görə, güjdü də qumar gedifdi orda. Oranı hamı “poker” kimi tanıyer. Adına elə Poker deyirlər. - Bəs mən tanımıram həmin yeri,apara bilərsinizmi? - Qoy saa bir uşax qoşax, siz gedin. Biz də çörəyimizi yeyəy, olarmı? - Olar, niyə olmur, zəhmət olacaq sizə. Nuş olsun! - Sağ ol dərdin alem, nə zəhmət... Rüfət Mollayev adlı bu gülərüz oğlan 17-18 yaşlarında üzü gündən yanmış əlləri qabarlı bir uşağı çağırıb bizə qoşdu. Üzü qumarxanaya doğru yola saldı. Mənə bələdçi olaraq təhkim edilən bu qarayanız fəhlənin adı dediyinə görə Elçindir. Elçin deyir ki, dünənə qədər belə bir yerin olmasından xəbərsiz imiş: “Dünənə qədər heç çox adam bilmirdi ki, burada qumarxana var. Dünənki tutqudan sonra hamı danışır ki, qumar gecə saat 1-dən sonra başlayırmış. Özü də elə - belə adamlar gəlmirmiş. Dostum deyir ki, qumarbazlar həmişə arxa qapıdan gəlirlərmiş. Maşınlarını da oranın gecə növbətçisinə həvalə edirmişlər”. Elçin Abdinov Hafta.az-a açıqlamasında bildirib ki, “Poker”in yerləşdiyi ərazi çox böyükdür: “Bax, o arxa qapıdır. Təxminən dörd-beş girişi var. “Muzikalnı” məktəbin yanındakı girişdə ailəvi istirahət mərkəzləri var. Ora sakit yerdir, belə baxanda da “Poker” olan yer də ilk baxışdan sakit görünürdü. Gündüzlər həmin qapının ağzında demək olar ki, maşın saxlayanlar olmayıb, görməmişəm”. Elçinlə həmin ərazini dövrə vurduq. Bütün giriş qapılarını gəzdik. İçəridə, xüsusən də ön qapılardan iki – üç istirahət mərkəzi xidmətçisindən başqa heç kəs gözə dəymədi, Görünür dünənki səs küylü hadisə bura istirahət etməyə gələnlərin də sayına əməllicə təsir göstərib. Elçinin tanışım dediyi orta yaşlı bir dayıyla salamlaşmasından istifadə edib onu da bu barədə sorğu – suala tutduq. Ağali dayının sözlərinə görə arxa qapıdakı qumarxana ay yarım içində birdən – birə məhşurlaşıb: “Mədəni qumar gedirdi burada. Daha çox poker oynanılırmış, deyilənə görə. Süleymanın məkanı kimi tanınır bura. Elə də pis oğlan deyil, özünə görə hörməti, izzəti də var. Mən də pis tanımamışam. Amma burada hər cür adam gəlib qumar oynayırmış. O qara bina olan yer VİP qumarxana idi. Üzdən o qədər də varlıların məkanına oxşamasa da dost – aşnaların dediyinə görə içəri “bomba” yerdi. Əntiqə şərait qurublar”. Özünü Ağali kimi təqdim edən bu dolu bədənli kişinin dediyinə görə, orta təbəqəli qumarbazlar üçün arxa qapıdan iyirmi metr aralıda ayrıca girişi olan yer də açılıbmış: “Ora taxtadan “korteclər”, “domkalar” düzəldilib. Orada kart oyunları oynayırlar aşlanaların dediyinə görə. Hələ kasıb – kusub üçün də yerləri varmış, amma onun hansı tərəfdə olmasını bilmirəm vallah. Amma hər otağın özünün administratoru olub. Deyilənə görə, 4-5 nəfər qumar oynayan da saxlayıblar. Hamısı da imkanlı uşaq olub”. Bu yerdə bələdçim Elçin də söhbətə qoşulur: “Ağali dayı, özü də “seka”nı 100 manatdan yığırlarmışee. Gör “seka” yüzdən yığılırsa “gedişlər” neçəyə qalxırmış?!”. Ətrafın səssizliyində kimlərsə gəlişimizdən duyuq da düşmüşdü. Ancaq məqsədlərinin nə olduğunu bilməsək belə fəhlələrlə, Elçinlə, avtobus dayanacağına qədər mənimlə yoldaşlıq edən Ağali kişiylə sağollaşıb oradan ayrıldıq. Biz qumarxana işlədənləri, “poker” oyunları istintaq getməsi səbəbi ilə danışdıra bilməsək də, dünənə qədər “Süleymanın məkanı” kimi tanınan “Poker” qumarxanası haqqında ərazidə yaşayanların fikirləri ilə kifayətlənməli olduq. Qeyd edək ki, polis tərəfindən faktla bağlı araşdırmalar davam edir. Kim bilir, qanunsuz fəaliyyətə görə həmin 8 nəfəri hansı cəza gözləyir. Birdən – birə varlanmaq eşqinizi isə ən yaxşısı alınımıza yazılan yazıda axtarmaq lazımdır. Sonu barmaqlıqlar arasına uzanan, doğmalarınızın arxanızca gözlərinin yol çəkəcəyini bildiyiniz bir “şans” həvəsindən uzaq olmanız diləyi ilə... Geri dön |