Ana Sayfa > Xəbər > Ərdoğan Krala uduzur – Şərh

Ərdoğan Krala uduzur – Şərh


1-04-2015, 09:50. Yazar: admin
Ərdoğan Krala uduzur – Şərh
“Stratfor” Araşdırmalar Mərkəzi Yəməndəki hadisələrlə bağlı maraqlı şərh verib. Mərkəzin mövqeyincə, Yəmənə qarşı əməliyyatlara rəhbərlik edən Səudiyyə Ərəbistanı sünni ərəb dünyasının lideri kimi önə çıxdı. Bu ölkə Irana qarşı ritorikanı hərəkətlə dəstəkləmək istəyir.

Vertikal.az “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, şərhə görə Türkiyə daha ehtiyatlıdır, incə metodlarla işləyir - Suriyada islamçı üsyançı qüvvələri dəstəkləyir, Iraq Kürdüstanında iqtisadi köklərini dərinləşdirir və eyni zamanda Bağdadda şiə hökuməti ilə birbaşa işləyir.Ancaq Türkiyə getdikcə Səudiyyə Ərəbistanın kölgəsində qalmağa başlayır. Bir tərəfdən Türkiyə Səudiyyənin tərəfdaşı olmaq istəmir. O, liderlik mantiyasını geyinmək istəyir. Digər tərəfdən Türkiyənin çoxqütblü siyasi mühiti Ankaranın sərhədləri xaricində riskli hərbi əməliyyatda iştirakını çətinləşdirir. Bütün bunlar da bir fikir yaradır ki, Səudiyyə Ərəbistanı hərəkətə keçən tək qüvvədir, Türkiyə kənarda dayanıb baxır.

Mərkəz yazır ki, regional mühit Ankaranı Tehranla daha açıq konfrontasiyaya aparacaq. Digər tərəfdən, Türkiyə “Islam Dövləti” qruplaşması ilə mübarizədə ABŞ-la hərbi əməkdaşlığa yaxınlaşır, eyni zamanda ənənəvi islamçı siyasi fraksiyaların hakimiyyətə gəlməsinə baxışı fərqlidir. Səudiyyə, Əmirliklər və Küveyt isə “Müsəlman Qardaşlığı”nın hökumətlərinə meydan oxumasını əngəlləyir. Türkiyə regionda uzun bir oyun oynayır, bilir ki, Misir, Suriya və Körfəzdə islamçılar gələcəkdə də siyasi qüvvə kimi qalacaq.

“Stratfor”un yazdığına görə, Muskatda Iranla Səudiyyə arasında Yəmənə dair gizlin danışıqların olması barədə məlumat alıb. Bu danışıqlarda hutilərin Sana və Ədəndən çıxması, əvəzində onlara yeni hökumətdə güzəştlər müzakirə oluna bilər. Iran isə Iraq və Suriyada güzəştlər əldə edər: “Bütün bunlara baxmayaraq, Türkiyə və Səudiyyə Ərəbistanı Iranın nüfuzuna qarşı özünəməxsus tərzdə mübarizə aparır və sünni liderləri uğrunda da bir-birilə yarışır”.

Baş verənlərin fonunda Türkiyədə bu ilin iyununda parlament seçkilərinin keçirilməsini də unutmaq lazım deyil. Siyasi baxışlarına görə rəngarəng ölkə olan Türkiyədə hazırda yürüdülən siyasət birmənalı dəyərləndirilmir.

Politoloq Vəfa Quluzadə hesab edir ki, əksinə, Səudiyə Ərəbistanı ilə Türkiyənin regionda maraqları üst-üstə düşür. V.Quluzadənin sözlərinə görə, Yaxın Şərqdə gedən proseslər təkcə bu regionda yaşayan xalqların maraqlarından irəli gəlmir. ABŞ-ın Yəməndəki əvvəlki hakimiyyəti dəstəklədiyini deyən V.Quluzadə vurğuladı ki, husilərin iqtidara gəlməsi Amerikanın maraqlarına uyğun deyil. Çünki husilər Iranyönümlü qüvvələrdir: “Eyni zamanda husilərin hakimiyyəti ələ keçirməsi region ölkələrinin də maraqlarına uyğun deyil. Region ölkələri Yəməndə şiə deyil, süni hakimiyyətinin olmasının tərəfdarıdır. Rusiya da proseslərdə Iranın mövqeyin müdafiə edir. Rusiya və Iran Yəməndə baş verənlərə müdaxilə etməməyi tələb edir. Yəni husilər hakimiyyəti ələ keçiribsə, onları yenidən devirmək lazım deyil”.

Regionda yaranan durumun Türkiyədə keçiriləcək parlament seçkilərinə təsirinə gəlincə, V.Quluzadə vurğuladı ki, parlament seçkilərinə təsir edən əsas amil ölkədəki daxili durum olacaq: “Türkiyənin iqtisadiyyatının durumu və Ərdoğanın yürütdüyü siyasət parlament seçkilərinin nəticələrinə təsir edən əsas faktordur. Ərdoğanın siyasəti böyük kütlə dəstəkləsə də, Türkiyə demokratik ölkə olduğundan bu siyasəti sərt tənqid edən qüvvələr də mövcuddur. Xarici siyasətlə bağlı proseslər də seçkilərə təsir etsə də, Türkiyə xarici siyasətdə maraqlarını güzəştə getməyib”.

Geri dön