Ana Sayfa > Xəbər > İcra başçısının həbs olunan oğlu vəhabi çıxdı
İcra başçısının həbs olunan oğlu vəhabi çıxdı1-04-2015, 09:05. Yazar: admin |
Martın 28-də Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov tutduğu vəzifəsindən azad edildi. Səbəb kimi onun oğlu Ceyhun Səfərovun içkili sükan arxasına keçdiyi və buna görə həbs edildiyi göstərildi. Bu həbs və sonra baş verənlər Azərbaycan reallıqlarına adekvat olmadı. Ona görə ki, Ceyhun Səfərovu atasının başçı müavini olduğu rayonun ərazisində yol polisinin əməkdaşları saxlayıb. Bu saxlanmanın özü artıq qeyri-adidir. Necə ola bilər ki, başçısının 1-ci müavinin oğlunu yolda saxlasınlar və kimliyi bilinəndən sonra onu sərbəst buraxmasınlar? Özü də atasının başçı müavini olduğu rayonda! C.Səfərov Azərbaycan vətəndaşıdır və qanun hər kəs kimi onun da saxlanılmasına yol verir. Amma hər kəs də bilir ki, reallıq başqadır. Bu işdə belə möcüzələr çoxdur. C.Səfərov İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə suçlu bilinib və ona inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq olunub. Özü də harada? C.Səfərovun atasının başçı müavini olduğu rayonun məhkəməsində! Üstəlik, Zərdab Rayon Məhkəməsində çıxarılan qərar icra olunub və başçı müavininin oğlunu təcridxanaya göndəriblər. Allahverdi Səfərov isə mətbuata deyir: "O, daha araq içməyəcək... Oğlum mənə söz verdi ki, bir də spirtli içki içməyəcək”. Bu açıqlamanı da möcüzə saymaq olar. Başçı müavini azvision.az-a oğlunun həbsi ilə bağlı bunları deyib: "Oğum Ceyhuna 5 sutka müddətinə həbs cəzası verilmişdi. İndi o cəzasını çəkib azadlığa çıxıb. O, azadlığa çıxandan sonra içki içməməsi ilə bağlı ona xəbərdarlıq etdim. İçkinin ziyanları barədə ona tövsiyələrimi bildirdim. O, daha içki içməyəcək. Hazırda oğlum öz işi ilə məşğul olur”. Nədir bu içki söhbətinin arxasında gizlənən? Niyə başçı müavini susmalı olduğu yerdə oğlu haqda bunca açıq danışır? Bu suallara cavab arayarkən A.Səfərov gizlətdiyi, daha doğrusu, gizlətməyə çalışdığı çox maraqlı bir mətləbi aydınlaşdıra bildik. Zərdabdakı mənbəmiz deyib ki, A.Səfərovun oğlu vəhhabidir, saqqalı sinəsinə qədər uzanmış şəkildə gəzirmiş. Tutublar, saqqalını qırxmasını tələb ediblər. Tabe olmayıb və həbs olunub. "Allahverdi Səfərovun oğlu içkili olduğu üçün həbs edilməyib. O neçə illərdir ki, vəhhabi təriqətinə qoşulub və radikal dinçidir. Hətta onun bir neçə il əvvəl keçirilən toy mərasiminə atasının çağırdığı məmurların heç biri getməyib. Çünki toy vəhhabi təriqəti ardıcıllarının üslubunda olub və içki, musiqi olmayıb. Martın 22-si onu həbs ediblər, atasını da ora çağırıb oğlunun üzünün qırxılmasını tələb ediblər, əks təqdirdə, həbs olunacağını söyləyiblər. Ceyhun bundan qəti surətdə imtina edib. Atasına güvəndiyi üçün həbs məsələsinin hədə-qorxu olduğunu düşünüb. Rayonda hami bilir ki, onun oğlu içki içmir, hər yerdə vəhhabiliyin təbliğatı ilə məşğuldur” - deyə adının çəkilməsini istəməyən mənbə deyib. Yada salaq ki, Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov bu il martın 22-də 16 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb. İcra hakimiyyətindən "Trend”ə bildiriblər ki, Zərdab Rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib. Martın 27-də C. Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb. Geri dön |