Ana Sayfa > Xəbər > Qazaxıstanda qul durumuna düşən fəhlələrin yeməyini də kəsiblər
Qazaxıstanda qul durumuna düşən fəhlələrin yeməyini də kəsiblər1-09-2015, 09:58. Yazar: admin |
“EVRASCON” ASC-nin xətti ilə Qazaxıstanın Almatı vilayətinə işləməyə gedən 180 azərbaycanlı fəhlənin taleyi haqda yeni xəbər almışıq. Almatı vilayətinin Jarkənd şəhərində xoşagəlməz duruma düşən fəhlələrdən biri deyib ki, Azərbaycan mətbuatında üzləşdikləri problem haqda yazıların dərcindən sonra vəziyyət dəyişib. “Artıq həbslər dayanıb, bizləri tutub məhkəməyə aparmırlar. Polis hələ ki bizləri narahat etmir. Çox güman ki, polislərin pulu verilib. İdarə buradakı polisi rüşvət gücünə ələ ala bilib. 10 gün ərzində bizlərə iş icazəsi alacaqlar. Əgər icazə alınmasa, yolda, şəhərdə bizlərdən kimi tutsalar deportasiya edəcəklər” -deyə fəhlə bildirib. Onun sözlərinə görə, hazırda vəziyyət yaxşılığa doğru dəyişsə də, hər an pisləşə bilər: “Kefləri istədiklərini edirlər. Özlərini elə göstərirlər ki, guya hər şey yaxşıdır. Gizlin şəkildə Azərbaycan mətbuatına məlumat vermiş şəxsi axtarırlar”. Fəhlə ümumilikdə “Evrascon”da vəziyyətin yaxşı olmadığını da söylədi: “Bilirik ki, baş idarədə vəziyyət ağırdır. Bakıda işçilərə günorta yeməyi verirdilər. Artıq bu qaydanı ləğv ediblər, maaşları kəsiblər. İsçilərin ixtisarı gedir”. Qeyd edək ki, 180 azərbaycanlı fəhlə 4 ay əvvəl “EVRASCON” ASC-nin xətti ilə Almatıya aparılıblar. 15 gün əvvəl isə Qazaxıstan Miqrasiya Xidmətinin əməkdaşları azərbaycanlı fəhlələrin işçi icazəsinin olmadığını aşkar edib. Qanun pozuntusuna görə azərbaycanlı fəhlələri saxlayıb məhkəmə qarşısına çıxarıb cərimələyiblər. Lakin fəhlələrin cərimə ödəməyə pulları olmadığından azərbaycanlı fəhlələr bir neçə sutkalığa həbs olunurdular. “EVRASCON” şirkətinin baş nazirin 1-ci müavini Abid Şərifova bağlılığı haqda məlumatlar var. A.Şərifov yayılan məlumatları təkzib etmir. O, 180 fəhlənin durumu ilə bağlı “Yeni Müsavat”ın sorğusunu cavablandırıb. “EVRASCON” ASC-nin Direktorlar Şurasının sədri İsmiyev İsmayıl - Əfəndi Hacımurad oğlu ilə əlaqə saxlayan vitse-primyer demişdi ki, belə bir hal yoxdur. Bundan sonra redaksiyamızla əlaqə saxlayan fəhlələr A.Şərifova yalan məlumat verildiyini bildirmişdilər. Yada salaq ki, bu şirkət Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC-dir. Sadəcə, adını dəyişib. Yeni adı “EVRASCON” ASC-dir. “Azərkörpü” Bakı şəhərində SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında 1968-ci ildə yaradılıb və fəaliyyətə “Körpütikintidəstəsi-100" kimi başlayıb. Bu müddət ərzində müəssisə Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində təcrübə toplayıb. 2001-ci ildə həyata keçirilən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu alıb. Şirkət 5 min 423 nəfərlə müqavilə bağlayıb. Şirkətin baş nazirin müavini Abid Şərifovun patronajlığı altında fəaliyyət göstərməsi barədə məlumatlar var. Geri dön |