Ana Sayfa > Xəbər > Elza Seyidcahan: "Qızıma dedim, sən özün nəsən, get bir güzgüyə bax"
Elza Seyidcahan: "Qızıma dedim, sən özün nəsən, get bir güzgüyə bax"12-08-2015, 14:53. Yazar: admin |
Ailə.Lent.az-ın suallarını əməkdar artist, müğənni-bəstəkar, Rus Dram Teatrının musiqi rəhbəri Elza Seyidcahan cavablandırıb. - Avqustun 24-də qızınız Gülşən ailə həyatı quracaq. Bundan sonra tək yaşayacaqsınız? - Oğlum evləndi, ailəsi ilə bizdən ayrı yaşayır. Çox sevinirəm ki, ailəsi ilə mehribandı. Bir-birini tapıblar, xoşbəxtdirlər. Bəzi analar var, qısqancdırlar, “oğlum harada, mən orada, oğlan valideynləri ilə yaşamalıdır”- filan deyirlər. Amma belə olmaz. Övladlarım daxil olmaqla, işçilərim və ətrafımdakı insanları əsarətdə saxlamağı sevmirəm. Qızımın evi yoxdur, ona görə mənimlə bərabər yaşayacaqlar. İmkan olar, ev alıb ayrı yaşayarlar. Qızım məni tək qoymaq istəmir. Qızımın hər zaman məndən ayrılmaq qorxusu olub. Mənə görə həmişə narahat olur. Övladlarımdan çox arxayınam. Onları özümdən aralı saxlamaqdan qorxmuram. Ona görə onları yanımda qalmağa məcbur etmirəm. Onlara gözəl tərbiyə, təhsil, sənət vermişəm. Amma qızım da nə zamansa getsə, tək qalacam. - Təklikdən qorxursunuz? - Əslində yaradıcı insan olduğuma görə mənim üçün təklik yaxşıdır. Çünki bir də görürsən durduğum yerdə öz-özümə musiqi oxuyuram, rəqs edirəm, piano çalıram. Övladlarım evdə olanda onların yatmağını nəzərə alıram, rahatlıqlarını düşünüb səs salmıram. Hətta istərdim ki, şəhərdən kənar həyət evim olsun. Orda tək qalım. Amma həyətdə işçilərim olsun. Mənə xidmət etmək istəyən insanlar çoxdur. Sənətimi o qədər duyurlar ki, öz həyatlarını mənə fəda etməyə hazırdırlar. İstəyirəm ki, evimdə studiyadan tutmuş, bütün yaradıcı şərait olsun və vaxtımın çoxu evdə keçsin. Evdən çıxıb studiyaya, verilişlərə, ora-bura gedirəm, bu, məni yaradıcılıqdan ayrırır. - Övladlarınızın ailə qurmasında sizin nə dərəcədə rolunuz olub? - Onlara sərbəst seçim vermişəm. Çünki böyüyüblər, ağıllıdırlar. Oğlum təsadüfən dükanda qız görub bəyənmişdi. Dedi ki, “ana mən bir qız görmüşəm, mütləq onu mənə al, almasan ömrüm boyu evlənməyəcəm”. Düzdür, tanımadığım üçün narahat idim. Tovuz rayonundan olduğunu dedi. Hörmətli millət vəkilimiz Qənirə xanımla bayramlarda kəndlərə gedirik. Qənirə xanıma dedim ki, oğlum Tovuzdan bir qız görüb bəyənib, evlənmək istəyir. Qismət elə gətirdi ki, həmin qızın qohumlarının evinə getdik, qızın şəklini tapdım, soruşdum öyrəndim, elçi getdik, ailə qurdular. - Amma, deyəsən, qızınız nişanlısını sizin vasitənizlə tanıyıb... - İki il əvvəl Qənirə xanımın ad gününü təbrik etməyə getdim. Bir oğlan da şəkil çəkirdi, mənimlə də şəkil çəkdirdi. Sonra şəkilləri mənə çatdırdı, özünü təqdim etdi ki, fotoqraf Elxan Alisatovdur. O saat da soruşdu ki, “siz mənə ödeyeceysüz?” Dedim ki, yox, ödəməyəcəm, amma sənətində kömək edəcəm. Adətən fotoqraflar məndən şəkillərə görə pul istəmirlər. Amma bu oğlanın cəsarəti xoşuma gəldi. Ürəyimdə dedim, aha, bu, fərasətli oğlandır. Sonra şəxsi fotoqrafım kimi hara gedirdim onu da aparırdım. Beləcə, onu daha yaxından tanıdım, gördüm ağıllı oğlandır. Sonra bacıma deyib ki, qızımdan xoşu gəlir və elçi yollamaq istəyir. Gülşən də universiteti bitirəndən neçə dəfə elçi gəliblər, getmirdi. Heç kimi bəyənmirdi. Mən də deyirdim ki, yaşın ötür, ailə qurmalısan. - Kürəkəniniz həm də köməkçinizdir? - Köməkçim, prodüserim, fotoqrafımdır. Elxan valideynlərini itirib, 12 yaşından tək qalıb. Belə bir zamanda ağıllı, tərbiyəli böyüyüb. Hər zaman arzu edib ki, heç olmasa bir nəfər müğənni dostu olsun. Amma Allah ona sənətkar qayınana - ana yetirdi. Qızımın nişanlısı olduğu üçün yanımda deyil, həm də işinin öhdəsindən yaxşı gəlir. Qızım əvvəllər onu bəyənmirdi. Bir dəfə Elxana sms yazıb ki, “mənim zövqümcə deyilsən”. Gördüm ki, Elxan bikefdir. Anası olmadığı üçün onun bikef olmağına dözə bilmirəm, ciyərim parçalandı. Öyrəndim ki, Gülşən ona sms yazıb. Zəng vurub dedim, sən özün nəsən ki, Elxana o cür söz yazmısan? Get bir özünə bax! Niyə onun qəlbini qırmısan, utanmırsan?! Belə də ki, ərə gedən vaxtındır, hələ vaxtından da keçib, Elxanla ailə qurmaq haqqında yaxşı-yaxşı düşün. Kimə gedəcəksən, nə axtarırsan? Adam anasız uşağın xətrinə dəyər? Onun anası yoxdursa, mən anasıyam. Gülşəni gizlində burdum. Sonra Türkiyəyə getdim, bir aya yaxın orada qaldım, qayıdanda gördüm ki, artıq Gülşən Elxanla mehriban-mehriban yazışır. Elxana da ayrılıqda demişdim ki, istəyirsənsə, qızın könlünü ələ almağı bacar. Elxana qapı açmırdı. Qorxurdu ki, onu qaçırtdıraram. Mənə deyirdi ki, məni qaçırtdırsan səni polisə verəcəm (gülür). Əl-ələ verib öz toy bazarlıqlarını ediblər. Belə ailələr xoşbəxt olurlar. Qənirə xanımı qızımın toyuna da dəvət edəndə dedim ki, hər iki övladımın xoşbəxtliyi sizin vasitənizlə olub, gəlin xeyir-dualarını verin. - Oğlunuz da musiqiçidir. Belə bir istəyi olduğunu bildirəndə ona qarşı çıxmadınız? - Fəxr edirəm ki, sənət insanları arasında oğlumun hörməti var. Oğlumla səfərə gedirlər, qayıdanda hər kəs onu mənə tərifləyəndə fəxr edirəm. Ana üçün bundan böyük xoşbəxtlik ola bilməz. Keçən günlərin birində musiqiçilərdən biri Ələkbəri xeyli təriflədi, axırda dedi ki, -“bir sözlə, sizin oğlunuz manıs deyil, şəxsiyyətdir”. Oğlum bütün xeyrə-şərə gedir. Həm də çox abırlı-həyalıdır. Özü heç kimə qarşı hörmətsizlik etmir, özündən kiçiklərin hörmətini saxlayır. Özündən böyüklərə “müəllim”, “xanım”, “bəy” deyə müraciət edir. Mənə də kimsə “Elza” deyəndə əsəbləşir, mənə qarşı hörmətsizliyə dözmür. Mənə qarşı çox qısqancdır. Çox zaman onun sözü ilə oturub-dururam. Elə toylar var ki, məni orada oxumağa qoymur. Deyir - “ora sənin yerin deyil, sənin kimi sənətkar o cür yerlərdə oxumamalıdır”. Deyirəm hamısı xalqımızdır, bahalı restoran da var, orta səviyyəli də. Bəs, məni istəyən sadə xalq üçün oxumayım? Yavaş-yavaş başa düşür. - Bayaq qeyd etdiniz ki, qısqanc deyilsiniz. Deyirlər, axı qısqanc olmayan qadın yoxdur?! - Qısqancam, amma xəstə kimi, mənasız qısqanc deyiləm. Görmüşəm ki, bu qısqanclıq məni uçuruma aparır, qayıtmışam. Şəxsən mənim ailəmi qısqanclıq dağıtdı. Bizim çox gözəl ailəmiz var idi. Tək yaşasaydıq ailəm heç zaman dağılmazdı. Həyat yoldaşım da ayrı yaşamağımızı istəyirdi. Bəlkə də böyüklər bizə kömək etsəydilər, ayrı yaşamağımıza şərait yaratsaydılar, çox xoşbəxt ailə olardıq, xoşbəxtlərdən xoşbəxt. Ailəmizin dağılmasını heç birimiz istəmirdik. Sadəcə məcburiyyət və valideynlərin qısqanclığı nəticəsində ailəmiz dağıldı. Mənə qarşı olan haqsızlıqlardan danışmaq istəmirəm. İrəli baxmaq istəyirəm. Mən də gənc yaşlarımdan iki uşaqla tək qaldım, qarşımda çox yol oldu. Çətin yollar oldu sonu yaxşı, asan yollar oldu, sonu pis. Mən pis yolları öncədən görürdüm. - Neçə yaşınızda ailə qurmusunuz? - Mən ailə qurmamışam, 17 yaşımda ərə veriblər. 1987-ci ildə oğlum, 1988-ci ildə qızım anadan oldu. 19 yaşımda iki övladım var idi. Ailəm də mənim təhsil almağımı istəyirdi. Lakin elçi gəldilər, razı saldılar və məni aldılar. Düzdür, kədərli günlərim də olub, xoş günlərim də. Həyat yoldaşım gözəl insandır. Ona görə də övladlarımın xasiyyəti də gözəldir. Arxayınam ki, övladlarım ayrı da qalsalar, özlərini itrməyəcəklər. Əlbəttə ki, kənardan mən onları izləyirəm, quş kimi gecə-gündüz üzərlərində uçuram. Hər şeylərindən xəbərim var. Yeri gəlsə, tənbeh edirəm, sözümü də deyirəm. - Həyat yoldaşınız sizə yaxınlaşıb hislərini bildirməmişdi, evlənmək təklif etməmişdi? - Heç vaxt! Oğlanların həddi nə idi mənə yaxınlaşıb söz desinlər!? Heç zaman oğlanların üzünə baxmırdım, yerə baxırdım. Oğlan mənə söz desəydi acı cavab verərdim. Anam bizi belə öyrətmişdi. Konservatoriyada oxuyanda iki övladım var idi, heç kəs bunu bilmirdi. Bütün Konservatoriya məni sevirdi. Amma heç birinin etiraf etməyə cəsarəti çatmırdı, sadəcə qıraqdan baxa-baxa qalırdılar. - Sizi harada görüb bəyənmişdi? - Onun bacısı ilə rəfiqəydik. Soltan Hacıbəyov adına Musiqi Texnikomunda bir qurpda oxuyurduq. O tar sinfində oxuyurdu. Fortepiano müəlliməm məni öz oğluna istəyirdi. Adı Samir idi, əsgərlikdə idi. Onlar bizə elçi gələsiydilər. O vaxt hər adamda maşın yox idi. Elşənin, yəni uşaqlarımın atasının qırmızı “06”sı var idi. O vaxt İbrahim Tatlısəsin mahnıları, ən çox da “Mavi-mavi” mahnısı dəb idi. Rəfiqəmə dedim ki, mənə elçi gələcəklər, Elşəndən İbrahim Tatlısəsin kasetini al, elçilər gələndə mahnı qoyaq, şənlik olsun. Sən demə, özüm öz dilimdən özümü bəlaya salmışam. Bu da gedib deyib ki, “kaseti ver, Elza istəyir, ona elçi gələcəklər”. O da deyib ki, vermirəm, Elzanı mən istəyirəm. Anası da deyib ki, “istəyirsən gedək alaq”. Anası da dediyini edən qadındır. Sonra baldızım mənə dedi ki, sizə elçi gələndə dilinizi-ağzınızı bağlamışdıq ki, səni alaq. Nənəmgilə də elçi gəldilər. Onları da razı saldılar. Beləcə, məni ərə verdilər. Anam bəstəkar olacağımı, Konservatoriyaya hazırlaşdığımı dedi. Onlar da söz verdi məni oxudacaqlar. Amma dediklərinin tam əksini etdilər. Əvvəlcə dedilər nişanlayaq 5 ildən sonra toy edərik, sonra bu 3 il oldu, axırda isə nişandan 20-24 gün sonra toy oldu. Bir də gözümü açdım ki, ərdəyəm. - Neçə il ailəli oldunuz? - 7 il. Bu müddətdə mənə edilən pisliklərdən danışmayacam. Çünki bütün haqsızlıq və pislikləri unuduram. Çətinliklərlə, anamın, bacılarım, dayılarımın əziyyəti ilə Konservatoriyaya daxil oldum. Bəlkə də gələcəkdə mənim haqqımda film çəkilsə, həyatımda olanların hamısını danışacam. Mənim həyatım uşaqlığımdan bu yana çoxseriyalı, analoqu olmayan filmdir. Rejissor istəyirəm ki, Elza haqqında film çəksin. Uşaqlıqdan indiyədək həyatımı yazsalar, faciəvi, romantik, eşq dolu, əziyyətli bir həyat hekayətindən bəhs edən maraqlı serial alınar. Gözəl və istedadlı qadının cəmiyyət içərisində baş çıxarması asan deyil. Mən tikanlı məftillərdən özümü qorumuşam. Həm qorumuşam, həm də irəli getmişəm. Elə qorumuşam ki, heç kimin də xətrinə dəyməmişəm, heç kəslə üzləşməmişəm, təkəbbürlə baxmamışam. Deyirlər ki, “bəstəkarsan, daha müasir olmalısan”. Amma mən indiki gündə pis vərdişlərdən, Azərbaycan qadınına xas olmayan davranışlardan uzağam. Bəzi insanlar siqaret çəkməyi, içməyi özlərinə imicləşdirirlər. Lakin mən özümü çox şeylərə həsrət qoymuşam. Özümü düşünmürəm, gec yatıram, tez oyanıram. Çünki mənim ailəm, övladlarım var. Ən böyük övladım sənətimdir. Ona bir gün baxmasam, məndən küsər. Sənət Allahın mənə hədiyyəsidir. Bəzi qadınlar bizim gördüklərimizin yarısının yarısını görmüyüb, amma özünü işgüzar təqdim edir, sərbəst aparır, artıq buna hər şey olar, ona heç kim bir söz deyə bilməz, bu, artıq ayrı respublikadır. Lakin mən hər zaman böyüklərimlə, dayılarım, xalalarım, anam, bacılarım, balalarımla məsləhətləşmişəm. Nəsə edəndə onları düşünmüşəm. Deməmişəm ki, mən Elza Seyidcahanam, o kimdir? - Qadınlar çox zaman övlada görə ailəni dağıtmırlar. Sizə övladlarınız da mane olmadı? - Mən elə övladlarıma görə dözürdüm. Biz həyat yoldaşımla uzun müddət tanış olsaq da, övladlarımız, ailəmiz xatirinə mehriban idik. Çox şeyləri də övladlarım xatirinə edirəm, ya etmirəm. Keçmiş həyat yoldaşım və onun ailəsi haqqında heç vaxt danışmıram. Çünki onlar mənim övladlarımın qohumları, əti-canıdır. Övladlarımın atası, atasının əzizləri haqqında niyə pis danışım ki? - İkinci dəfə övladlarınıza görə ailə qurmadınız, yoxsa birincidən gözünüz qorxmuşdu? - Sənətim, övladlarım mənə bəs edirdi. Ikinci dəfə ailə qurmaq maraqlı deyildi. Amma deyə bilmərəm ki, heç vaxt ailə qurmayacam. Bunu gələcək göstərəcək. Həyat davam edir. Öz gələcəyim haqqında proqnoz vermirəm, bu günlə yaşayıram. Ancaq gələcəyi düşünürəm ki, bu gün nə etsəm, gələcəkdə qarşıma çıxacaq. Yaponların bir misalı var: Allahı özünə güldürmək istəyirsənsə, gələcək planların haqqında danış. - Sizə ailə qurmaq təklif edən olub? - Həddən artıq çox. Əlbəttə ki, yox deyirəm. Çünki bura Azərbaycandır və mənim böyük yaşda övladlarım var. Artıq gəlinim, kürəkənim olmaqla 4 övladım var. Telefonumda oğlumun nömrəsinə adını “oğlum-ürəyim”, kürəkənimə “ağıllı balam”, gəlinimə “qızım, nazım”, qızıma “nəfəsim, canım” yazmışam. Bəlkə də övladlarım ailə qurmağıma pis baxmazlar. Onlar məni buna layiq görərlər. Belə bir şey olsa, ciddi yanaşsam, ilk növbədə övladlarımla məsləhətləşərəm, icazə versələr, ailə quraram. Dayım başda olmaqla ailəmizin ağsaqqalları ailə qurmağımın tərəfdarıdırlar. Amma başım sənətimə qarışıb deyə vaxtım yoxdur. Elə insanlar var ki, deyirlər, “nəvələrim, övladlarım üçün yaşayıram, balalarımın canı sağıdırsa, bu həyatda rahat yaşaya bilərəm”. Bu sözü qəbul etmirəm, bu, eqoistlikdir. Mən vətənim, xalqım üçün yaşayıram. Hər kəs mənim övladımdır. Deməli, sənin övladın sağ olsun, başqasınınkı ölsün? Övlad sadəcə məsuliyyətdir. Mən Allahdan ruzi-bərəkəti ancaq xalqımıza xidmət etmək üçün istəyirəm. - Bir qadın üçün tək yaşamaq çətin deyil? - Mən heç vaxt özümü tək, ya da tənha hiss etməmişəm. Hər zaman insanların məhəbbətini duymuşam. Mənim yerimə kim olsa insanların sevgisindən başı giccəllənər. Amma mən özümü bu xəstəlikdən qoruyuram. Bu, xərçəngdən də pis xəstəlikdir. - Sizdə şeir yazmaq həvəsi necə yarandı? - Uşaqlıdan şeir, məqalə yazmaq, mahnı bəstələmək istedadım olub. Anamın hekayətini yazırdım, adı da “Nuri və Seyidcahan”. Anam görüb ki, daha çox musiqi qoşuram, məni fortepiano dərsinə göndərib. Əvvəllər şairə qadınlara baxırdım, mənim üçün kişi kimi, kobud təəssürat yaradırdılar. Elə bilmişəm ki, şairələr əlləri hər yerdən kəsilən, çarəsiz qadınlardır, özlərini qələmlərində daha yaxşı tapırlar, sevgi toxluğundan yazmırlar, sevgi aclığından, dərddən yazırlar. Düşünürdüm ki, şeiri kişi yazar, eşq vurar başına, qadını vəsf edər. Öz-özümə deyirdim, yəqin, Mirvarid Dilbazi xoşbəxt deyil ki, şer yazır. - Siz nədən şer yazmağa başladınız? - Özüm də bilmirəm. Necə ki, mahnılarımda hər mövzuya, hər janra toxunuram, eləcə də şeirlərimdə. Eşqdən başlayıb vətəndə, ya da satira, fəlsəfədə bitirirəm. Geri dön |