Ana Sayfa > Xəbər > Hava məkanında lider ola bilərik

Hava məkanında lider ola bilərik


8-08-2015, 15:52. Yazar: admin
Hava məkanında lider ola bilərik
Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarı, təminatçısı, önəmli əhəmiyyətə malik tranzit məkan, ciddi strateji tərəfdaşdır. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən körpü, mühüm coğrafi məkan olmaqla yanaşı, beynəlxalq səviyyədə strateji əhəmiyyət daşıyan ölkədir. Zəngin enerji ehtiyatlarına malik olan bu respublikanın bölgədə enerji dəhlizi rolunu oynaması, nəhəng layihələrin gerçəkləşməsində həlledici söz sahibi olması dünyada etiraf edilib. Elə bu göstəricilərinə görədir ki, Azərbaycan davamlı şəkildə beynəlxalq arenada sayılan ölkəyə çevrilir.

Amma bu rolu daha da qüvvətləndirmək, genişləndirmək üçün yeni layihələrin icrasına ehtiyac duyulur və bunun üçün mühüm potensial mövcuddur. İctimaiyyət arasında, sosial şəbəkələrdə səsləndirilən mühüm fikirlərdən biri belədir: Azərbaycan nə üçün tutduğu strateji mövqedən daha səmərəli, əhəmiyyətli şəkildə yararlanmır?! Məsələn, hava məkanında lider tranzit ölkə statusunu qazanmaq, beynəlxalq uçuşların mərkəzinə çevrilmək istəmir?! Təbii ki, bu fikirlər çox ciddi, düşündürücü olduğundan bununla bağlı araşdırma aparmaq qərarına gəldik.

Hazırda Azərbaycanda 2 hava limanı fəlaiyyət göstərir. Bunların biri xarici ölkələrə, digəri isə daxili məkanlara uçuşlar həyata keçirmək üçün istifadə olunur. Beynəlxalq aeroportun rentabelli olub olmamasını müəyyənləşdirmək çətin olsa da, görünən odur ki, vəziyyət AZAL-ı qane edir. Amma regionlar üçün istifadə olunan köhnə aeroportun gəlirli işləməsini demək mümkün deyil. Çünki hazırda buradan gündə Naxçıvana ondan çox reys, digər bölgələr isə demək olar barmaqla sayılası uçuşlar reallaşdırılır. Belə olan halda, bu aeroportu daha da genişləndirib gəlirli sahəyə çevirmək mümkündür. Tranzit məkan kimi Asiyadan Avropaya və əks istiqamətlərə uçan təyyarələr burada eniş edə bilər. Ən azından bu aeroportu hansısa xarici ölkənin şirkətinə icarəyə verməklə də bunu etmək olar. Mütəxəssislər bu ideyanın da çox faydalı olacağını düşünürlər.

Məlumdur ki, bütün uçuşlar Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) tərəfindən tənzimlənir. Hava nəqliyyatında sərnişinlərin və yüklərin daşınmasını tənzimləyən Varşava, Monreal konvensiyaları mövcuddur ki, bunlar sərnişin və yük daşımalarının hüquqi tələblərini özündə əks etdirir. Yükün, sərnişinin daşınması ilə bağlı şərtlər, hüquqlar burada dəqiq göstərilir. Orada mülki aviasiya ilə bağlı dövlətlərin üzərinə düşən şərtlər var. Məsələn, hava məkanının verilməsi, yerüstü naviqasiya sistemləri, eləcə də despetçer xidmətləri vasitəsilə təyyarələrə düzgün istiqamət verilməsi və. s. Ona görə də hava məkanının seçilməsi, haradan haraya uçmaq beynəlxalq hüquqla tənzimlənir.

Əslində, Azərbaycanın hava uçuşlarında beynəlxalq strateji məkana çevrilməsi üçün hüquqi baza var. Azərbaycan prezidenti 2012-ci il aprelin 24-də “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı (bundan sonra - Dövlət Proqramı) “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO), Avropa Mülki Aviasiya Konfransının (ECAC) və digər beynəlxalq mülki aviasiya təşkilatlarının standartları və tövsiyə olunan təcrübəsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla hazırlanıb. Dövlət Proqramında aviasiya təhlükəsizliyi dedikdə, mülki aviasiya sahəsində aeroportların, hava gəmilərinin və mülki aviasiyanın digər obyektlərinin mühafizəsi, ekipaj üzvlərinin, xidmət personalının və sərnişinlərin həyat və sağlamlığının qorunması, əl yüklərinin, baqajın, poçtun, digər yüklərin və hava gəmilərindəki bort ehtiyatlarının yoxlanılması, hava gəmilərini zəbt etmək və qaçırmaq cəhdlərinin qarşısının alınması, təhlükə mənbələrinin və risk faktorlarının müəyyən edilməsi yolu ilə şəxslərə və əmlaka zərər vurulması riskinin minimuma endirilməsi məqsədi ilə həyata keçirilən, habelə uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin və səmərəliliyinin təmin edilməsinə xidmət edən kompleks tədbirlər məcmusu nəzərdə tutulur.

Dövlət Proqramı daxili və beynəlxalq uçuşlarda tətbiq edilir və mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınmasına yönəlmiş qaydalar, təcrübə və prosedurlar vasitəsilə həyata keçirilir. Dövlət Proqramının icrası çərçivəsində aviasiya subyektlərindən aviasiya təhlükəsizliyinin təmin edilməsi səviyyəsində müntəzəm monitorinqini və qiymətləndirilməsini aparmaq, uçuşların ümumi təhlükəsizlik səviyyəsini artırmaq tələb olunur. Sərnişin və yük daşınmasında təhlükəsizliyin təmin edilməsi dövlətin prioritet vəzifələrindən biri olduğundan, Dövlət Proqramı aviasiya təhlükəsizliyinin, o cümlədən uçuşların təhlükəsizlik səviyyəsinin daha da yüksəldilməsinə yönəlmiş strateji məqsədləri müəyyən edir.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun fikrincə, dünyada beynəlxalq tranzit ölkə statusu qazanan yerlər var. Onlardan ən məşhuru Honkonqdur. Böyük Britaniyanın müstəmləkəçiliyindən azad olunandan sonra Honkonq məhz bunun hesabına inkişaf etdi. Oradakı aeroportlarda elə xidmət təşkil etdilər ki, Avropadan Okeaniyaya, Avstraliyaya uçanlar, eləcə də Cənub Şərqi Asiyadan - Tailanddan, Vyetnamdan, İndoneziyadan ABŞ-a uçanlar gedib orada dayanırlar. Burada yanacaq doldurulur, sərnişin götürülür və digər xidmətlər görülür. Ona görə də çox ölkələrin şirkətləri məhz Honkonqda dayanmağa üstünlük verir.

Azərbaycan istəsə bunu tam edə bilər. Yəni, əslində xidmətin səviyyəsi ilə də bunu etmək mümkündür. Çünki çox gözəl coğrafi məkanda yerləşirik. Çox yaxşı olar ki, Avropadan gələnlər Yaxın və Uzaq Şərqə - Yaponiyaya, Çinə, Koreyaya, İndoneziyaya, Tailanda, Malaziyaya, hətta Hindistana getmək üçün Bakıdan istifadə etsinlər. Bu, çox yaxşı olar və aeroportlarımızın rentabelliliyi yüksələr. İndi bu funksiyanı İstanbul yerinə yetirir. Xarici ölkələr Türkiyədən istifadə edirlər. Müharibə olmayandək Suriyadan istifadə edirdilər. İndi ən çox Türkiyədən istifadə olunur. Lakin rəqabət yaratmaq lazımdır.

Təbii ki, bu işləri reallaşdırmaq üçün ciddi işlər görülməlidir. Bu məsələdə təhlükəsizlik yüksək səviyyədə olmalıdır. Təyyarələrin qəbul etmək tezliyi var. Honkonqda 2 dəqiqədən bir təyyarə qəbul edib yola salmaq mümkündür. Amma bu, bizdə mümkün deyil və bu, asan məsələ də deyil. Bizdə uçuş-enmə zolağı, hava məkanı elə olmalıdır ki, bir-biri ilə kəsişməsin, məsafə aralı olsun. Belə olmasa, qəza baş verən zaman aləm bir-birinə qarışar. Təyyarə ilə avtomobil eyni deyil. Bakının təyyarələrin beynəlxalq tranzit mərkəzinə çevrmək üçün ucuz şərtlərlə yanacaq vermək, gömrük, sərhəd məsələri ideal vəziyyətə gətirmək lazımdır və bunu ermək mümkündür. Sadəcə olaraq, bu məsələyə ciddi diqqət yetirmək, qarşıya məqsəd qoymaq lazımdır.

Amma indiki halda heç kimi məcbur etmək mümkün deyil ki, Bakıda eniş etsin. Beynəlxalq Konvensiya buna imkan vermir. Konvensiyalarda şərtlər var, icazə verilməlidir, icazə olmasa, aeroporta eniş etmək mümkün deyil. Ancaq məcburi hal yarananda eniş etməyə imkan verilir.

Əslində, bu, biznesdir, qeyri-neft sektorunun inkişafıdır. Honkonq, Sinqapur məhz belə inkişaf edir. İndi Sinqapur dünyanın ən məşhur tranzit gəmi, təyyarə daşınması marşurutlarından biridir. Tranzit hesabına Sinqapur milyardlar qazanır. Amerikanın Sakit okeanda balaca Quam adası var, orada cəmi 10 min insan yaşayır. Onlar təyyarələrin tranzitindən milyardlarla dollar qazanırlar.

Azərbaycanda aeroportların genişləndirilməsi ilə bunu etmək mümkündür. Bunun üçün imkanımız, vəsaitimiz, şəraitimiz var, sadəcə infrastruktur, xidmət şəraiti yaratmaq lazımdır. İndi almanlar, çinlilər icarəyə götürüb bunu edə bilərlər, onlar bunu ustalıqla bacarırlar. Amma bunu özümüz etsək daha yaxşı olar, neftdən asılılığımız nisbətən azalar, yeni iş yerləri, kadrlar yaranar və kapital axını başlayar. Həmçinin, bu, turizmin inkişafı üçün böyük imkanlar yaradar. Çünki Azərbaycanın qış və yay turizmi üçün geniş imkanlara malik olması, dəniz kənarında yerləşməsi də onu dünyada cəlbedici edir.

İndi Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı layihənin gerçəkləşməsinin mümkün olmadığı hər kəsə sirr deyil. Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, həmçinin TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihəsi ölkəmizin regionda və beynəlxalq aləmdə mərkəzə çevirib.

Bundan əlavə, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun çəkilişi Azərbaycanın geostrateji əhəmiyyətini artırmaqla yanaşı, regionda vacib tranzit məkana çevrilməsinin növbəti təsdiqidir. Çin, Orta və Şərqi Asiya dövlətləri İpək Yolu ideyasının müasir formada bərpası sayılan bu dəmir yolu layihəsinə böyük maraq göstərir. Asiya ilə Avropanı birləşdirəcək olduqca əhəmiyyətli və sərfəli layihənin icrası mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycanın quruda, həmçinin dənizdə üstünlük verdiyi layihələrdir. Zənnimizcə, hava nəqliyyatında da Azərbaycanı tranzit məkana çevirmək gələcək nəsil üçün ən böyük xidmət olacaq.

Bir sözlə, Azərbaycan əhalisinin dünyəviliyi, sülhpərvər olması bu ideyanın gerçəkləşməsinə əsas yaradır. Bunun üçün, ilk növbədə, güclü infrastruktur, təhlükəsizlik şəraiti yaratmaq, təyyarələri qəbul edib yola salmaq, yanacaqla təminat, təyyarələrə texniki, sərnişinlərə yüksək xidmət göstərmək, ciddi təşkilatçılıq mexanizmi hazırlamaq kimi mümüh amillər lazımdır. Amma təəssüf ki, indiki şəraitdə bunu alındırmaq çətin görünür, çünki "Azərbaycan Hava Yolları" (AZAL) Azərbaycanda elə şərait yaradıb ki, heç bir xarici aviaşirkət Bakıya gəlmək belə istəmir.

Geri dön