Ana Sayfa > Xəbər > “Yanacağın qiyməti qalxmayacaq”

“Yanacağın qiyməti qalxmayacaq”


31-03-2015, 14:36. Yazar: admin
“Yanacağın qiyməti qalxmayacaq”
“Yerli satış bazarlarında isə qiymət qalxmasına heç bir zəmin yoxdur”.

Bunu Hafta.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. İqtisadçı ekspertin sözlərinə görə, neftin dünya bazar qiymətinin aşağı olması ölkədə yanacağın qiymətini qaldırmaq üçün heç bir əsas vermir:

“Benzin və dizel yanacaqlarının bahalaşacağı proqnozlaşdırılmır. Neftin dünya bazar qiyməti aşağıdır. Hesab edirəm ki, benzin və dizel yanacaqlarının xərcində də hələlik dəyişiklik etməyə əsas yoxdur. İndiki məqamda yanacağın qiymətinin artırılmasına da ehtiyac duyulmur. Çünki xərclərdə dəyişiklik olmayıb. Azərbaycan özü yanacaq istehsal edir. Ölkəmizə xaricdən yanacaq məhsulları idxal olunmur. Həm də yanacaq üçün lazım olan xammal da yerli istehsaldır. Buna görə də benzin və dizellərin qiymətini qaldırmağa iqtisadi zəmin yoxdur. Düşünürəm ki, hələlik yanacağın qiyməti qalxmayacaq”.

Vüqar Bayramov bildirib ki, dünya bazarında neftin qiymətinin ucuzlaşması Dövlət Neft Şirkətinə (ARDNŞ) bir o qədər də təsirini göstərməyib. Ona görə də SOCAR-ın bundan ziyan çəkmədiyi kimi, daxildə bazara çıxardığı yanacağın qiymətini qaldırmasına da lüzum yoxdur:

“SOCAR neftin qiymətinin ucuzlaşmasından ciddi ziyana düşməyib. Çünki Dövlət Neft Şirkətinin istehsal etdiyi məhsulların böyük əksəriyyəti daxili bazara çıxarılır. ARDNŞ əsasən konsorsiumdakı payına görə zərərə düşüb. Bu da SOCAR-ın 10 faiz gəlirini əhatə edir. Amma Dövlət Neft Şirkəti istehsal etdiyi məhsulu daxili bazarda satır. Yerli satış bazarlarında isə qiymət qalxmasına heç bir zəmin yoxdur. Çünki dünyada neftin qiymətinin düşməsindən SOCAR yox, Dövlət Neft fondu ziyan görür. Ərəb ölkələrində yeni müharibə ocaqlarının yaranması da dolayı yolla ölkəmizdə daxili yanacağın qiymətini qaldırılması üçün əsas deyil”.

Geri dön