Ana Sayfa > Xəbər > Bir dollar iki manat olacaq?

Bir dollar iki manat olacaq?


31-03-2015, 13:07. Yazar: admin
Bir dollar iki manat olacaq?
İndi Bakıda kütləvi dollarlaşma prosesi başlayıb. Evlər, maşınlar dollarla satılır, əhali evindəki nağd vəsatiləri yavaş-yavaş dollara çevirməyə başlayır.

ANS PRESS-in araşdırmasına görə, əhalini ən çox qorxudan məsələ ilin sonuna qədər 1 dolların 2 manata bərabər olacağı barədə yayılan dedi-qodulardır. Əslində, əhali manatla bağlı istənilən söhbətə həssas yanaşır. Məsələn, hələ devalvasiyadan xeyli əvvəl ölkə rəhbərliyi səviyyəsində manatın avroya bərabər edilməsinin vacibliyi barədə ilk mesajlar səsləndirilən kimi əhali dərhal buna reaksiya verdi və manatla olan əmanətlərini banklardan çəkməyə başladı. Nəticədə, Mərkəzi Bankın (AMB) məlumatına görə, 2015-ci ilin yanvar ayında milli valyutada olan əmanətlər 146,1 milyon manat azaldı və xarici valyutada olan əmanətlər isə 79 milyon manat artdı.

İqtisadçı ekspert Samir Əliyev ilin sonuna kimi bu prosesin davam edəcəyini proqnozlaşdırır. Onun sözlərinə görə, Mərkəzi Bankın 5 mart tarixli məktubu ilə açıq valyuta mövqeyi üzrə limitin tətbiqini 1 yanvar 2016-cı il tarixinə qədər dondurması da bu prosesi sürətləndirəcək. “Açıq valyuta mövqeyi limiti məktuba qədər 10 faizə bərabər idi və banklar məcmu kapitalının 10%-i həcmində valyuta mövqeyi aça bilərdi, o cümlədən kredit verə bilərdi. İndi isə bu limit götürülüb və banklar istədikləri qədər xarici valyuta ilə kredit verə bilərlər. Bu isə ilin sonuna kimi dollarla kreditləri və əmanətləri maksimuma çatdıracaq, manat kredit və əmanətlərini isə sıfıra endirəcək”,- deyə Samir Əliyev ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib.

Beləliklə, əmlak və avtomobil bazarını tərk etmiş və ərzaq ticarəti sektoruna sıxışdırılmış manat kredit və əmanət bazarını tam tərk edəcək. Nəticədə, AMB-nin 9 il qabaq gerçəkləşdirdiyi denominasiya nəticəsində manata qazandırdığı uğurlar tarixə gömülmüş olacaq. Bir sözlə, manat de-fakto milli valyuta rolunu itirməkdədir.

“Dolların Azərbaycanda əsas yığım və ticarət vasitəsinə çevrilməsi manatın məzənnəsinə olan təzyiqləri daha da artıracaq. Düzdür, məzənnəyə əsas təzyiqlər neftin qiyməti vasitəsi ilə edilir, amma əhalinin hansı valyutaya üstünlük verməsinin də rolu az deyil”, - deyə Samir Əliyev vurğulayır.

Əslində, Mərkəzi Bankın məktubundan istifadə edərək bankların bütün kreditləri dollarla verməsi Azərbaycan qanunvericiliyinin pozulması deməkdir. Mülki Məcəllənin 439.1-ci maddəsinə görə, Azərbaycan hüquqi və fiziki şəxsləri borcu və ya krediti yalnız manatla verə bilərlər. Maddədə deyilir: “Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər”.

Yəni Azərbaycan hüquqi şəxsi olan banklar dollarla kredit verə bilməz, eyni zamanda əmanət götürə bilməz. Azərbaycan vətəndaşının yalnız xarici bankların Azərbaycandakı filialından dollarla kredit götürə bilər və ya dollarla əmanət yerləşdirə bilər. Amma Məcəllənin 439.1-ci maddəsində deyilir ki, xarici valyuta ilə verilmiş kreditin ödəniş müddəti çatanda məzənnə artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Göründüyü kimi, bu da elə kreditin manatla verilməsi və ya əmanətin manatla qoyulmasına yaxın variantdır.

Təbii ki, banklar bilərəkdən və ya bilməyərəkdən Mülki Məcəllənin bu normasını pozurlar və məsələ dəfələrlə Milli Məclisdə müzakirəyə çıxarılıb. “Kreditlər hamısı milli valyuta ilə verilməlidir. Amma buna baxmayaraq banklar vəziyyətdən sui-istifadə edərək kreditləri dollarla verməyə çalışır. Daha öncə dollarla verilmiş kreditlərdə vəziyyət daha ağırdır, əhalidən artıq pul almaqda davam edirlər. Milli Məclis bu məsələyə dəfələrlə baxıb və vəziyyəti sərt tənqid edib. Amma problem həll edilməyib”,- deyə parlamentin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov ANS PRESS-ə bildirib.

Millət vəkili məsələ ilə bağlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun banklara faiz dərəcələrini 3-5% aşağı salmağı tövsiyyə etməsinə də toxunub: “Bu vəziyyətdən çıxış yolu deyil. Biz düşünürük ki, dərəcənin 3-5 faiz endirilməsi ilə məsələ həll edilə bilməz. Kreditlər milli valyuta ilə verilməlidir və əvvəl dollarla verilmiş kreditlər isə verilmə tarixinin məzənnəsi ilə ödənilməlidir”.

Geri dön