Ana Sayfa > Xəbər > Uşaq stomatoloji poliklinikasında rüşvət tüğyan edir
Uşaq stomatoloji poliklinikasında rüşvət tüğyan edir31-03-2015, 12:37. Yazar: admin |
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda paytaxtın Nərimanov rayonunda yerləşən Uşaq stomatoloji poliklinikasında yer almış korrupsiya hallarına dair növbəti açıqlamalar təqdim olunub. Qəzetimizin ötən saylarında biz artıq bir neçə dəfə bu tibb müəssisəsində baş verənlərlə bağlı tənqidi material dərc etmişdik. Həmin materiallarda qeyd olunmuşdu ki, baş həkim Rafael Sultanovun rəhbərlik etdiyi bu poliklinikada bərqərar olmuş vəziyyət əslində nə uşaqların, nə də ümumiyyətlə heç bir xəstənin müalicəsi üçün qətiyyən əlverişli deyil. Həm də bu fikirlər son vaxtlar uşaqlarının dişlərinin müalicəsi məqsədilə sözügedən poliklinikaya müraciət etmiş əksər valideynlər tərəfindən də təsdiq olunur. Belə ki, uşaqlarını bu poliklinikaya gətirmiş bir neçə valideyn göstərmişdi ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin pulsuz olduğu qanunla müəyyənləşdirildiyi halda, uşaq stomatoloji poliklinikasının baş həkimindən tutmuş, tibb bacılarına qədər bütün personalı xəstələrdən hər bir xidmətə görə pul tələb edirlər. Valideynlərin xüsusi hiddətinə səbəb isə belə bir məqam olmuşdu ki, burada pul ödənmədiyi halda nə uşağa vurulan ağrıkəsici preparatların köhnə olmadığına, nə də qanaxma hallarının olmayacağına zəmanət vermək olmaz. Daxil olan məlumatlarda vurğulanan məqamlardan biri də bu idi ki, Rafael Sultanov rəhbərlik etdiyi poliklinikada çalışan bütün həkimlərdən aylıq haqq yığır. Amma bu zaman o, digər baş həkimlər kimi xəstələrin “cibini güdmür”. Sadəcə olaraq poliklinikanın həkimləri hər ay aldıqları maaşdan və ya qazandıqlarından Rafael Sultanova müəyyən edilmiş məbləğdə “haqq” ödəyirlər. Yeni aldığımız məlumatda isə poliklinikada olan mənbələrdən biri həmin aylıq haqqın məbləğinə dair açıqlama vermişdir. Məlumatda bildirilir ki, Rafael Sultanovun hər kabinetə təyin etdiyi aylıq yığım məbləği 300 manatdır. Daxil olan digər məlumatlarda isə bu poliklinikada tətbiq olunan “ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. Bildirilir ki, poliklinikanın baş həkimi ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyir. Belə ki, Rafael Sultanov həmin şəxslərin hər birinin maaş cədvəlindəki adlarının qarşısına müəyyən məbləğdə pul yazaraq saxta imzalarla məvacibləri, o cümlədən onların adına yazılan yardım və mükafat pullarını da mənimsəyərək dövlətə külli miqdarda ziyan vurur.Əslində artıq neçə müddətdir ki, qəzetimizin səhifələrində ölkənin səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc edirik. Məlum olduğu kimi bu gün respublikamızın səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlar Azərbaycanın bu sahədə hələ də uyğunlaşa bilmədiyi beynəlxalq standartlar səviyyəsinə yaxınlaşması məqsədini güdür. Lakin etraf etməliyik ki, tibb elminin müxtəlif sahələrində dünya səviyyəsində tanınmış, görkəmli alimlərimizin, həkimlərimizin olmasına baxmayaraq ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürək açan deyildir. Təbii ki, tibb müəssisələrimizə Rafael Sultanov kimi kadrlar rəhbərlik etdikcə, səhiyyəmizin inkişafını gözləmək əbəs olacaq. Ümid edirik ki, ölkənin Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən Uşaq stomatoloji poliklinikasında yaranmış vəziyyətə aydınlıq gətirmək üçün lazımi tədbirlər görüləcək. Geri dön |