Ana Sayfa > Xəbər > Rafiq Tağının qardaşı: “Anamız onun öldüyünü bilmir, soruşur ki...”
Rafiq Tağının qardaşı: “Anamız onun öldüyünü bilmir, soruşur ki...”5-08-2015, 18:32. Yazar: admin |
![]() Bu gün - avqustun 5-i qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının doğum günüdür. Bu münasibətlə musavat.com-un əməkdaşı qatili hələ də tapılmamış Rafiq Tağının evində olub və onun ailə üzvləri ilə görüşüb. Əməkdaşımızın Rafiq Tağının qardaşı İlqar Tağı ilə müsahibəsini diqqətinizə çardırırıq: - Sizin ananız oğlunun ölümündən hələ də xəbərsizdir? - Bilmir. Bildirmək istəmirik. Onun bunu bilməsini maksimum yubadacayıq. Yaşlı qadındır, dözə bilməz. Ancaq belə aldatma yolu ilə onu qorumağa çalışırıq. Bizim nəsilə yalan danışmaq yaraşmır. Amma buna məcburuq. - Nə demisiz, ona..? Rafiq Fağının harada olduğunu demisiz? - Demişik ki, kitab nəşri ilə bağlı Londona gedib. Çünki Rafiq 11 il Rusiyada yaşayıb. Ona görə də, anamız düşünür ki, bir dəfə xaricə gedibsə, yenə də gedə bilər. Ancaq arada soruşur ki, axı, Rafiq niyə zəng etmir? Biz də deyirik ki, internet üzərindən əlaqə saxlayırıq, Rafiqlə... Kitabları çıxanda göstəririk ki, bax, yeni kitabı çıxdı. Bu yaxınlarda Londonda ingiliscə kitabı çıxmışdı, onu da göstərdik. - Rafiq bəyin Londonda çap edilən kitabı kimin təşəbbüsü ilə nəşr edilib? - Sağlığında Rafiq özü təşəbbüs göstərmişdi. Sadəcə, biz bu işi davam etdirdik. Bir neçə tərcüməçilərimiz var ki, kitabı onlar tərcümə etdilər. Biz də onu anamıza göstərib, deyirik ki, bax, Rafiq yeni kitabını çıxartdı. - Bəs, özü danışmaq, görmək istəmirmi, oğlunu..? - İstəyir, ağlıyır, amma dözürük də... Nə edək, ikinci itkini istəmirik, axı... O, Rafiqin ölüm xəbərinə dözə bilməz. Bu ehtimaldan özümüzü siğortalayırıq. Elə bil bu yolla anamızın ömrünü uzadırıq. - Rafiq bəyin Rusiyadakı qızı Leyla nənəsi ilə görüşdümü? - Görüşdü. Onu da təlimatlandırdıq ki, atası ilə yazışdığını desin. Bir şey bildirməsin. Leyla rus dillidir, ancaq yenə də tənbeh etdik. - Qardaşınızın qətliylə bağlı istintaq işi bağlandı. Bununla razılaşdızmı? - Razı deyilik, əlbəttə... Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişik. Üzləşmək istədiyimiz insanlar var, bizi onlarla üzləşdirsinlər. Suallarımıza cavab versinlər. Tanımadığımız sarışın bir xanım gəldi və Rafiqə iynə vurub, getdi. Üç gün boyunca biz o xanımı görməmişdik. İynə vurduqdan sonra da görmədik. O xanımı göstərsinlər, bizə... Sarı rəngdə məhlul vurdu bədəninə, onun tərkibini göstərsinlər, bizə... Soruşuruq, amma deyirlər ki, istintaq sirridir. Maddənin tərkibi istintaq sirri ola bilərmi? Bəzi şəxslər var, şəxsən mənim şübhələndiyim... Rafıq vurulan müddətdə tez-tez xəstəxanaya gəlirdilər. Mən qardaşı olaraq, Rafiqi görə bilmirdim, amma onlar soxula bilirdilər, içəri... Niyə..? Məndən artıq istəyirdilər Rafiqi..? Necə olurdu ki, onlar belə rahatlıqla içəri girə bilirdilər? Və necə olur ki, indi onlar ortalıqda yoxdurlar? Həmişə gəlib gedirdilər, soruşurdular. Mən onların haqqında məlumat vermişəm. Bəs niyə bizi onlarla üzləşdirmirlər? - Siz şəxsən tanıyırdızmı, o adamları..? - Bəli, şəxsən tanıyırdım. Bəzi qurumlarla əlbir olan adamlar idilər. Bəlkə sifarişi yerinə yetirib, ortalıqdan itdilər? İndi siz bu yazını yayımlayacaqsız, onlar bunu görüb, oxumayacaqlar? Suallarımıza cavab versinlər. Prezidentin şəxsən göstərişi var ki, qatil tapılsın. Bəs, nə üçün etmirlər? Maraqları nədir? Ya bu işdə səriştələri yoxdur. Ya da məni çağırmalıdırlar ki, “İlqar sualın nədir, nə üçün bizi ifşa edirsən?” Mənim istəyim Rafiqin qatillərinin tapılmasıdır. Mən onların ifşa olunmasını istəyirəm. Onların tapılması üçün hərəkət etmələrini, təşəbbüs göstərmələrini istəyirəm. Qatil var və haradasa gizlənir. Bu, ailə üçün təhlükədir. Dövlətə təhqirdir ki, onun ziyalısına əl qaldırıblar və onlar bir ziyalının qatilini tapa bilmirlər. Bunun yozumu nədir axı..? Rafiq 30-40 il yaşayardı, bundan sonra da... Özü həkim adam idi, sağlam insan idi. İntelektual sferada nüfuzlu şəxs idi. Konkret fikir adamı idi, sözlərinin kəsəri vardı. Ədəbiyyatda cərəyanlara yol açırdı. Çar Rusiyası Mirzə Fətəlini qoruya bilirdi, Mirzə Cəlili qoruya bilirdi, amma sən Rafiqi qoruya bilmədin. Yaxşı, bəs, canini niyə tapmırsan? İran mollaları təbrik göndərir ki, Rafiq öldü. Amma Şeyxülislam ağzına su alıb, oturur. Kimsə, kiminsə xoşuna gəlmədikdə onu öldürərlər? Heç fikir adamını da öldürərlər? O, ölkənin tərəqqisi üçün çalışırdı. Vətənsevər insan idi, Allahsevər insan idi. “Avropa və Biz” yazısına görə öncə həbs olundu, daha sonra qətlə yetirildi. Hansısa yazıya görə həbs olunmağın özü də utancvericidir. Axı, Konstitsiyamızda söz azadlığı, fikir azadlığı var. Məhkəmədə Rafiqə qarşı çıxış edənlərə deyirdim ki, “Sən muzdlusan, sənin qiymətin 2 manatdır”. Onlar da deyirdilər ki, “İşimizi yerinə yetirdik, imkan ver gedək". - Siz bayaq qeyd etdiniz ki, Rafiq bəy Allahsevər insan olub. Bəs, dindarlar onu ateist adlandırırdılar. Buna nə deyə bilərsiz? - Ateist olmaq əskiklik gətirmir. Dünyanın tərəqqisində rolu olan 10 adamdan 9-u ateist olub. Rafiq həkim idi. Tibbi gözəl bilirdi. O, mikroskopik səviyyədə dərk edirdi ki, bunu Allah yaradıb, Allahsız mümkün deyil. O, sadəcə, dinlərin korrektə olunmasını istəyirdi. Dindarlar deyirlər ki, oğrunun əlini kəsmək lazımdır. Axı, oğurlayan əl deyil, başdır. Ona görə də başdakı düşüncəni dəyişmək lazımdır. Bizim Tağı babamız hacı olub. Kəndimizdə məscidi də var. Hər kəs dinə inanıb, inanmamaqda sərbəstdir. Rafiq heç vaxt Allahı inkar etməyib. Əgər kimsə Rafiqin yazısında elə bir cümlə tapıb, mənə göstərsə, mən o zaman sizin dediyinizlə razı olaram. - Bildiyim qədəriylə “Rafiq Tağı” mükafatı təsis olunub, kimlərin təşəbbüsü ilə..? - O mükafat “Dalğa” Gənclər Təşkilatının təşəbbüsü ilə təsis edilib. Hər il Rafiqin qətlə yetirildiyi gün - 11 noyabrda demokratik fikirli gənclərə, azad söz carçılarına, Rafiqin xəttini gedən, azad sözünü deyə bilən yazıçılara, jurnalistlərə, fikir adamlarına verilir. Bu, davamlı olacaq. - Bəs, yeni kitablar çıxarmaqda davam edəcəksizmi? - Rafiqin ölümündən sonra üç kitabını çıxartmışıq. Londonda çıxan kitabı ilə birlikdə dörd kitabı çıxıb. Noyabrda esselərini kitab şəklində çıxartmağı düşünürük. Gec də çıxa bilər, amma biz artıq başlamışıq, bu işə... - Rafiq bəy tibb işçisi idi. Bəs yazmaq eşqi onda nə zamandan bəri vardı? - Gənclik illərindən... O, şeirlə başlamışdı, yazmağa... Mən uşaq idim, amma jurnallarda görürdüm, onun tələbə vaxtı yazdıqlarını... Rafiq atama jurnalist olmaq istədiyini bildirmişdi. Atam isə xoşluqla onu fikrindən yayındırmlşdı. Demişdi ki, “həkim ol, yazı yazmağına kim mane olur ki...?” (gülür...) O, həkim işləsə də, əsas gücünü yazıçılığa vermişdi. Bəxtiyar Vahabzadə onu müasir Mirzə Cəlil adlandırmışdı. Elə öz müasirləri ona klassik deyirdilər. Rafiqin dəyərini ədəbiyyatçılar bilirdilər. - Rafiq bəyi kimdən soruşsam, mütləq onun humanist olduğunu vurğulayır. Bizə onun humanistliyi ilə bağlı xatirələrinizdən danışa bilərsinizmi? - Bayramlarda ailəliklə yığışıb, rayona gedərdik. Atamızın məzarını ziyarət edərdik. Məzar ziyarətindən dərhal sonra Bakıya yola düşürdük. Saat 11-də Bakida olmalı idik, amma biz Bakıya gəlib, axşam çatırdıq. Kənddə qadınlı-uşaqlı, kişili hamı yığışıb, gələrdilər bizə, növbə olurdu. Deyirdim ki, Rafiq, bax gecikirik, getməliyik. Amma bəzən elə olurdu ki, həmin gün də orada qalmalı olurduq. Rafiq onları təmannasız müalicə edirdi. Rafiq iki il qonşu kənddə işləyib. O, işdən qayıdandan sonra evdə xəstələri qəbul edirdi. İndi də kəndə gedəndə bizi görən insanlar deyirlər ki, “40 il artıq yaşamışamsa, Rafiqin hesabına yaşayıram”. Elə yazıçı dostları var ki, onun yazdığı resepti üzərində gəzdirir, həm də xatirəsi olduğu üçün… Onun təbibliyi yazılarında da hiss olunur. O, cəmiyyətdəki probləmlərin diaqnozunu qoyurdu. Xəstəni sağaltmaq üçün acı dərman verilməlidirsə, ya da sağlam olmayan yer kəsilməlidirsə, Rafiq də bunu yazılarında edirdi. Kəskin, sərt yazırdısa, deməli, belə də olmalıdır ki, cəmiyyətdə şok effekti yaratsın. Titrəyiş olsun. Nə edirdisə, sevgi ilə edirdi. Xəstəni sağaltmaq eşqi vardı, onda... Təəssüf ki, bəzi insanlar onu başa düşmədilər. - Qardaş kimi münasibətləri necə olub, sizinlə..? - Biz qardaşdan artıq idik. Qardaş odur ki, qan qohumluğun var. Amma biz həm də dost-sirdaş olmuşuq. Bir dəfə biz dörd qardaş və Rafiqin uşaqlıq dostu yığışdıq, getdik, Şıxov çimərliyinə... Təsəvvür edin ki, biz 6-7 saat danışdıq, güldük. Sanki həmin günümüz gözə gəldi. Baxmayaraq ki, mən xürafatçı deyiləm, hər halda, amma belə bir deyim var. Çox səmimi insan idi, lətifələr danışıb, güldürürdü bizi... “Ütülü insan” olmayıb. Kinli insan olmayıb. Çox azad insan idi. Nə görürdüsə, onu üzə deyirdi. Azad olmağı, səhvi üzə deməyi sevirdi. Biz ancaq lideri tərifləməyi bacarırıq. Niyə həmişə tərifləyək ki, bəzən yanlışlarını da söyləyək. Əgər, o, əsl liderdirsə, bunu qəbul edəcək. Muğam dinləyəndə gözündən yaş gələrdi. Çox gözəl musiqi duyumu vardı. Musiqini mənim üçün analiz edirdi və heyrətə gəlirdim. Necə ola bilər ki, o, bunu görə bilirdi, mən isə yox… Heyif, itirdik onu... Geri dön |