Ana Sayfa > Xəbər > AXCP ilə Müsavatın tarixi BLOK ƏNƏNƏSİ BİTDİMİ?
AXCP ilə Müsavatın tarixi BLOK ƏNƏNƏSİ BİTDİMİ?5-08-2015, 16:06. Yazar: admin |
Parlament seçkilərinə 3 aydan da az bir zaman kəsiyi qalıb. Seçkilər öncəsi bir–biri ilə söz savaşına ara verməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası arasında soyuq savaş bəs bundan sonra səngiyəcəkmi? Bunun üçün yetərli səbəb də var. Səbəb isə AXCP-nin bu birliyə “ləkə” adlandırdığı Rauf Arifoğlunun artıq Müsavatdan istefa verməsidir. Bundan sonra hər iki partiya ənənəyə sadiq qalaraq, seçkilərə blok şəklində gedəcək, yoxsa Rauf Arifoğlu da cəbhəçilər üçün bir bəhanə idi? “Hafta.az-ın debatı”nda bu dəfə parlament seçkilərinə ACXP- Müsavat cütlüyünün blok, yoxsa ayrıca olaraq qatılacağını öyrənməyə çalışdıq. AXCP sədrinin müavini Gözəl Bayramlı Hafta.az-a açıqlamasında bildirdi ki, onlar bu gedişlə Müsavatla eyni blokda yer almayacaqlar. Gözləl Bayramlı deyir ki, bizim parlament seçkiləri ilə bağlı mövqeyimiz Milli Şuranın mövqeyi ilə üst–üstə düşür: “Milli Şura da öz mövqeyini son sessiyada cəmiyyətə təqdim edib. Biz müəyyən şərtlər daxilində bu seçkilərdə iştirak edəcəyik. Biz normal rəqabət mühiti yaradılmadan bu seçkilərə qatılmayacağıq. Təbii ki, seçkilərdə iştirak etmək istəyirik. Ancaq son qərar hələlik verilməyib. Vəziyyətdən asılı olaraq qərarımızı verəcəyik. Blok olarsa, bu Milli Şura bloku olacaq. Yalnız Milli Şuranın parlament seçkilərində iştirakından söhbət gedə bilər. Başqa digər partiyalarla nə blok yaradılması müzakirə olunmayıb, nə də gündəmimizdə belə bir mövzu yoxdur”. Əks tərəfin mövqeyi də heç Gözəl Bayramlının dediklərinin altında qalası cavaba oxşamadı. Məsələyə münasibət bildirən Müsavat yetkilisi Mustafa Hacıbəyli Hafta.az-a açıqlamasında bildirdi ki, onlar onun tərəfdarıdır ki, müxalifət mümkün qədər çox namizəd irəli sürsün: “Söhbət AXCP-dən, Müsavatdan, onlara olan münasibətdən getmir. Bizim əsas məqsədimiz bu seçkilərdən mübarizə vasitəsi kimi istifadə etməkdir. Parlament seçkiləri seçkinin yox, mübarizənin növbəti mərhələsidir. Belə olan halda vahid namizədlərin də olmasının, seçkilərə bu cür qatılmanın da elə bir əhəmiyyəti yoxdur. Düşünürəm ki, müxalif partiyalardan nə qədər çox namizəd qatılsa, bir o qədər yaxşıdır. Bu daha çox effekt verə bilər”. Geri dön |