Ana Sayfa > Xəbər > Tək səbir Həsən: “Yeni filmimdə seksual azlıqları tənqid eləmişəm”
Tək səbir Həsən: “Yeni filmimdə seksual azlıqları tənqid eləmişəm”31-03-2015, 12:20. Yazar: admin |
Müsahibim vaxtilə teleməkanda çox populyar olan “Taksi”, “Tək səbir” telelayihələrinin müəllifi, bu yaxınlarda böyük ekranlara çıxacaq “Toy 2” filminin rejissoru Həsən Əliyevdir. - Niyə birdən-birə teleməkandan itdiniz? - İçimdəmi deyim, efirdəmi deyim elə boşluq yarandı ki, bir anda televiziyaya marağım itdi. -Yəni teleməkandakı proseslərdən dolayı? -Televiziyada baş verənlər məni şoka salırdı. Verilişlərə baxıb deyirdim ki, ya eləməliyəm ya da eləməməliyəm. Mən ikincini seçdim. Düşündüm ki, bəlkə mənim elədiklərim heç kəsə lazım deyil. Elə layihələr, elə təkəbbürlü insanlar gördüm ki, bizim tamaşaçı kütləsinə şübhələrim yarandı. Yəni tamaşaçı o qədər cılızlaşdı ki, belə proqramlara baxır? Doğrudanmı, mənim gördüyüm iş onlara lazım deyil? Televiziyadan deyirdilər ki, maliyyə baxımından ucuz şou olsun. Mən də deyirdim ki, ucuz şou olmur, bu, real deyil. Mən efir ölüsü deyiləm. Yəni təki məni efirdə görsünlər deyə maraqsız verilişlə çıxmaq mənim yolum deyildi. Nəsə eləyirsənsə ən azı tamaşaçı üçün maraqlı olmalıdır. Mən də həmişə kütləni, onun nə istədiyini hiss etməyi bacarırdım. Amma birdən-birə sanki bu hissim itdi. -Demək olar ki, layihələriniz reytinqin qurbanı oldu? -Yox, mən sadəcə anlamırdım ki, tamaşaçı nə istəyir. Birinci layihəm “Taksi” olub. Bu layihəni ABA kanalında başladıq. Sonra “Space” kanalına keçdik. Ondan sonra “Tək səbir” yumoristik layihəsini açdıq. “Space” də layihəyə maraq pik həddinə çatmışdı. Biz hətta rayonlarda da çıxışlar edirdik. Bizi elə qarşılayırdılar ki, özümüzü meqastar kimi hiss edirdik. Düzdür, axır vaxtlar reytinq düşdü. O da uşaqların günahı idi. Layihəni yola verirdilər. Əvvəlki həvəs qalmamışdı. -Səbəb nəydi? -Kimsə ulduz xəstəliyinə tutuldu, kimsə toylara qaçdı, kimsə çətinliklərə dözmədi, komandanın içində hansısa problemlər yaşandı. Kiməsə elə gəldi ki, mən tək də edə bilərəm. Bu, normaldır. Sadəcə, layihə ömrünü başa vurdu. Sonra ANS də “Bəxtəvər” adlı layihə elədik. Orda ulduzlar əlil insanların arzusunu yerinə yetirirdilər. Bir ilə yaxın getdi. Sonra dediyim kimi televiziyaya, yaradıcılığa marağım itdiyindən fasilə yarandı. - Bayağı şouların səviyyəsinə enmək istəmədiz? - İstəmədim. Düzdür, kimin üçünsə o verilişlər böyük reytinq idi, amma toy ab-havası tamamilə ekrana köçmüşdü. Bizim vaxtımızda buna lağ edirdilər. Qəti şəkildə yolverilməz idi ki, toy efirə gəlsin. Televizoru qurursan, elə bil toya baxırsan. Bunun adını şou qoyurlar və bu şou efirləri doldurur. Eyni tipli proqramları nə qədər vermək olar. İstənilən kanalda beş belə veriliş var. Eyni qonaqları çağırırlar, eyni sualı verirlər, kreslolar da eyni qalır. - Uzun müddət televiziyada işləyən adam kimi bunun səbəblərini nə ilə izah edirsiz? - Bunun bir günahkarı varsa, o da telekanal rəhbərliyidir. Peşəkar bir-iki il işləyir, amma maaşı azdır. Telekanal rəhbərliyi isə hər il İncəsənət Universitetindən yeni kadrları yığır. Altı ay stajçı kimi işlədir, altı aydan sonra ona formal maaş yazırlar. Sonra onlar təcrübə toplayır, peşəkarlaşırlar və aldıqları maaş onları qane etmir və gedirlər. Televiziya yenə də İncəsənət Universitetinə gedib kadr yığır, bu proses davam edir. Və eyni zamanda televiziyada diletantlar, “efir ölüləri” işləyir. Iki il əvvəl vəziyyət daha pis idi. İndi bir az dəyişib. Telekanalları həm qınanılası, həm də qınanılası deyil. O, pula qənaət edir. Baxan kütlə də azdır. Biri var 50 milyonluq Türkiyəyə çıxırsan, orda pul da başqadır. Biri də var 9 milyonluq Azərbaycana, onun da yarısı bizim kanallara baxmır. - Aparıcılar deyir ki, reytinq tələb etdiyi üçün şou proqramlar hazırlayırıq. Necə düşünürsüz, telekanal tamaşaçının arxasınca getməlidir? - Aparıcılar deyir ki, reytinq tələb edir. Hanı bəs onların reytinqi? Standart olaraq müğənni dəvət edirlər, rəqs edirlər və s. Onda niyə tamaşaçı kütləsi kütləvi formada yox olur, daha çox xarici kanallara baxırlar. Reytinqlər düşür. Əvvəllər bizim kanallara 70 faiz baxırdısa, indi 20 faiz baxır. Vaxtilə “Tək səbir” layihəsi başlayanda peşəkarlar inanmırdı bu layihəyə ki, bizim insanlara maraqlı olmaz. Qrimsiz, rekvizitsiz, paltar dəyişmədən və sırf monoloq onlara çatmayacaq. Amma əksi oldu. Yeri gələndə satiranı da, yumoru da anlayırlar. “Kütlə zəifidr, anlamır” kimi çərçivələrə niyə salırlar? Biz yeri gələndə türklərdən də savadlıyıq. Televiziya anlayışımız da var. Ucuz yumorun dalınca qaçmaq, ucuz reytinq qazanmaqla özlərinə əziyyət vermirlər. Bununla kiməsə söz atmıram. Mənim çəkdiyim “Toy 2” filmində populyar sima yoxdur. İstəmirəm tamaşaçı populyar adlara görə gəlsin. Filmin özü gülməli olmalıdır. Bunun üçün də əmək verməlisən. Yeni simaların, yeni istedadların olmasında maraqlıyam. “Tək səbir” layihəsini yenidən açıram ki, bizə sponsorlar maliyyə ayırırlar. Verilişin aktyorları da pul almalıdır, onun tələbatları var. Amma istənilən halda mən veriliş eləyirəmsə o, yaxşı olmalıdır, baxılmalıdır. Yuz sponsorun olsun, amma keyfiyyətsiz olacaqsa veriliş o lazım deyil. - Bu layihədə kimlər olacaq? Belə anladım ki, Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyevlə daha işləməyəcəksiz. - Yox. Çox adam deyir ki, incimisizmi? İnciklik yoxdur. Hətta görüşürük, münasibətimiz də var. Sadəcə ona görə ki, bu insanlar artıq müəyyən bir səviyyəyə çatıblar, onlar artıq püxtələşiblər və öz yollarını gedirlər. Onlara yol açmağa ehtiyac yoxdur. Mənim üçün yeni simalar maraqlıdır. Kifayət qədər istedadlı insanlar var. Bizim yeni “Tək səbir” layihəmizdə 80 yaşlı stəndapçı da, yəni hər yaşda insan olacaq. Keçmiş “Tək səbir”dən fərqli olaraq daha böyük layihədir. Həm monoloqlar, həm video olacaq. - Stəndapçıları necə seçmisiz? - Təsadüfən gördüyüm, tanış olduğum adamlardır ki, istedadını hiss etdim və bu layihəyə dəvət elədim. Əslində bu insanlara görə layihəyə qayıtmağı qərara aldım. -Mövzuları özünüz təklif edirsiz? -Mən yumora çox ehtiyatla yanaşıram. Yumoru özümdən keçirməliyəm. Bu sahədə kifayət qədər təcrübəm var. Zövqüm də var. Təvazökarlıqdan uzaq olsa da. KVN - də işləmişəm. “Parni iz Baku”dan başlamışam. Dramdır, melodramdır, kiməsə tapşıra bilərəm, amma yumoru özümdən keçirməliyəm, dinləməliyəm, “Tək səbir”də monoloqların çoxunu özüm yazırdım. Bu hissiyyatım inanıram indi də qalıb ki, nə maraqlıdır, nə aktualdır. Satira mənim üçün asan janrdır. Amma sırf sağlam və reprizalı yumorun həvəskarıyam. Ucuz yumorun yox. Aprel-may üçün ATV kanalında “Tək səbir”efirə çıxacaq. Test edəcəyik ki, bu, tamaşaçıya maraqlıdırmı? -Son dövrdə çəkilən komediyalara getmisiz? -Məlumatım var, amma getməmişəm. “Xoşunuza gəldimi” sualından qaçmaq üçün. Xoşuma gəlməsə yalan deyə bilmərəm. Tənqid eləsəm, Həsəndir də bəyənmir, ya paxıllığımızı çəkir deyəcəklər. Amma komediyaların uğur qazanması müsbətdir. - “Toy 1” filmində diqqətimi qurşaqdan aşağı zarafatların olmaması cəlb elədi. - “Toy 2” filmində də qurşaqdan aşağı zarafat eləməmişik. Biz aktual mövzuya toxunmuşuq. Qərbləşməyə, qərbdə hər şey yaxşıdır fkirlərinə etiraz edirik, hardasa mentalitetə gülürük, hardasa mentalitetimizə xas olan şeyləri vurğulayırıq. Bayağı zarafatlar yoxdur, klassik komediyadır. “Yol əhvalatı”, “Bəyin oğurlanması” kimi. Niyə biz sözün pis mənasında avropalaşmalıyıq, türkləşməliyik. -Avropada çox keyfiyyətli komediyalar çəkilir. Əgər siz aşağı kateqoriyalı filmləri nəzərdə tutrusuzsa başqa. -Təbii ki. Alt paltarını göstərmək asan yoldur. -Məncə, alt paltarımı da göstərmək olar, amma bu, situasiyadan doğmalıdır. -Məntiqə bağlasan hardasa yeri var. Yenə də klassik yumorun tərəfdarıyam. Buna hamı gülür, ziyalı da, fəhlə də. Tin zarafatları səviyyəsində film çəkməyin tərəfdarı deyiləm. Söyüşü sevmirəm. Söyüşü kütləyə çıxarılanda şəxsən özümü narahat hiss edirəm. -Çox konservativsiz. -Bu mənada qatı konservativəm. Seksual azlıqlarla bağlı məsələdə də sərtəm. Bu film seksual azlıqlara bağlı filmdir. Amma tamamilə fərqli prizmadan. -Homofobsuz yəni? -Konkret olaraq, bəli. Bu, dinə, Allaha zidd bir şeydir. -“Toy” filmi, 2005-ci ildə çəkilən “Toy” filminin davamıdır? - Yox. Amma yenə qayınata, kürəkən fərqli, unikal vəziyyətə düşürlər. Onların başına gələn hadisələrdir, seksual azlıq məsələsi qırmızı xətt kimi keçir. Sadəcə mən onları təbliğ yox, tənqid edirəm. -Əsas məqsəd budur? -Xeyr çatdırmaq istədiyim üç mesaj var. Birincisi avropalaşma meyli tənqid olunur. İkincisi mentalitetə xas dedi-qodu. Üçüncüsü də sevgi xətti. İfaçılar yeni simalardır. Köhnə komandadan təkcə Anar Xəlilovdur. Filmin 90 faizini alınmış hesab edirəm. Bəlkə nələrisə çatdıra bilməmişəm. Amma görmək istədiyim budur, zövqüm budur. -Büdcəsi nə qədərdir? -Sirrdir. Amma Avropa standartlarından uzaqdır. Sponsor tapmaq problemim olmadı. Yəqin tanıyırlar, inanırlar. Bu film ekranlara çıxmayıb, artıq ikinci film üçün də pul ayırmağa hazırdırlar. Yaxşı tendensiyadır ki, milli kino oyanır. Zəif kinolar da olacaq. Amma yenə on faiz yaxşı film olacaq. -Düşünürsüz ki, on faizə daxilsiz? -Mən ümidvaram. İndiyə kimi işlədiyim yumor layihələri tutarlı idi. -Qala gecəsi keçirəcəksiz? -Mən qala gecəsinin mənasını anlamıram. Qırmızı gəbə filan. Bir az gülməli gəlir. Amma mətbuat konfransı edəcəyik və jurnalistlər üçün film nümayiş olunacaq. Geri dön |