Ana Sayfa > Xəbər > “İcra hakimiyyəti, hüquq-mühafizə orqanları qadağaya əməl etmirlər”
“İcra hakimiyyəti, hüquq-mühafizə orqanları qadağaya əməl etmirlər”4-08-2015, 14:53. Yazar: admin |
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Zığ ərazisindəki Duzlu göldə çimməyin hər il qadağan edildiyi ilə bağlı məlumat yayır. Göl istifadəyə əsla yararlı sayılmır. Buna səbəb gölün yodlu-bromlu suyunun antropogen təsirə məruz qalmasıdır. Göl ətrafındakı antisanitariya vəziyyəti də xəstəlik mənbəyi hesab edilir. Göldə çimməyin qadağan edildiyinə dair Suraxanı rayon İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarına rəsmi məktub da göndərilir, amma heç bir faydası yoxdur. Hər il gölə müalicə almaq, sağalmaq adı ilə minlərlə insan gedir. Onların müalicəsi üçün “vannalar” hazırlayanlar pul müqabilində “sağalmaq” istəyənlərə “yardım” edirlər. Burada vəziyyət olduqca acınacaqlıdır, amma göldə çimməyin qarşısı alınmır. Səhiyyə Nazirliyinın baş dermatoveneroloqu, tibb elmləri doktoru Zülfüqar Fərəcov Modern.az-a açıqlamasında bildirib ki, antisanitar vəziyyətdə olan Duzlu göldən istifadə dəridə kontakt xarakterli dermatitlər, göbələk xəstəlikləri yarada bilər: “Bizim camaat elədir ki, birinə təsadüfən kömək edirsə, inanıb həmin yerə axışırlar. Amma onun tərkibi öyrənilməlidir və həkim məsləhəti ilə həmin duz vannalarını qəbul etmək olar. Əks halda, kütləvi şəkildə istifadə, əlbəttə, insan bədənində cürbəcür fəsadlarla nəticələnə bilər. Eyni zamanda, mən də müşahidə etmişəm ki, gedib səhərdən axşama qədər orada qalırlar. Bu da düzgün deyil”. Hər bir insan orqanının individual olduğunu xatırladan Zülfüqar Fərəcov qeyd edib ki, sanitar-gigiyena qaydalarına riayət edilməməsi ağır nəticələnə bilər: “Birinə bəzi hallarda müsbət təsir göstərirsə, çoxuna onun mənfi təsirləri olur. Əgər burada təmizlik yaradılsa, dövlət tərəfindən nəzarət olsa, onda həkimin məsləhəti ilə yararlana bilərlər. Amma hazırda oradan istifadə məsləhət deyil”. Geri dön |