Ana Sayfa > Xəbər > 31 Mart soyqırımı - əsrin ən dəhşətli cinayəti

31 Mart soyqırımı - əsrin ən dəhşətli cinayəti


31-03-2015, 09:07. Yazar: admin
31 Mart soyqırımı - əsrin ən dəhşətli cinayəti
Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 97 il ötür.

IX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsil mənasında “qan çanağı”na çevirdilər. Ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı. İndi o qanlı tarixdən 97 il ötür.

Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir fakta əsaslanır. Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və oborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşması üçün bir açar oldu. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırdılar. Azərbaycan prezidenti İlham Əliyev: “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.

Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsil qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsil tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq. Azərbaycan prezidenti İlham Əliyev: “Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh olsun. Biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir”. Azərbaycan iqtisadi və hərbi potensialını sürətlə artırmaqda, regionun ən güclü dövlətinə çevrilməkdədir. Əgər Azərbaycan tərəfi atəşkəs barədə razılıq əldə olunan kövrək bir dövrdə milli mənafeyinə ziyan gətirəcək hər hansı güzəştə getməyibsə, indi bizim hər hansı səhv addım atacağımızı gözləmək sadəcə, cəfəngiyyatdır. İndi Ermənistan faktiki olaraq xarici dövlətin for-postudur və müstəqil qərar qəbul etmək iqtidarında deyil. Digər tərəfdən də bölgədəki nəhəng enerji və infrastruktur layihələrindən kənarda qalan Ermənistan indi də dünya maliyyə böhranının ağır nəticələrini aradan qaldıra bilmir.

Azərbaycan prezidenti İlham Əliyev: “Əgər xəritəyə baxsanız görərsiniz ki, karbohidrogen ehtiyatlarının Qərbə çıxarılmasının ən qısa yolu Ermənistan ərazisindən keçir. Lakin bu, yalnız xəritədə belədir. Amma, torpağın üzərində dayananda görürsünüz ki, əslində, bu, uzun yolla gedir. Nə qədər ki, bizim torpaqlarımız işğal altındadır, bu əməkdaşlıq mümkün deyildir”.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə böhtanlara atan, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə son illərdə bir sıra tədbirlər görülür. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kampaniya dünyanın bir çox şəhərlərini əhatə etməklə Azərbaycanın xaricdəki 50-yə yaxın diplomatik nümayəndəliyini və diaspor təşkilatlarını da bu prosesə cəlb etdi. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, Xocalı soyqırımını əks etdirən fotoşəkillər mötəbər təşkilatlarda düzənlənən mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin isə vandalizminə yönəltdi. Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu Azərbaycan həqiqətlərini bütün dünyaya tanıtdı. “Xocalıya ədalət” kampaniyası isə Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından müasir tariximizin mühüm mərhələsi oldu. Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan internet portalı isə ermənilərin yüz illər boyu xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətini daha mükəmməl formada beynəlxalq səviyyədə təqdim edir. 6 min səhifədən ibarət olan portalda ölkəmiz haqqında, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında istənilən məlumatı əldə etmək mümkündür.

Tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.

Geri dön