Ana Sayfa > Xəbər > Kişilərin sevdiyi, başı oğurlanan agent qadın -Məxfi sənədlər
Kişilərin sevdiyi, başı oğurlanan agent qadın -Məxfi sənədlər30-03-2015, 18:05. Yazar: admin |
Birinci Dünya müharibəsinin ən sirli casusu Mata Hari özü haqqında mif yaradır, nəticədə isə bu miflər onun real həyat təcrübəsinə çevrilirdi. Onun öz gözəllik və istedadından istifadə edərək, necə casusluq fəaliyyəti ilə məşğul olması haqda tarixçilər indi də baş sındırırlar. Analitik.az zamanında məşhur rəqqasə, kurtizan qadın və Birinci Dünya Müharibəsinin ən sirli ikili agenti kimi tanınan Mata Harinin qısa həyat hekayəsini təqdim edir. "O ki heç rəqs eləməyi bacarmır, o, düzpəncəlidir. O, öz bacarıqları haqqında hər şeyi uydurub!”, bunu gözəl rəqqasənin keçmiş əri deyirdi. Ancaq heç kəs ona inanmırdı. Halbuki o, həqiqəti deyirdi. Ailə həyatı və xəyanətlər Məşhur rəqqasə və casus Mata Harinin həyatında həqiqətən çox uydurmalar var. Ondan başlamaq lazımdır ki, bu gözəl rəqqasənin adı əslində Marqareta Hertruda Zelledir. O, 1876-cı ildə Niderlandda doğulub, onun atası papaqçı idi. 17 yaşında Marqareta Haaqaya öz əmisinin yanına köçür. Lakin darıxdırıcı həyat onu bezdirir, gözəl həyat haqqında düşünən qız yeganə çıxış yolunu varlı bir adama ərə getməkdə görür. O, tanışlıq haqqında elanlarlar olan qəzetdən hollandiyalı Rudolf Мaklid adlı zabiti seçir. Zabit ondan çox böyük idi. 40 yaşlı Rudolf qara saçlı 18 yaşlı Marqaretaya vurulur və tanışlıqlarından 6 gün sonra nişanlanması haqda elan edir. Öz seçimində yanıldığını Marqareta bir ildən sonra - əri Hindistana xidmətə göndərilərkən anlayır. Deyirlər, Marqareta orada sıxıntıdan başını itirir və ağına-bozuna baxmadan ərinə xəyanət edir... Marqaretanın bu nikahdan 2 övladı dünyaya gəlir: oğlu Norman və qızı Non. Amma ailədə baş verən dəhşətli hadisə bu nikahın dağılmasına səbəb olur. Naməlum şəraitdə balaca Norman zəhərlənir və tələf olur. Marqareta qızını atasının himayəsində qoyaraq, Parisə üz tutur. Sonralar o, deyəcək: "Mən Parisi seçdim, yəqin, ona görə ki, ərindən qaçmış bütün qadınları məhz bu şəhər çəkir.” Marqareta Parisdə naturaçı işləmək istəyib. Amma sinəsinin balaca olması səbəbindən rəssamların diqqətini cəlb edə bilməyib. Nəhayət, o, sirkdə iş tapır və elə burada ona rəqqasə rolunda özünü sınamağı məsləhət görürlər. Və bu zaman Hindistanda yaşadığı günlər yadına düşür. Axı Marqareta orada hər kəsi heyran qoyan şərq rəqslərinin şahidi olmuşdu. Erotik rəqslərin “mahir” ifaçısı O, 1900-cü illərin əvvəllərində öz debütünü etdi. Ziyafətlərin birində Marqaretin göstərdiyi ekzotik rəqs salona toplaşan bütün kişilərin ağlını başından aldı. Kişilər rəqsin finalını daha çox xatırlayırdılar: gənc qız yüngül əl hərəkəti ilə geyimini çıxarmışdı. Və bu vaxt növbəti yalan peyda oldu: Marqareta hindistanlı anasının ölümü və rəqs sənətini budda məbədində öyrənməsi haqda uydurulmuş hekayələri danışmağı sevərdi. Bu, onun obrazına məxfilik verirdi. Əlbəttə, Marqareta bilirdi ki, bunlar hamısı uydurmadır, o, şərq rəqslərinin mahir ifaçısı deyil, hətta, sonralar özü haqqında deyirdi: "Mən heç vaxt rəqs etməyi bacarmamışam, amma mənim tamaşalarım insanlara xoş gəlirdi, çox güman mənim çılpaq bədənim onları cəlb edirdi ". Hamı Marqaretanı alqışlayır və onun pərəstişkarları günü-gündən artırdı. Onların arasında tanınmış və imkanlı şəxslər də vardı. Bu şəxslərdən biri Marqaretaya “Mata Hari” adı altında Şərq İncəsənəti Muzeyində çıxış etməyi təklif edir. O vaxtdan etibarən Marqareta ölür və Mata Hari peyda olur. Onu Avropanın ən yaxşı teatrlarına dəvət edirlər, o, isə bir-birinin ardınca sevgililərini dəyişir, sevgi və cah-calal içərisində üzürdü. Almaniya kəşfiyyatında Birinci dünya müharibəsi zamanı Niderland neytral qalıb və Hollandiyanın təbəəsi olaraq, Marqareta Zelle Fransadan vətəninə və oradan geriyə sərbəst gedə bilərdi. Ölkələr cəbhə xətti ilə bölünmüşdü və Mata Harinin yolu İspaniya (alman rezidenturası o illərdə burada fəal olub) və Böyük Britaniyadan keçirdi. Onun bu ölkələrdə hərəkəti ittifaq əks-kəşfiyyatının diqqətini cəlb edib. Birinci Dünya Müharibəsindən əvvəl Marqareta alman polis məmuru ilə tanış olur. Əksər tədqiqatçılar hesab edir ki, məhz o vaxt almanlar bu yaraşıqlı rəqqasədən agent kimi istifadə etmək qərarına gəliblər. Ümumiyyətlə, Hari Matanın casusluq fəaliyyəti haqqında indiyə qədər tarixçilər mübahisə edirlər və əksəriyyəti bu fikirdədirlər ki, qadın heç bir zaman casus olmayıb, onu bu intriqaya özünün məhkəmədə dediyi kimi "yalnız sevgi bəxş etdiyi" kişilər cəlb edib. Sonralar onun bütün alman zabitləri ilə sevgi romanları Fransaya qarşı casus fəaliyyəti kimi qiymətləndirilir. İstintaq sənədlərində belə məlumatlar var idi ki, məhz rəqqasənin 1915-ci ildə alman ordusunun 3-ci qərargahında xidmət edən sevgilisi polkovnik Verner fon Mirbax ona bu cür "pul qazanmağı" təklif edib. Müharibə zamanı Mata Harinin pula çox ehtiyacı vardı - öz sevgililərindən aldığı məlumatların alman komandanlığına ötürməsi onun üçün pis gəlir mənbəyi olmayıb. H-21 --- bu kod nömrəsi Mata Harinin alman kəşfiyyatında işlədiyi müddət ərzində onun casus adı olub. Bəzi məlumatlara görə, məhz 1916-ci ildə Mata Hari Elzas və Flandriyaya alman komandanlığının hücum hazırlaması barədə şayiə yaymışdı. Bunun sayəsində Almaniya düşməni yayındırmağı bacarıb və Fransanın Verden şəhərində əsl qırğınlar təşkil edə bilib. Opponentlər əmindirlər ki, Н-21 Antanta ölkələrinin hərbi planları barədə faydalı məlumatlar vermişdi. O, Almaniya kəşfiyyatında 1916-ci ilin əvvəlinə qədər işləyib. Lakin yanvarda məxfi məlumatlar verilən radioqramlarda Mata Harinin adı səslənir və bu radioqramma Britaniya xüsusi xidmət orqanları tərəfindən ələ keçirilir. Bununla Hari fransızlara təhvil verilir. Sevgidə bəxti gətirməyən ikili agent Qadın gözəlliyinin düşkünü olan fransızlar satqını cəzalandırmağa tələsmirlər. Əksinə, onlar Mata Hariyə onlara casusluq etməyi təklif edirlər. Mata Hariyə Fransa əks-kəşfiyyatının rəisi kapitan Ladu kömək edir. O, cəbhə bölgəsində olan sevgilisinin yanına getmək istəyən məşhur rəqqasəyə Fransaya xidmət etməyi - yüksək vəzifəli alman məmurlarından qiymətli məlumatları öyrənərək, xəbər verməyi təklif edir. Mata sevinclə razılaşır. Bu xidmətinə görə isə milyon frank istəyir. "Mən sizə çalışacağam, təkcə ona görə ki, dövlətli qadın olub, sevdiyim kişiyə ərə getmək istəyirəm.” O, həqiqətən də sevirdi. Onun seçdiyi adam rus kapitanı Vadim Maslov olub. Bu zaman Mata Harinin artıq 40, sevgilisinin isə 21 yaşı vardı. Xüsusi alayın rus kapitanı Vadim Maslov Şampani uğrunda gedən döyüşdə iştirak edirdi və bu döyüşlərin birində ağır yaralanır. Onu cəbhə bölgəsində yerləşən Vittel hospitalına müalicə üçün köçürürlər. Taleyin acı ironiyası ilə Parisin kişi əhalisinin yarısının sahib olmağı arzuladığı qadını, sevgilisi qiymətləndirə bilmir. Sonralar o, deyəcək ki, Mata Hari ilə onun arasında sadəcə keçici bir məhəbbət romanı olub. Beləliklə Mata Hari böyük məhəbbət sandığı hiss naminə ikili agent olur. O, fransızlara almanlar, almanlara isə fransızlar barədə məlumatlar satırdı. Əlbəttə, bu, uzun müddət belə davam edə bilməzdi. Fransanı məhv edən qadın 1917-ci il fevralın 13-də Mata Hari Parisdə “Elize-palas” mehmanxanasında həbs olunaraq casusluqda ittiham edilir. Axtarış zamanı onun evindən çoxlu sayda alman markası tapılır. Fransız kəşfiyyatı bunun casusluq üstündə almanlardan alındığını iddia edirlər. O, öz sevgi romanlarından başqa, bütün ittihamları rədd edirdi: “Ola bilsin ki, mən fahişəyəm, lakin heç vaxt xain olmamışam”. Məhkəmə prosesi zamanı onun keçmiş sevgililəri Mata Hari üçün əfv diləyirdi, onun vəkili və sevgilisi isə hakimin qarşısında diz çökmüşdü. Bu arada Mata Harini yaxından tanıyan və fransız kəşfiyyatının onun barəsində qaldırdığı iddiaya şübhə ilə yanaşan Hollandiya kraliçası Fransaya müraciət edərək, onun buraxılmasını xahiş etdi. Lakin kraliçanın bu xahişini Fransa hökuməti rədd etdi. Almaniya isə Mata Harini fransızların istədiyi şəxslə dəyişməyə razı olduğunu rəsmi şəkildə bəyan etdi. Lakin fransızlar almanların Matanı dəyişdirmək təklifini də qəbul etmədilər. Edamından əvvəl Mata Hari həbsdə saxlanılarkən, onun vəkili bütün ittihamları onun üzərindən götürmək və onu xilas etmək istəyib. Apellyasiya şikayəti nəticəsiz qalır. Onda vəkili prezidentə əfv haqqında ərizə verir. Yenə də uğursuz bir cəhd: Ölüm cəzası qüvvədə qalır. Kamerada, onun hakimiyyətə hamilə olduğunu demək və bununla ölüm saatının təxirə salınmasını təklif edirlər, amma ömrünün son günlərini yaşayan Mata Hari yalan danışmaqdan imtina edir. Matanı artıq xilas etmək mümkün deyildi və oktyabrın 15-də onu güllələdilər. 12 əsgər düz gözlərinin içinə baxan casus qadına eyni anda silahdan atəş açdılar. Edamdan əvvəl qaydalara əsasən, onun gözünü bağlamaq istəyiblər. Amma keçmiş kurtizan və ikili agent Mata buna razı olmayıb və ölümün gözünə baxa-baxa 41 yaşında ikən həyata əlvida deyib. Onun cəsədinə sahib çıxa biləcək qohum-əqrəba isə tapılmır. Ona görə də kəşfiyyatçının cəsədindən tibbi məqsədlər üçün istifadə edildi. Onun başı balzamlanaraq, Parisdə Anatomiya Muzeyində saxlanılıb. Lakin 2000-ci ildə arxiv müdiriləri aşkar edirlər ki, baş yoxa çıxıb. Mütəxəssislərin fikrincə, bu itki çox güman ki, hələ 1954-ci ildə muzey köçürülərkən baş verib... Mata ölümündən sonra dünyada Fransanı məhv edən qadın adı ilə daha da məşhurlaşdı. Çünki ekzotik rəqqasə və "məsum qadın"ın faciəli həyatı haqqında film çəkildi, kitablar yazıldı... Geri dön |