Ana Sayfa > Xəbər > Elçibəyin qardaşı hakimlərdən Fikrət Məmmədova şikayət etdi

Elçibəyin qardaşı hakimlərdən Fikrət Məmmədova şikayət etdi


29-07-2015, 15:18. Yazar: admin
Elçibəyin qardaşı hakimlərdən Fikrət Məmmədova şikayət etdi
Eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev hakimlər İlahə Abbasova və Rizvan Səfərovdan Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova şikayət edib. Bu barədə müsavat.coma vəkil Səməd Vəkilov məlumat verdi.

Mərhum prezident Heydər Əliyev tərəfindən Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevə hədiyyə edilmiş torpaq sahəsini mənimsəyən iş adamı Ələkbər Huseynovla bağlı yaranmış qalmaqal barəsində məlumat vermişdik. Xatırladaq ki, mərhum prezident Heydər Əliyev tərəfindən Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevə hədiyyə edilmiş torpaq sahəsini Müzəffər Məmmədlinin (Almurad Əliyevin qohumu) etibarından sui-istifadə edərək alıb və ona vəd edilmiş əmlakları bir neçə adama satıb.

Vəkil qeyd etdi ki, buna görə o, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanan Ələkbər Huseynov bir müddət istintaqdan yayınmağa nail olsa da, mayın 20-də Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb: “Lakin sonradan hakimlər onu azadlığa buraxıblar. Belə ki, Yasamal Rayon Məhkəməsinin hakimi İlahə Abbasova prokurorluğun Ələkbər Huseynov barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimatını rədd edərək, mayın 22-də onu azadlığa buraxıb. Lakin Yasamal Rayon Prokurorluğu tərəfindən İlahə Abbasovanın qərarı əsassız hesab edilib və ləğv edilməsi ilə bağlı protest vermişdir. Yasamal Rayon Prokuroru Rasim Hacıyevin dələduz iş adamının həbs edilməsi ilə bağlı əsaslı protestinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin ediləcəyi gözlənilsə də tamamilə əksinə olub. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov Yasamal Rayon Məhkəməsinin hakimi İlahə Abbasovanın qanunsuz qərarını qüvvədə saxlayıb. Bundan sonra iş üzrə zərərçəkmiş Müzəffər Məmmədli (Almurad Əliyevin qohumu, nümayəndəsi) hər iki hakimin barəsində MHŞ-nın sədri Fikrət Məmmədova şikayət verib.

Səməd Vəkilov mətbuata hakimlərin qərarlarını şərh edərkən bildirib ki, dələduzluqda təqsirləndirilən Ələkbər Hüseynovun istintaqın çağırışından dəfələrlə boyun qaçırması ilə bağlı onun barəsində Yasamal Rayon Məhkəməsinə verilmiş təqdimatın hakim İlahə Abbasova tərəfindən rədd edilməsi tamamilə qanuna zidd əməldir: “Adıçəkilən hakim işə baxarkən kobud qanun pozuntusuna yol verərək təqdimata baxılarkən prosesdə prokurorluğun iştirakını təmin etməmişdi. Prokurorluğun təqdimatına tərəfin iştirakı olmadan baxılması ədalət mühakiməsinin fundamental təməl prinsiplərindən olan çəkişmə prinsipini pozmaq deməkdir. Cinayət prosessual qanunvericiliyinə əsasən bu qərar əsaslı - qanuni sayıla bilməz. Bu halda Yasamal Rayon Prokurorluğunun qərarın ləğv edilməsi ilə bağlı protesti Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov tərəfindən təmin edilməli idi. Lakin eyni pozuntunu təkrar edərək, hər iki hakim dələduzluqda təqsirləndirilən iş adamı Ələkbər Huseynovu himayə ediblər. Hesab edirəm ki, Məhkəmə Hüquq Şurası bu məsələ barəsində obyektiv araşdırma aparaq hər iki hakimin intizam məsuliyyətinə cəlb edəcək”.

Hazırda işin hansı mərhələdə olduğu ilə bağlı suala S.Vəkilov artıq istintaqın yekunlaşmaq üzrə olduğunu və bu günlərdə işin məhkəməyə gedəcəyini bildirdi.

Geri dön