Ana Sayfa > Xəbər > «Seltik»-«Qarabağ»: İdman jurnalistləri hansı proqnozu verirlər?
«Seltik»-«Qarabağ»: İdman jurnalistləri hansı proqnozu verirlər?29-07-2015, 12:11. Yazar: admin |
Xəbər verildiyi kimi, bu gün Çempionlar Liqasının III təsnifat mərhələsi start götürür. JAM.AZ xəbər verir ki, ölkəmizi bu mötəbər yarışda «Qarabağ» klubu təmsil edir. Bu gün yaşıl meydana çıxan «Qarabağ»ın rəqibi isə Şotlandiyanın «Seltik» klubudur. Qeyd edək ki, «Seltik» ənənəsi olan, eyni zamanda güclülər sırasında olan bir komandadır. Son dövrlər heyətində zəifləmələr müşahidə olunan şotlandların «Qarabağ»la oyunda favorit olduğunu düşünənlər də az deyil. Amma keçmiş təcrübəyə baxdıqda, ağdamlıların da zəif bir komanda olduğunu düşünmək doğru olmazdı. Şotlandiyada keçiriləcək «Seltik»-«Qarabağ» oyunu ilə bağlı idman jurnalistlərinin də münasibətini öyrənib, proqnozlarını almağa çalışdıq. JAM.AZ-a açıqlama verən Fanat.az-ın redaktoru Pərvin Kazımoğlu hesab edir ki, «Rudar"la matçlarda "Qarabağ" istənilən oyunu sərgiləyə bilmədi. «Bu da başa düşüləndi. Komandanın tam olaraq uyğunlaşması, futbolçuların oyun praktikası qazanması üçün zamana ehtiyac var idi. Düşünürəm ki, artıq "Qarabağ" gözlənilən oyunu sərgiləməyə başlayacaq. Həm də bu komanda güclü rəqiblərə qarşı fərqli oyun göstərir. Qurban Qurbanovun səfər matçında müdafiəyə meyilli taktikaya üstünlük verəcəyi gözləniləndi. "Qarabağ" müdafiəyə çəkiləcək və əks-hücumlara rəqib qapısına yol tapmağa çalışacaq. Amma tamamilə müdafiədə oturmaq müəyyən problemlər yarada bilər». Kazımoğlunun proqnozu isə belədir: «Fikrimcə, "Seltik" minimal hesablı qələbə qazanacaq. Oyun 1:0 və ya 2:1 hesabı ilə yekunlaşa bilər". Derbi.az saytının redaktoru İlkin Sultanlı isə qeyd edir ki, "Seltik" Şotlandiyanın və Avropanın ən köklü klublarındandır. Lakin o, bu komandanın keçilməz olmadığını da vurğulayır. «Son illərdə komandanın Avroliqalarda nəticələri ürəkaçan deyil. Bunun sadə sübut kimi şotlandların ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Zalsburq"a səfərdə 1:3 hesabı ilə məğlub olmasını, doğma meydanda 2:2-lik nəticə əldə etməsini göstərmək olar. "Qarabağ" məhz həmin rəqibi doğma meydanda 2:1 hesabı ilə məğlub edib, səfərdə isə əsas oyunçularsız 2:0 hesabı ilə məğlub olmuşdu». Sultanlı bildirir ki, qlazqoluların Ağdam təmsilçisindən əsas üstünlüyü həm müdafiəçilərinin, həm də hücumçularının boylarının 180 sm-dən yuxarı olmasıdır. «Bu da britaniyalılara xas olan xüsusiyyətdir. Lakin, sevindirici məqam orasındadır ki, "Seltik" Britaniya futboluna, uzun asmalar edərək başla fərqlənməyə üstünlük vermir. Komanda məhz oyunu mərkəzdə qısa paslaşmalarla rəqibin müdafiəsini yarmağa çalışır. Bu da məhz "Qarabağ"ın oyun tərzinə bənzəyir. Yəni, axşam iki eynitərzli komandanın oyununu izləyəcəyik». Onun sözlərinə görə, "Qarabağ"ın ehtiyat etməli olduğu əsas amil azarkeşlərdir. «Belə ki, "Seltik" öz oyunlarını 60 minlik "Seltik Park" stadionunda keçirir. Yetərincə çılğın fanatlara malik olan "Dairəvilər" doğma meydanda gözəl oyun sərgiləyirlər. "Qarabağ" 35 min azarkeşdən çox tutumuna malik stadionlarda uğursuz nəticələr əldə ediblər. "Borussiya Dortmund" (4:0), "İnter" (2:0) kimi komandalar buna misaldır ki, bunlar da hazırda dünyanın ən nəhəng klublarındandır. "Seltik" məhz bu amildə "Qarabağ"dan üstündür ki, fikrimcə, Qurban Qurbanov futbolçularını buna hazır edib». Derbi.az-ın redaktoru oyuna gələincə isə bununla bağlı bildirir ki, komandalar bir-birirlərindən ehtiyat edərək matça başlayacaqlar. «Doğma meydandan istifadə etməyə çalışan ilk yarının ortalarına doğru "Seltik" hücumlarının kəsərini artırmağa çalışacaq. Məhz Ağdam təmsilçisi bu dəqiqələrdə oyuna nəzərət edə bilsə, səfərdə sərfəli nəticə ilə dönə bilər. 1:0, 2:1 hesablı məğlubiyyətlər belə turu keçməyimiz üçün əla şans sayıla bilər. Səfərdə vuracağımız hər bir qol isə bizim üçün qızala bərabər sayılacaq». Geri dön |