Ana Sayfa > Xəbər > “Bankların maliyyə durumu getdikcə pisləşir”

“Bankların maliyyə durumu getdikcə pisləşir”


29-07-2015, 11:16. Yazar: admin
“Bankların maliyyə durumu getdikcə pisləşir”
İqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycan bank sektorunun hazırkı durumu və problemli kreditlərlə bağlı məsələni şərh edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Q.İbadoğlu bildirib ki, hazırda bank sektorunun xarici borcunun qalıq məbləği 6.4 mlrd. manat təşkil edir: “Əgər Mərkəzi Bank qısa müddətli dövrdə pul-kredit siyasətini düzgün tənzimləməzsə, bankların mövcud problemləri ciddi sosial fəsadlar və iqtisadi çətinliklər yarada bilər. Bank-müştəri münasibətlərində gərginliyin getdikcə artması, qeyri-qənaətbəxş və təhlükəli kreditlərin həcminin çoxalması, əmanətlərin azalması və sürətlə dollarlaşması, bank sektorunun aktivlərinin azalması və xarici borcunun qalıq məbləğinin cəmi öhdəliklərdə payının yüksəlməsi və digər neqativ tendensiyalar Mərkəzi Bankdan ciddi və təxirəsalınmaz qərarların qəbulunu tələb edir.

Statistik məlumatlara görə, 2013-cü ildə əhalinin yetkinlik yaşına çatmış hər 1000 nəfərinin 1,244 ədəd, 2014-cü ildə 1259, 2015-ci ilin I-ci rübün sonuna 1273 ədəd kredit və əmanət hesabı olub. Bu o deməkdir ki, hər bir Azərbaycan əhalisi bu və digər formada banklarla təmasdadır. Odur ki, bankların bağlanması və ya müflis olması cidd sosial katalikizmlərə gətirib çıxara bilər”.

Ekspert qeyd edib ki, hazırkı problemlərlə bağlı kəskin addımlar atılmazsa, bank sektorunun durumu daha da pisləşə bilər: “Bəzi bankların problemi yalnız daxildə müştərilərlə deyil, həm də xaricdəki maliyyə institutları arasında da müşahidə olunur. Belə ki, 31 mart 2015-ci il tarixinə Azərbaycan bank sektorunun xarici borcunun qalıq məbləği 6.4 mlrd. manat və ya cəmi öhdəliklərin 22%-ni təşkil edib. Manatın xüsusilə kəskin devalvasiyasından sonra bankların xarici valyutalarla götürülən öhdəliklərini yerinə yetirməsində qarşılaşdığı çətinliklər onların maliyyə durumunu getdikcə pisləşdirməkdədir”.

Geri dön