Ana Sayfa > Xəbər > Gürcüstanda da “elektromaydan” yetişir

Gürcüstanda da “elektromaydan” yetişir


28-07-2015, 13:48. Yazar: admin
Gürcüstanda da “elektromaydan” yetişir
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Vahid Milli Birlik Partiyasının (VMBP) xeyli üzvü sabiq baş nazir, “Gürcü arzusu” koalisiyasının lideri Bdzina İvanişvilinin evinin qarşısında etiraz aksiyası keçirib.

Virtualaz.org saytı gürcü KİV-lərinə istinadən xəbər verir ki, VMBP fəalları elektrik enerjisinin bahalaşmasına etiraz ediblər.

Aksiya iştirakçıları hökumətin enerji siyasətini sərt tənqid edərək “Gürcü arzusu”nun seçkiqabağı vədlərini yerinə yetirməsi tələbini irəli sürüblər.

“Elektrik enerjisinin qiymətini yarıbayarı azaltmağı vəd etmişdilər. Amma əksinə oldu, qiymətlər artır. Bu gün elektrik enerjisini bahalaşdırdılar. Sabah suyu, qazı bahalaşdıracaqlar. Biz daha çox gündən-günə bahalaşma olacağından qorxuruq” - deyə etirazçılardan biri jurnalistlərə bildirib.

VMBP-nin Tiflis şöbəsi rəhbərinin müavini Niki Meliya deyib ki, indiki hakimiyyət sosial müdafiəsi zəif olan on minlərlə insanı güzəştlərdən məhrum edib.

“İvanişvili və onun yaratdığı hökumət yalana son qoymalıdır. Onlar bunu düşünsün ki, əgər bu gün aksiyalar İvanişvilinin evinin qarşısında keçirilirsə, bu aksiya payızda və qışda etirazlara çevrilə bilər” - deyə N.Meliya bildirib.

Gürcüstanın Milli Tənzimləmə Komissiyası ötən həftə larinin devalvasiyasını nəzərə alaraq “Energo-Pro Georgia” şirkətinin (Çexiyanın “Energo-Pro” şirkətinin törəmə şirkətidir) abonentləri üçün elektrik enerjisi tariflərini avqustun 1-dən 32,3 faiz bahalaşdırmaq qərarı verib. Bunun ardınca Tiflisin “Telasi” enerjipaylayıcı şirkəti də komissiyaya müraciət edərək öz abonentləri üçün tarifləri qaldırmağı xahiş edib.

Geri dön