Ana Sayfa > Xəbər > Natiq Cəfərli üçün sual şair Yafəsə verildi
Natiq Cəfərli üçün sual şair Yafəsə verildi17-07-2015, 10:13. Yazar: admin |
“Səhv düşəndə yerimiz” layihəsində Axar.az-ın “Səhv düşəndə yerimiz” layihəsində iki ayrı peşə sahibinə sualların yerini dəyişərək verməklə və alınan cavabların nöqtə-vergülünə toxunmamaqla reaksiyaları, bilgi spektrini və yumor hissini yoxlamağa, bununla da həm müsahiblərimizi, həm oxucularımızı əyləndirməyə çalışacağıq. – Yunanıstan iqtisadi böhrandan necə xilas ola bilər? Bu böhranın Avropa ölkələri üçün nə kimi fəsadları gözlənilir və Yunanıstanın defolt elan edəcəyi təqdirdə Avropa dağıla bilərmi? Yafəs Türksəs (şair): - Mən belə hesab edirəm ki, Yunanıstan iqtisadi böhrandan çıxa bilər, amma bunun üçün güclü kapitala və siyasi sistemdə iqtisadiyyatı bilən, müasir dövrün tələblərinə cavab verə bilən mütəxəssislər lazımdır. Yunanıstan kiçik bir ölkədir. Onun Avropa Birliyindən çıxması Avropa üçün böyük fəsadlar törətməz. Sadəcə, Yunanıstan qədim mədəniyyətə malik olan bir dövlət olduğuna görə onun AB-dən çıxmasını istəmirlər. Çünki Yunanıstan qədim Avropa kimi mənəvi cəhətdən olduqca dəyərli ölkədir. Yunanıstana külli miqdarda pul ayırıblar, amma iqtisadi böhran bir çox ölkələrdə olub və Yunanıstan bu böhrandan çıxa bilər. Sadəcə, bu dəfə ona güclü maliyyə yardımı lazımdır. – Azərbaycan ədəbiyyatının ilk yazılı nümunələri hansı dövrə təsadüf edir? Ana dilində ilkin olaraq yazan hansı müəlliflərimizi tanıyırsınız? Natiq Cəfərov (iqtisadçı): - Çox qəribə sualdır. Mənə adətən iqtisadi, heç olmasa xarici iqtisadi əlaqələr haqqında suallar ünvanlayırlar. Bu, çox maraqlı və qəribə sual oldu. Tarixə baxanda ilk Azərbaycan dilində yazılan əsərlər Məhəmməd Füzulidən bəri başlayır. Əlifba olaraq Azərbaycan əlifbası olmasa da, dil olaraq Azərbaycan dilində yazılırdı. O vaxt bizim öz əlifbamız – latın əlifbası yox idi, əsərlər farsca, fars hərfləri ilə yazılırdı. Onda regionun ən güclü dili fars dili idi. Hətta Türkiyə Osmanlısının bir hissəsi ərəbcə, bir hissəsi fars əlifbası ilə yazırdı. Füzulidən başlayır dil, söz olaraq Azərbaycanca yazılar. Ondan sonra Şah İsmayıl Xətai daha irəli gedərək hətta şeirlərini indiki Azərbaycan dilinə yaxın sözlərdən istifadə etməklə yazır. XIX əsrə gəldikdə isə Axundovdan, Zərdabidən, Mirzə Ələkbərə, Mirzə Cəlilə qədər uzanır. Ədəbiyyat tariximizdə ən önəmli və iz qoymuş şəxslər mən bu adları hesab edirəm. Şəxsən mənim üçün Azərbaycan ədəbiyyatının ən gözəl dövrü XIX əsrin sonu, XX əsrin əvvəlləridir. Çünki o dövrdə ədəbiyyat çağdaş idi, həm də o ədəbiyyatın təsiri ilə 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti quruldu. Yəni o ədəbiyyatın, Axundovdan başlayaraq bütün mütəfəkkirlərin yazdığı əsərlərin mili oyanışda müstəsna rolu olub. Reaksiyalar: Suallarımıza cavab aldıqdan sonra iştirakçılara layihənin formatını izah etdik. Reaksiyalar belə oldu: Yafəs Türksəs: - Mən şair olsam da, iqtisadiyyat universitetini bitirmişəm (gülür). Layihə olduqca maraqlıdır! Natiq Cəfərov: - Çox orijinal layihədir! Bəyəndim. Sizə uğurlar arzulayıram. Geri dön |