Ana Sayfa > Xəbər > “Azadlıq” və Üçüncü Reyx- Elbəyi Həsənli Əli Kərimlini ifşa etdi
“Azadlıq” və Üçüncü Reyx- Elbəyi Həsənli Əli Kərimlini ifşa etdi16-07-2015, 09:58. Yazar: admin |
Fransanı, bütövlükdə isə Avropanı barmağına dolamış, tarixə "Qırmızı Kardinal" ləqəbi ilə düşmüş Rişelyenin məşhur ifadələrindən birində belə deyilir: ”Siz mənə dünyanın ən təmiz adamının əli ilə yazılmış altı sətir verin, mən orada elə bir şeylər taparam ki, ona görə həmin adamı asmaq lazım gələr”. Azərbaycanda da özünü Rişelye hesab edənlər var. “Azadlıq” qəzeti Rauf Arifoğlunu yenə hədəfə çevirib. Təbiidir. Ən azı ona görə ki, “Azadlıq”dakı həmkarlar az qala hər gün cənab Arifoğlu haqqında mənfi planda nəsə bir şey yazırlar. Bu, gündəlik öhdəlik olduğundan adətkərdə olublar. Ancaq ”Müsavatçı yazardan AXCP etirafı” yazısının bir özəlliyi var. Bu dəfə mənim adımdan istifadə edərək “Yeni Müsavat”ın baş redaktorunu “ifşa” ediblər. Yazının özəti odur ki, indiyə qədər AXCP haqqında nə yazmışamsa hamısını Rauf Arifoğlunun diktəsi ilə - hökumətin layihəsi olaraq qələmə almışam. Ancaq əslində mənim AXCP-yə olan məhəbbətim sonsuzdur. Bu sonsuzluğun sübutu kimi “moderator.az” saytında getmiş ““Fuad Qəhrəmanlı zəncirdəki növbəti zəif həlqə kimi sıradan çıxarılacaq” yazımdan AXCP üçün məqbul sayılan məqamlar sitat olaraq seçilib. “Azadlıq” qəzetinin Rauf Arifoğluna münasibətini aşağıdakı məqam çox gözəl əks etdirir. 3-4 gün əvvəl qəzetin yazdığından belə çıxmışdı ki, tezliklə Azərbaycanda müxalifət olmayacaq. Çünki "Rauf Arifoğlu... Müsavat Partiyasını dağıdandan sonra iştahını AXCP-yə salıb"... Əslində böyük qiymətdir. Dostlarımız etiraf edirlər ki, R.Arifoğlu mediada böyük adamdır. Özü də o qədər böyükdür ki, o boyda Müsavat Partiyasının axırına çıxıb, indi də AXCP-yə girişib. Arifoğlu Cəbhənin də axırına çıxsa, ölkə müxalifətsiz qalacaq. Xain xoflu olar deyiblər. Rauf Arifoğlunun varlığından belə xoflanırlar. ”Müsavatçı yazardan AXCP etirafı” yazısının başlığına nəzər salaq. Müsavatçı olmağım xüsusi vurğulayıblar. Təsadüfi deyil. Məhz “müsavatçı yazarın” AXCP haqqında “etiraf”ı cəlbedici ola bilər. Halbuki bu qəzet məni indiyə qədər Müsavat Partiyasına qarşı təxribatda suçlayırdı... Bəllidir ki, “Azadlıq”da gedən önəmli yazılar Əli Kərimlinin redaktəsindən çıxır, ya da oturub özü yazır. İndiki halda hər kəs Əli bəyin redaktor kimi məharətinə şahid ola bilər. Oxuculara sözügedən yazının AXCP tərəfindən istifadə olunan hissəsini təqdim edirəm. Xüsusi şriftlə gedən cümlələr isə “Azadlıq” tərəfindən süni şəkildə bir-birinə calaq edilib və vahid mətn kimi oxuculara təqdim olunub. Bunlar belədirlər. Saxtakarlıq üçün əldən-ayaqdan gedirlər. Mənim yazımda AXCP-dəki son istefalara diqqət çəkilir: ” Təbii ki, bu itkilərin səbəbi var. Səbəblərlə bağlı gəzişmələr əsasən iki məqam üzərində aparılır. Əli bəyin dostları birinci səbəb olaraq onu göstərirlər ki, AXCP sədri iqtidara təzyiqləri gücləndirdikcə qarşı tərəf onun ətrafını tikə-parça edərək qoparıb aparmağa üstünlük verir. Əli bəyin düşmənləri isə əmindirlər ki, o, ətrafındakı insanlarla qarşılıqlı münasibətlərdə səmimi deyil. Və bu münasibətlərdən doğan fəsadlar sonda bu kimi istefalara yol açır. Başqa bir versiyanı da səsləndirənlər var. Onlar isə buyururlar ki, Əli Kərimli iqtidarın qarşısında ləyaqətlə duruş gətirir, onu sındıra bilmirlər, ona görə də yaxın ətrafına qarmaq atırlar. Əli Kərimliyə simpatiya və antipatiyadan asılı olaraq bu səbəblərdən birinə vurğu yapılır. Mənim düşüncəmə görə isə bu səbəblərin hər biri bu istefalara bu və ya digər dərəcədə təsir göstərir. Bir məqamı xüsusi qabartmaq istərdim. Əslində Əli Kərimli, belə deyək, iqtidarla döyüşdə kifayət qədər ciddi itkilər verir. Buna baxmayaraq, AXCP getdikcə güclənir. Hazırda vəziyyət elədir ki, AXCP müxalifətin avanqardı kimi ortadadır. Cəbhə uzun illər müxalifət düşərgəsinə yön verən Müsavat Partiyasını hazırda geridə qoyub. Məncə, bu fakt etiraf olunmalıdır. Çoxları bilir ki, mən Əli Kərimlinin tərəfdarı deyiləm. Heç bir halda onun prezident olmasını da istəməzdim. Hətta İlham Əliyevlə Əli Kərimli arasında seçim etmək lazım gəlsə, mən birinciyə səs verərəm. Çünki Əli Kərimlinin Azərbaycanda ciddi dəyişikliklərə nail olacağına inanmıram. Xırda bir şeyə diqqət edək. Əbülfəz Qurbanlı istefa verir. Bütün ölkə bundan yazır. Əli Kərimlinin redaktəsindən çıxan “Azadlıq” qəzeti isə susur. Yəni, Əli Kərimlinin sözükeçən yeri hazırda “Azadlıq” qəzetidir. Həmin qəzetə də senzura tətbiq edir. Təbii ki, o, Azərbaycan prezidenti olsa biz senzuranın hökmünü Azərbaycan miqyasında müşahidə etməli olacağıq. Mənsə Azərbaycanın yağışdan çıxıb, yağmura düşməsini heç istəməzdim. Yenidən o məqama qayıdıram ki, AXCP təşkilat olaraq müxalifətdə ağırlıq mərkəzinə çevrilib. İqtidar da bunun fərqindədir. Və AXCP-nin öncüllüyü iqtidarın heç ürəyincə deyil. Məncə, son bir neçə ayda AXCP sədrinin 2 müavininin istefasını da iqtidarın hərəkətə keçməsi kimi dəyərləndirmək lazımdır. YAP iqtidarı AXCP-nin Müsavatdan bu qədər önə keçməsindən narahatdır, çünki Azərbaycanın siyasi müstəvisində qüvvələr nisbəti arasındakı müvazinət pozulub. Ona görə də iqtidar prosesləri Müsavat Partiyasının xeyrinə dəyişməyə səy göstərir. Bəzi sadəlövh adamlar iddia edir ki, Müsavat Partiyası iqtidara işləyir, hətta satılıbdır deyənlər də var. Əlbəttə, iqtidarın Müsavat Partiyasının xeyrinə nələrisə etməsi belə bir ehtimalı gücləndirə bilər. Ancaq əminliklə deyə bilərəm ki, bu, belə deyil. Azərbaycan iqtidarı sadəcə siyasi prosesləri tənzimləməyə çalışır. İqtidar texnoloqlarının düşüncəsinə görə, müxalifət düşərgəsində Müsavat və AXCP-nin timsalında ikihakimiyyətlilik hökm sürür və bu amil həmişə iqtidarın xeyrinə işləyir. Çünki adıçəkilən firqələr arasında gedən gizli - açıq rəqabət YAP - ı 3 - cü onillikdir ki, dimdik ayaqda saxlayır. Məhz bu səbəbdən YAP AXCP-nin Müsavat Partiyasındakı böhrandan sonra müxalifət daxilində itirdiyi yüksəklikləri ələ keçirməsindən əndişə duyur. Elə bu səbəbdən də AXCP-yə təzyiqlərin güclənəcəyini əminliklə demək olar. Düşünürəm ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı zəncirdəki növbəti zəif həlqə kimi sıradan çıxarılacaq. Əslində iqtidarın əlində bu layihəni uğurla yekunlaşdırmaq üçün kifayət qədər kompromat var. Sadəcə bu zaman məsələsidir... Əli Kərimlinin böyüklüyü ondadır ki, bütün itkilərə rəğmən o, öz yolunu davam etdirə bilir. Həm də sadəcə davam etmir, hər gün bir qədər də böyüyür, güclənir, miqyas və təsir imkanların artırır. Şübhəsiz ki, bu keyfiyyətlər təqdirə layiqdir. Görünür bu kimi qabiliyyətlərinə görə mərhum Elçibəy o vaxtlar çox gənc olan Əli bəyi dövlət katibi təyin etmişdi... Bir məqama da nəzər salmaq gərəkir. Bəllidir ki, mərhum Heydər Əliyev İlham Əliyev - Əli Kərimli tandemi yaratmağa hesablanmış addımlar atmışdı. Bu plan baş tutsaydı hər şey başqa cür ola bilərdi. Məhz bu plana əsasən Əli Kərimli 2 dəfə parlamentdə yer aldı. Ancaq Heydər Əliyevin sağlamlığında ciddi problem yarananda Əli Kərimli İlham Əliyevlə gizli müttəfiqliyinə son qoydu. Nəticə o oldu ki, Əhəd Abıyev Milli Məclisdə Əli Kərimlini yerdən-yerə vuran tarixi çıxışını etdi. Əli Kərimlinin yaşadığı mənzilin qarşısında “üzdəniraq”ların axını başladı. Bunun ona görə xatırlatdım ki, İlham Əliyevin Əli Kərimliyə şəxsi münasibəti son dərəcə pisdir, deyərdim ki, bu münasibətlər çoxdan düşmənçilik xarakteri alıb. Ona görə də İlham Əliyev Əli Kərimlinin bu qədər irəli çıxmasına dözməyəcək”. Gördüyünüz kimi, Əli Kərimlinin Rişelye sayaq müdaxiləsindən sonra mənim yazımda AXCP sədri ilə bağlı olan bütün tənqidi məqamlar buxarlanıb. Əvəzində isə belə bir şey alınıb: “Elbəyi Həsənli məlum məqalədə yazır: “AXCP sədri iqtidara təzyiqləri gücləndirdikcə qarşı tərəf onun ətrafını tikə-parça edərək qoparıb aparmağa üstünlük verir. Əslində Əli Kərimli iqtidarla döyüşdə kifayət qədər ciddi itkilər verir. Buna baxmayaraq, AXCP getdikcə güclənir. Hazırda vəziyyət elədir ki, AXCP müxalifətin avanqardı kimi ortadadır. Cəbhə uzun illər müxalifət düşərgəsinə yön verən Müsavat Partiyasını hazırda geridə qoyub. Məncə, bu fakt etiraf olunmalıdır. Çoxları bilir ki, mən Əli Kərimlinin tərəfdarı deyiləm. AXCP təşkilat olaraq müxalifətdə ağırlıq mərkəzinə çevrilib. İqtidar da bunun fərqindədir. Və AXCP-nin öncüllüyü iqtidarın heç ürəyincə deyil. YAP AXCP-nin Müsavat Partiyasındakı böhrandan sonra müxalifət daxilində itirdiyi yüksəklikləri ələ keçirməsindən əndişə duyur. Elə bu səbəbdən də AXCP-yə təzyiqlərin güclənəcəyini əminliklə demək olar. Əli Kərimlinin böyüklüyü ondadır ki, bütün itkilərə rəğmən o, öz yolunu davam etdirə bilir. Həm də sadəcə davam etmir, hər gün bir qədər də böyüyür, güclənir, miqyas və təsir imkanların artırır. İlham Əliyevin Əli Kərimliyə şəxsi münasibəti son dərəcə pisdir, deyərdim ki, bu münasibətlər çoxdan düşmənçilik xarakteri alıb. Ona görə də İlham Əliyev Əli Kərimlinin bu qədər irəli çıxmasına dözməyəcək”. Sonda qəzet belə bir hökm verir ki, “Əli Kərimli əleyhdarı olan şəxs də faktiki vəziyyəti etiraf etməyə məcbur olur”. A qurban olum sizə! Başa düşün ki, mən 12 ildir ki, İsveçrədə yaşayıram, bu gavur məmləkətində işləyirəm. Heç kimə və heç nəyə də ehtiyacım yoxdur. Azadlıq qəzetinin 5-6 əməkdaşının aldığı maaş qədər əməkhaqqı alıram. Mənim nəyi isə “etiraf etməyə məcbur olmağım” absurd söhbətdir. Mən doğru bildiyimi yazıram, siz isə həmin yazıdan özünüzə sərf edən məqamları qopardıb bir-birinə yapışdırırsız və fikirlərimi məqsədli şəkildə təhrif edirsiz. Alman gizli polisi olan Gestaponu yaradan Herman Görinq Üçüncü Reyxin əsas simalarından biri idi. Onun Hitler haqqında məşhur bir fikri var: ”Mənim vicdanım yoxdur! Mənin vicdanımın adı Adolf Hitlerdir”. Bu mənada “Azadlıq”da da Əli Kərimlini özünə vicdan hesab edənlər var. Və haqqımda saxtakarlığa söykənərək verilmiş yazını da belə yanaşmanın nümunəsi hesab edirəm. Ümumiyyətlə, “Azadlıq”da çalışanlara bir daha xatırlatmaq istəyirəm ki, bu qəzet partiya qəzetidir. Bəlkə siz də Mixail Şoloxov kimi düşünürsüz: ”Biz ürəyimizin hökmü ilə yazırıq, ancaq bizim ürəyimiz partiyaya məxsusdur”... Yazıda dönə-dönə vurğulanır ki, mən Rauf Arifoğlu ilə dostam, hətta onun əsas müttəfiqiyəm. Bəs necə olmalıdır? 18 il çiyin-çiyinə çalışdığım adamla düşmən olmalıyam? Xeyir ola. Amma mənim Rauf Arifoğlu ilə münasibətim “arım, balım, pətəyim” səviyyəsində deyil. Elə bir az əvvəl o, məni başqan Arif Hacılıya görə “şiddətlə qınamışdı”. İndi də mən onu eyni şiddətlə qınayıram. Çünki Müsavat Partiyasından istefa verməkdə qərarlıdır. Düşünürəm ki, bu yanlış addımdır. Çünki hazırda Rauf Arifoğlu təşkilatda Müsavat Partiyasının bərpasında iştirak etmiş “sonuncu Magikan”dır. Digərləri fərqli səbəblərdən partiyadan gediblər. Cənab Arifoğlunun gedişi ilə Müsavat Partiyası ilə tarixi Bərpa Mərkəzi arasındakı əlaqə kəsilmiş olacaq. Yeri gəlmişkən, Rauf Arifoğlunun Müsavatdan gedişinə AXCP-nin ziddiyyətli münasibəti var. Əvvəl iddia edirdilər ki, o, gizlində iqtidara işləməklə Müsavat Partiyasını dağıdır. İndi isə iddia edirlər ki, o, Müsavat Partiyasından ona görə gedir ki, deputat mandatı alsın. Halbuki məntiqlə müxalifətçi kimi mandat alması daha məqsədəuyğun olmalıdır. Sonda bir məqama da aydınlıq gətirim. Mənə deyirlər ki, sən iqtidarı da tənqid edirsən, üzvü olduğun Müsavat Partiyasını da, AXCP-ni də. Milli Şuranı isə Rusiyanın layihəsi sayırsan. Bəs sən kimin yanındasan? Bizim insanların düşüncəsinə görə, yazar hansısa düşərgədə olmalıdır. Əslində isə mən xalqın yanındayam. Xalq isə nə bu iqtidardan, nə də ki, bir-birinə qənim kəsilmiş müxalifətdən razı deyil, yəni heç birindən yarımayıb. Mənim yazdıqlarım da həmin narazılığın təzahürü kimi qəbul olunmalıdır... Geri dön |