Ana Sayfa > Xəbər > Binəqədidəki yanğında xəsarət alanlara 5 min manat kompensasiya verildi
Binəqədidəki yanğında xəsarət alanlara 5 min manat kompensasiya verildi14-07-2015, 18:26. Yazar: admin |
Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğında xəsarət alan sakinlərə 5000 manat kompensasiya ödənilib. Bu barədə "Report"a binanın sakinləri məlumat veriblər. Yanğın zamanı müxtəlif dərəcədə xəsarət alan 50-dən artıq sakinə kompensasiya ödənilib. Sakinlər kompensasiyaları "Kapital Bank"dan alıblar. Xatırladaq ki, bu günə qədər yaşayış binasının sakini olan hər bir ailəyə 2500 manat kirayə pulu ödənilmişdi. Bu məbləğ sakinlərin 5 ay müddətində kirayədə qalmaları üçün verilmişdi. Qeyd edək ki, mayın 19-da Bakı şəhəri, Binəqədi rayonunun Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib. Nəticədə 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Baş vermiş hadisəyə görə 4 nəfər həbs olunub. Geri dön |