Ana Sayfa > Xəbər > Pakistandan Qarabağdakı hoqqabazlığa reaksiya
Pakistandan Qarabağdakı hoqqabazlığa reaksiya30-03-2015, 10:15. Yazar: admin |
Pakistan İslam Respublikası Senatının Müdafiə komitəsi Azərbaycanla Dağlıq Qarabağ məsələsində həmrəyliyini bildirən və erməni separatçılarının saxta “seçkilərini” tanımayan bəyanat yayıb. Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən xəbərə görə, bəyanatda Pakistan Senatının Müdafiə komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 3 may 2015-ci il tarixində separatçı rejim tərəfindən qondarma “parlamentə” keçirilməsi nəzərdə tutulan qanunsuz seçkiləri qəti şəkildə pislədiyini bildirib. Bəyanatda qeyd olunub ki, Azərbaycanla dost və qardaşlıq münasibətlərdə olan Pakistan hökuməti və xalqı Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstəkləyir və həmrəyliyini bildirir, Ermənistanın qanunsuz işğalını tam pisləyir: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən, işğalı pisləyən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin icra olunmalı, qanunun aliliyi təmin edilməli, işğal dayandırılmalıdır”. Bəyanatda eyni zamanda vurğulanıb ki, Pakistanın bütün əyalətlərinin və əsas siyasi partiyalarının təmsil olunduğu Senatın Müdafiə komitəsi bütün Azərbaycan xalqı, xüsusilə də işğal olunmuş ərazilərdən olan azərbaycanlılarla həmrəy olduğunu bir daha bildirir, “zorun aliliyi” prinsipini qəbul etməyərək beynəlxalq hüquq, BMT-nin nizamnaməsi və qəbul edilmiş qətnamələr əsasında münaqişənin sülh yolu və ümumbəşəri ədalət normaları əsasında həll edilməsini dəstəkləyir. Geri dön |