Ana Sayfa > Xəbər > BDYPİ-də sürücülərin kabusu olan otaq: 403
BDYPİ-də sürücülərin kabusu olan otaq: 40330-03-2015, 09:51. Yazar: admin |
Azərbaycanda ən çox şikayət olunan xidmət növlərindən biri də DYP-dir. Dövlət Yol Polisi əməkdaşlarının sürücüləri qaydaları pozduğuna görə deyil, istəyinə görə saxlaması da adi haldır. Və sürücülərin də ən çox şikayət etdikləri məsələlər sırasında radar, səbəb göstərilmədən protokol tərtib etmək və ya pul tələb etmək üstünlük təşkil edir. Aydın məsələdir ki, sürücülər sürət həddini aşdıqları təqdirdə yollarda quraşdırılmış MMX deyilən radar sistemlərinə yaxalanırlar. Bu sistemin özəlliyi ondan ibarətdir ki, yollarda nəzərdə tutulmuş sürət həddini aşan maşınların fotolarını çəkib, onları avtomatik protokollaşdırır. Ardından isə həmin protokol sürücünün ünvanına göndərilir. Elə mərəkə də bundan sonra başlayır. JAM.AZ xəbər verir ki, MMX radarlara tuş gəlmiş sürücülər əgər protokolla razılaşarlarsa, nəzərdə tutulmuş cəriməni bank, poçt və ya DYP-nin post terminalları vasitəsi ilə ödəməlidirlər. Lakin Baş Dövlət Yol Polisi İdarəsindəki 403-cü otaq bütün bu «funksiyaların» hamısını həyata keçirə biləcək gücdədir. Sürücülərin kabusu, DYP işçilərinin əsas qazanc yeri olan bu otaq BDYPİ-nin binasında yerləşir və oradaşıdırğı alver getdiyini də bilməyən yoxdur. Qeyd edək ki, 403-cü otağın qarşısında «Elvin», «Şahin» və daha digər adlarda adamlar var ki, onların vəzifəsi «vasitəçilik» etməkdir. Yəni, avtomobili radara düşmüş sürücü cəriməsini ödəmək üçün sözügedən otağa yaxınlaşarsa, ona işlərini «asanlaşdırmaq» üçün yardımçı ola biləcəklərini çatdırırlar. Bundan başqa, qapının ağzında dayanmış mülki geyimli şəxsin də vəzifəsi odur ki, qapını bağlayıb, arxadan da kilidləməkdir. İçəridə nələrin baş verdiyini isə sürücülər özləri nəql edirlər. Deyirlər ki, bu otaqda hər kəsdən pul alınır. Onlara MMX-ya düşdüklərinə dair fotoları və buna uyğun şəkildə tərtib olunmuş protokol göstərilir. Və bundan sonra alver başlayır. DYP əməkdaşları böyük məbləğli cərimələrə «düzəliş» edərək, bir qədər az pul almaqla işi yoluna qoyurlar. Amma burada bir qəliz məsələ var, o da yazılan cərməyə görə sürücülük vəsiqəsinə yazılacaq cərimə ballarıdır. Ki, 403-cü otağın «canavarları» öz adamlarının sürücülük vəsiqəsinə balları yazaraq, problemi həll edirlər. JAM.AZ-a daxil olan məlumatda o da qeyd olunur ki, 403-cü otaqdan çıxan istənilən sürücü ən azı 500 manat cərimə ödədiyini deyir. Və bu qədər pulun heç bir bank fəaliyyəti ilə məşğul olmaq haqqında sahib olmayan BDYPİ-də baş verməsi də başadüşülən deyil. Bir daha xatırladaq ki, MMX radar çəkirsə, dərhal sistemə vurulur və sürücüyə elektron protokol göndərilir. Qanunvericiliyə görə, sürücü həmin protokoldan narazı deyilsə, bu sənəd əsasında istənilən banka gedib cəriməni ödəyə bilər. Maraqlıdır, axı, bu otaq bank deyil və alınan pullara görə də heç kimə qəbz verilmir. Digər bir mühim məsələ ondan ibarətdir ki, radara düşən sürücüyə elektron protokol tərtib olunub ünvanına göndərilir. Amma son vaxtlar bu cür protokollarla banka gedib ödəniş etmək istəyənlər problemlə üzləşirlər. Çünki cərimə sistemə vurulmayıb. Və sürücülər də məcbur olub cəriməni ödəmək üçün Baş Dövlət Yol Polisi İdarəsinə üz tuturlar. Burada isə «xəzinə» rolunu oynayan 403-cü otaqda pul verib gedirlər. Və bununla da məsələ həll olunur. Həll olunmayan məsələ isə odur ki, bəzi sürücülər ünvana gələn MMX radar protokolu ilə banka ödəniş etmək üçün aylarla gözləyir, həftədə bir dəfə banka gedir, amma məlum olur ki, cərimə sistemə vurulmayıb. Sürücü isə qanuna əsaslanıb, ödənişi banka etməyi düşünür. Və bir neçə aydan sonra məlum olur ki, DYP cəriməni sistemə vurmaya-vurmaya vətəndaşa faiz də hesablayıb. Ümumiyyətlə, DYP sistemini deyə bəlmərik, amma deyəsən, DYP-nin elektron məlumat sistemində çox ciddi problemlər var. Əgər sürücü MMX radara düşübsə, evinə məktub göndərilibsə, məktubda protokol və qayda pozuntusunu əks etdirən görüntülər varsa, sürücü bununla razılaşırsa, nədən DYP-nin sistemindəki hansısa problemə görə polis şöbələrinin qarşısında növbə gözləməli, ayda 4 dəfə banka getməlidir? Vətəndaşların işini asanlaşdırmaq əvəzinə, niyə bu qədər qəlizləşdirirlər? Bəlkə bu işlərin də «ASAN xidmət»ə verilməsinin vaxtı çatıb? Belə baxanda, işi asanlaşdırmağın yolu elə budur, çünki DYP-nin sistemindəki problemlər illərdir ki, davam edir və düzəlməyə doğru da nəsə müşahidə edilmir. Amma istək və arzu olsa, DYP sistemi çox gözəl işləyə bilər. Hələlik belə istək görünmür. Məsələn, son dövrlər kütləvi şəkildə artan MMX radarlara Baş Dövlət Yol Polisi İdarəsindən başqa heç kim müdaxilə edə bilməz. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, rayon dövlət yol polisi şöbələri MMX radarla bağlı işlərə baxıb həll edə bilməzlər, çünki onlar sistemdə sürücü barəsində məlumatları görə, MMX radarın mövcudluğu ilə tanış ola bilsələr də, onu silmək, dəyişmək və ya həmin məlumata hansısa müdaxilə etmək imkanlarına malik deyillər. Ölkənin istənilən yerində MMX radara düşən sürücülər bir qayda olaraq problemin həlli üçün Baş DYPİ-nin 403-cü otağına göndərilirlər. Deməli, belə vəziyyəti 403-cü otaqla birlikdə təhlil etdikdə aydın olur ki, bunu edənlərin hədəfi pulların bir mərkəzə cəmlənməsi olub. Qanunda isə açıq şəkildə yazılıb ki, yol polisi əməkdaşının sürücüdən cəriməni nağd şəkildə alması qadağandır. Elədirsə, DYP-dən bu suallara cavab istəyirik: 403-cü otaqda MMX radarı olan sürücülərdən pulu kim və niyə alır? Bunu hansı əsasla edirlər? Sürücü otağa girən kimi qapıları niyə kilidləyirlər? Qapını kilidləmək nəyə lazımdır? Ümid edirik ki, BDYPİ-nin müvafiq qurumları bununla bağlı məsələyə aydınlıq gətirəcək. Üstəlik, lazımi tədbirlər də görüləcək ki, sonradan sözügedən qurumun adına xələl gətirilməsin. Geri dön |