Ana Sayfa > Xəbər > Manat böhranından əvvəl 20 milyonunu “dirildən” icra başçısı
Manat böhranından əvvəl 20 milyonunu “dirildən” icra başçısı30-03-2015, 09:45. Yazar: admin |
Fevral ayında baş verən manat böhranında Azərbaycan məmurlarının necə davranması hər kəs üçün maraqlı idi. Zaman keçdikcə bu məqamla bağlı məlumatlar ictimaiyyətə sızmaqdadır. Belə ki, cumhuriyyet.az saytının əldə etdiyi məlumata görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dolların, eləcə də digər xarici valyutaların məzənnəsinin anidən qalxacağından öncədən məlumatlı olub. Bu haqda danışan mənbə iddia edir ki, bu səbəbdən də Eldar Əzizov məlum manat böhranından öncə külli miqdarda manatın dəyişdirilməsinə nail olub: “Eldar Əzizov son 2 ayda 20 milyon vəsaiti banklarda dəyişdirib. Belə ki, icra başçısı qeyd olunan məbləğin bir hissəsini “Unibank”da İngilis funt sterlinqinə, qalan hissəsini isə digər banklarda avro və dollara dəyişdirib. Bu işdə ona sağ əli hesab olunan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev yaxından köməklik göstərib. Yəni bu işləri məhz Abid Əliyev görüb”. Bu arada A.Əliyevlə bağlı da ilginc məlumatlar yayılıb. Belə ki, Sumqayıt şəhərində qəbir yerlərinin vətəndaşlara heç də təmənnasız verilmədiyini vurğulayan mənbə cumhuriyyet.az-a bildirib ki, icra başçısı Eldar Əzizovun sağ əli sayılan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyevin nəzarətində olan qəbiristanlıqda qəbir yerləri pulla satılır: “İlk öncə onu qeyd edim ki, Abid Əliyev bundan əvvəl Gəncə su və kanalizasiya idarəsinin rəhbəri vəzifəsində çalışıb. Və həmin illərdə bir sıra neqativ hallara şərait yaradıb. O, indi də eyni əməllərini Mənzil Kommunal İstehsalat Departamentində təkrarlayır. Eldar Əzizov onu özü ilə birlikdə Gəncədən gətirib. Hazırda Abid Əliyevin nəzarətində olan Sumqayıt şəhər qəbiristanlığı Stansiya Sumqayıt-Müşfiq yolunun sağ tərəfində yerləşir. Son 2-3 ilin layihəsi sayılır. Abid Əliyevin tətbiq etdiyi qaydalara görə, qəbiristanlıqda yerlər şəhər sakinlərinə təmənnasız verilmir. Sumqayıtlılar iddia edirlər ki, bu qəbiristanlıqda qəbir yerləri cüt satılır: ya iki, ya da dörd nəşlik. Ölçülər isə müvafiq olaraq 3m x 3,1m və ya 3m x 6,2m. Hər variantın da öz qiyməti var. Birinci halda, yəni 3m x 3,1m ölçülü yer 250 manata, ikinci halda, yəni 3m x 6,2m ölçülü yer isə 500 manata satılır. Bir yer satılmır, kimsə vəfat edirsə doğmaları məcburən ən azı iki yer almalıdır. Bundan əlavə qəbirin qazılması, üstünün və ətrafının düzəldilməsi də heç də az olmayan xərc tələb edir. Həm də qəbir ətrafının abadlaşması müdiriyyətin əsas şərtlərindəndir. Pulun var, ya yox fərq etməz, ərazi müdiriyyətin tətbiq etdiyi standarta uyğun düzəldilməlidir”. Geri dön |