Ana Sayfa > Xəbər > Əli Kərimli diktaturası
Əli Kərimli diktaturası13-07-2015, 09:50. Yazar: admin |
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin maskası artıq düşüb. Bunu onun ətrafında olan insanlar da anlamağa başlayıblar. Bir neçə gün əvvəl AXCP sədrinin müavini Əbülfəz Qurbanlının partiyadan istefa verdiyini açıqlaması böyük söz-söhbətlərə səbəb oldu. Öz növbəsində bu istefa həm də Əli Kərimlinin şəxsi maraqlarını partiya maraqlarından üstün tutması məsələsini bir daha gündəmə gətirdi. Qeyd edək ki, Əbülfəz Qurbanlı istefasını bu şəkildə izah edib: "AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın". AXCP gənclər birliyinin sədri İlham Hüseyn Əbülfəz Qurbanlının istefasını "Ola bilsin ki, profili oğurlanıb. Çünki orada başqa şəkillər də paylaşılıb. Özü olsaydı onları silərdi" deyə şərh edib. Amma keçmiş müavin narahat olan dostlarına belə cavab verib: "Profilim oğurlanmayıb, zənglərə də zərurət yoxdur". Xatırladaq ki, bu ilin fevral ayında Əli Kərimlinin digər müavini Razi Nurullayev də istefa vermiş, həmin vaxt Kərimlinin ünvanına kəskin ittihamlar səsləndirmişdi: "Çox təəssüf edirəm ki, yollarımız rəsmiyyət olaraq ayrıldı. Amma təbii ki, heç zaman doğru bildiyim yoldan geri çəkilən deyiləm. Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verdiyimi bəyan edirəm. Çünki sədrlə aramızda Himalay dağı boyda uçurum var. Bu uçurumu doldurmaq üçün partiyaya qoşulduğum zamandan çalışdım. AXCP-yə qoşulmamış Əli Kərimlini başqa cür tanıyırdım. Daha yaxın olduqca gümanlarımın məni aldatmış olduğunu gördüm. O göründüyü kimi deyilmiş. Təəssüf edirəm. Əli Kərimliyə bir siyasətçi və insan kimi xoş münasibətimi saxlayıram və həmişə də saxlayacam. Amma siyasət aləmində onunla bir sırada getməyin mümkün olmadığını görürəm. Bu gün bir daha AXCP-də hökm sürən diktatura özünü göstərdi. İllərlə demokratiya uğrunda yorulmadan mübarizə aparmağımıza rəğmən, AXCP sədri hörmətli Əli Kərimlinin avtoritar düşüncəsi, nəinki cəmiyyətin digər kəsiminə, iqtidara və ya digər müxalif qüvvələrə deyil, hətta öz partiyadaşlarına belə qısqanclığı, fikir müxtəlifliyinə dözümsüzlüyü, aqressiyası, bizə demokratiya uğrunda səmimi mübarizəmizi əngəlləyirdi və yenə əngəlləməkdə davam edir. Partiyada Əli Kərimli daxili avtoritarizm yaradıb və heç bir daxili demokratiya yoxdur. Partiyada azad söz də yoxdur. Təəssüf edirəm ki, Əli bəyin tənqidə və fərqli fikirə də dözümü yoxdur. Partiya dediyimiz bir səhmdar təşkilat kimi qurumdur. Hər bir cəbhəçi onun səhmdarıdır. Razıyam ki, birinin bir, o birinin iki, bəzilərinin isə 100 səhmi ola bilər. 20 ildir ki, insanların səhmi əlində yanıb. Onlar bu səhmlərdən xeyir götürə bilməyiblər. Bütün səhmlər Əli Kərimliyə xidmət edib və etməkdədir. Biz niyə cəbhəçinin başının altına hər dəfə yastıq qoymalıyıq ki, gəlirik? Axı necə gəlirik, niyə cəbhəçilərə yalan söyləməkdə davam edirik? Buna qarşı oldum. Mən səhmdar hüququmdan istifadə edib dəyişiklik gətirmək istədim. Buna təhamül edəmədi. Səhmdar var, səhmlər yox dedi". Razi Nurullayevin bu açıqlamaları AXCP sədrinin əsl xislətini ortaya çıxardı, onun hansı qüvvələrin əlində alətə çevrilməsini açıq şəkildə göstərmiş oldu. Razi Nurullayevin gedişindən sonra bir çox cəbhəçi Əli Kərimlinin əslində necə birisi olduğunu anlamağa başladı. Əslində, onlar bunu çoxdan, yəni Kərimli ailəsinin adının 8 milyonluq qalmaqala qarışdığı vaxt etməli idilər. Lakin ziyanın yarısından dönmək də xeyirdir. AXCP sədrinin maskasını salanlardan biri də sədrin sabiq müşaviri Zərifə Məhəddinova oldu. "İllərlə millətin apardığı mübarizəni satıb pula çevirən, xalqın milli ruhunu öldürən, onun özünəgüvənini sarsıdan, ətrafında qoçu və şər-böhtançı dəstə saxlayan, haqqı deyən adamları ləkələyib sıradan çıxaran heç bir kəs bu xalqın qulluğunda ola bilməz. Bunların apardıqları çirkin oyunları görürdüm. Heç bir müdafiəm yox idi. Adlarını kişi qoyanlar, təklikdə dediklərimi təsdiq edirdilər. Üzdə isə yaltaqlanırdılar. Heç səmimi olmadılar. Hamı qorxurdu. Bilirdilər ki, partiyadakı diktator elə-belə diktator deyil. Daha amansız, daha həyasızdır. Mən azad ruhlu adamam. O mühitdə çox qala bilməzdim. Arxasında əməlli-başlı şər-böhtan dəstəsi var. Elə şərləyərdi ki, altından çıxmaq olmazdı. Təkcə qovmaqla əl çəkməzdi. Bircə onu bilirəm ki, AXCP rəhbərliyindəki adamlar heç məktəb direktoru olmağa da layiq deyillər. Bunların qarşısına mal-qara sürüsü qatasan, aparıb otarsınlar. Bəzilərinin də qarşısına alma-armud tökəsən, bazarda satsınlar. Onda daha faydalı olar. Bunlar nə bilir ki, milli ruh nədir? O partiyaya həqiqətən Əliyə inanıb gəlmişdim. Gördüklərimdən məhv oldum. Orada siyasət, millətin bu günü və gələcəyi adına heç nə yoxdur. Siyasi alverlə məşğul olur həm Milli Şura, həm də AXCP. Milli Şuranın mitinqləri siyasi biznes layihəsindən başqa bir şey deyil"!, deyə Əli Kərimlinin keçmiş müşaviri olduqca maraqlı məlumatlar açıqlamışdı. Bir-birinin ardınca ifşa olunmasına baxmayaraq, Əli Kərimli dırnaqarası mübarizəsindən əl çəkmir və xaricdəki ağalarının tapşırıqları ilə piket təşkil edərək iqtidarın əleyhinə heç bir əsası olmayan fikirlər səsləndirir. Əbülfəz Qurbanlının partiyadan gedişi hər şeyi tam açıqlığı ilə ortalığa qoydu. Bir daha sübut olundu ki, Əli Kərimli partiya daxilində sözün əsl mənasında diktatura yaradıb, heç kimin söz azadlığını tanımır. Onu da xatırladaq ki, mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev də bir müddət əvvəl ittihamlarla çıxış edib. Onun iddiasına əsasən Ə.Elçibəyə xəyanət edənlərin hamısı cəzalandırılıb. Yalnız bir nəfər cəzasız qalıb. "Yurddaş" partiyasının sədri Mais Səfərli isə Almurad Əliyevin fikirlərinə bu formada izahat verib: "Demək olar ki, Əbülfəz Elçibəy hər bir məsələni qardaşı ilə məsləhətləşirdi. Əgər Almurad Əliyev belə bir iddia ilə çıxış edibsə, onda həmin şəxsin adını da çəkməli idi. Çox ehtimal ki, bu şəxs AXCP sədri Əli Kərimlidir. Əli Kərimliyə qarşı olan bu nifrət onun şəxsi maraqlarının partiya maraqlarından üstün olması ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycanda müxalif partiyalarda çox ciddi şəkildə islahatlar aparılmalıdır. Demək olar ki, müxalifət partiyalarına rəhbərlik edən şəxslər demokratiyadan və insan haqlarından danışırlar. Amma rəhbərlik etdikləri partiyalarında nə demokratiya, nə də ki, insan haqlarından əsər-əlamət var". Odur ki, nə qədər gec deyil Əli Kərimlinin ətrafında olan digər insanlar da AXCP-dən istefa verməli və haqq yola qayıtmalıdırlar. Geri dön |