Ana Sayfa > Xəbər > Bakı Tikiş Evində yeni bahalaşan məktəbli formalarını alan azdır - REPORTAJ

Bakı Tikiş Evində yeni bahalaşan məktəbli formalarını alan azdır - REPORTAJ


9-07-2015, 14:51. Yazar: admin
Bakı Tikiş Evində yeni bahalaşan məktəbli formalarını alan azdır - REPORTAJ
Növbəti dərs ili üçün məktəbli formalarının qiymətinin qalxması cəmiyyətimizdə əsaslı narazılıqlara səbəb olub. Deyilənlərə görə, bahalaşma əsasən paltarların ölçüsünə görə aparılıb.

Birdən-birə bahalaşmaya səbəb nə idi? Bakı Tikiş Evi bu formaların satışını həyata keçirən qurum kimi vətəndaşlarla dil tapa biləcəkmi? Bu qiymət qalxımı Təhsil Nazirliyi və ya Tarif Şurası ilə razılaşdırılıbmı?
Bütün bu suallara aydınlıq gətirmək üçün Hafta.az saytının əməkdaşı Bakı Tikiş Evinə yollandı. Əməkdaşımızın orada gördüklərini sizlərə təqdim edirik:

İçəri daxil olan kimi uşaqlarına məktəbli formaları almağa gələn valideynlərlə qarşılaşırıq. Məktəblilərin valideynlərini biraz söhbətə tuturuq. Beşinci sinifdə oxuyan Seymurun anası öz təəssüratlarını bizimlə bölüşür. O, maddi vəziyyətlərinin o qədər də yaxşı olmadığını lakin övladlarına keyfiyyətli forma almaq üçün məhz BTE-nə üz tutduğunu söyləyir. Yeni formalarını həvəslə geyinən balacalar lap eynimizi açır. Onların yeni dərs ilinə böyük həvəslə hazırlandığının şahidi oluruq.
Tikiş Evində başqa valideynlər də var idi. Onların bir çoxlarının qiymətin artmasından narazaı olduqları açıqca hiss olunurdu. Valideynin biri mağazadan kənara çıxan kimi narazılığını ifadə etdi. Dedi ki, bu il 3 forma almalıdır və bu yeni vəziyyət onların əvvəlcədən nəzərdə tutduqları büdcəni xeyli aşır.


Mağaza satıcılarında belə narazı müştərilərin çox olub olmadığını öyrənməyə çalışırıq. Onlar dedilər ki, hələ məktəbin başlanmasına xeyli var deye o qədər də alıcıları yoxdur. Əsas alıcılar sentyabr ərəfəsində olacaq. Bizimlə söhbət edən xanım qeyd etdi ki, bir çox alıcının hələ qiymətlərin artmasından ümumiyyətlə, xəbəri yoxdur.


Bir müddət onları izlədikdən sonra yollanırıq Bizi Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimovun kabinetinə. Qiymət artımı, istehsal prosesi alıcılıq qabiliyyəti barəsində yeni məlumatlar əldə edirik.



Etibar Əzimov bizi gülərüz qarşıladı. Satış mərkəzi ilə yaxından tanış olduqdan sonra Etibar müəllimə suallarımızı ünvanladıq.


- Qiymət artımı hansı formada aparılıb?


- Keçən illər məktəbli formalarının qiyməti ölçüsünə müvafiq fərqli idi. Məsələn, birinci, altıncı sinif üçün 26-36 ölçüyə kimi olan kostyumların qiyməti 30 manat idi. Aşağı siniflər üçün ölçüləri 38-44 olan kostyumların qiyməti isə 30-35 manat olub. Hal-hazırda 26-44-ə kimi bütün ölçülü formaların qiyməti 34 manatdır.


- Aşağı və yuxarı sinif şagirdlərinin formalarında qiymət fərqi varmı?


- Bəzən satış prosesi zamanı satıcı ilə alıcı arasında anlaşılmazlıq yaranır. Alıcılar fərqli ölçülü paltarlarda qiymətin baha olmasından şikayətlənirdilər. Məhz bu səbəbdən biz məktəbli formaları üçün ortaq qiymət təyin etdik. Yuxarı siniflər üçün olan formaların qiyməti - oğlan və ya qız fərq etmir - 40-45 manat idi. Onların da qiymətini 43 manat etdik. Bütün söhbət bundan gedir.


- Dolların bahalaşması qiymət artımına necə təsir göstərib?


- Bütün parçaları Türkiyədən dollarla alırıq. Qalxmanın ilkin səbəbi dolların bahalaşmasıdır. Belə olan halda biz də böyük çətinliklərlə üzləşirik. Amma hələlik böyük qiymət artımı etməmişik. Müəssisəmiz təkcə məktəbli formalarının tikişi ilə məşğul olmur. Eyni zamanda, hərbçi və digər uniformaların tikişi ilə də məşğul oluruq. Müdiriyyət çalışır ki, məktəbli formalarının qiymətində böyük dəyişiklik olmasın. Bu il ortaq qiymət çıxarmışıq və ilboyu bu qiymətlərlə işləyəcəyik. Gələn ildə qiymətlərin necə olacağını bilmirik.


- Formaların keyfiyyətində dəyişiklik baş verə bilərmi?


- Paltarların keyfiyyətində heç bir fərq olmayacaq. Uşaqlar üçün olan paltarların mütləq uyğunluq, keyfiyyət sertifikatı olmalıdır. Formaları keyfiyyətsiz parçadan tikmək böyük cinayətdir və uşaqların sağlamlığına zərərlidir. Çindən və yaxud digər ölkələrdən gətirdikləri ucuz malların üzərinə BTE-nin emblemini tikib satırlar. Gedib bazara baxsaq görərik ki, 15-20 manata ucuz, aşağı keyfiyyətli formalar satılır. Belə hallar qətiyyən yolverilməzdir.


- Qiymətlərdə baş verən dəyişikliyin satış prosesinə təsiri olubmu?


- Qiymət artımının hələ ki, satış prosesinə ciddi bir təsiri olmayıb. Bizim mallarımız çox keyfiyyətlidir. Hər biri minimum iki il geyinilə bilər. Alıcılar istəyirlər ki, uşaqlarına brend, lakin ucuz formalar alsın. Bu da ki, mümkün deyil. Bu barədə valideynlərdən də soruşa bilərsiniz. Tikiş prosesində istifadə etdiyimiz bütün parçaların Avropa laboratoriyasından sertifikatı var.


- Qiymətlərdəki artımın əhəmiyyətli dərəcədə olmadığını söyləyirsiniz. Məktəbə üç dörd və daha çox uşaq göndərən ailələr var. Bu dəyişiklik onlara ciddi təsir göstərməyəcək?


- Başa düşürük ki, çoxuşaqlı ailələrdə qiymət artımı çətinlik törədə bilər. Camaatın iqtisadi vəziyyətini nəzərə alıb çalışırıq ki, qiymətləri artırmayaq. Lakin onu da qeyd edim ki, hər hansı müəssisə zərərlə işləyə bilməz. Dolların bahalaşması da istər-istəməz qiymətlərə təsir göstərir. 50-100 minlik maşın sürürlər. Qiymət artımından şikayət etməkdənsə, uşaqlarına keyfiyyətli məktəbli formaları alsınlar.


- Valideynlər formaları haradan əldə edə bilərlər?


- Alıcılar üçün heç bir məcburiyyət yoxdur. İstəsələr BTE-nin formalarını almaya da bilərlər. Hər kəsin azad ticarət hüququ var. Kim hansı mağazadan istəsə alış-veriş edə bilər. Əgər valideynlər uşaqlarına keyfiyyətli məktəbli formaları almaq istəyirlərsə, BTE-nə üz tutsunlar. İndi bütün məktəblilər eyni formanı geyinir. Beləliklə də sosial bərabərlik təmin olunur. Bakının 12 rayonunun hər birində bizim firma mağazalarımız var. Həmçinin, “Qaynar xətt”imiz də fəaliyyət göstərir.

Geri dön