Ana Sayfa > Xəbər > “Çağdaş Azərbaycan mətbuatını aldatmaq mümkün deyil”
“Çağdaş Azərbaycan mətbuatını aldatmaq mümkün deyil”9-07-2015, 12:18. Yazar: admin |
Azərbaycan mətbuatının 140 illik yubileyi ərəfəsində bu sahənin tanınmış simaları ilə müsahibələri davam etdiririk. Bu dəfə həmsöhbətimiz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyevdir. - Şamil müəllim, Azərbaycan mətbuatının keçdiyi 140 illik yolu necə dəyərləndirirsiniz? - Bizim jurnalistika tariximiz birmənalı, biristiqamətli deyil, inkişaf tarixi baxımından çoxşaxəli və çoxmərhələlidir. Onun çoxproblemli, çoxşəxsiyyətli olduğunu da deyə bilərəm. Mətbuat tariximizin zənginliyi haqqında danışmaq çox uzun çəkər. Amma qısaca belə xarakterizə etmək istəyirəm ki, mətbuat tariximiz hər zaman xalqın taleyinə bağlı olub. Yəni mətbuat işçilərimiz, onu yaradanlarımız və sonralar bu yolu davam etdirənlərimiz hər zaman xalqla həmnəfəs olub, onun problemlərini önə çıxarıblar. Bu problemləri açıq şəkildə demək mümkün olmadıqda müxtəlif yollarla təsvirinə, təhlilinə üstünlük veriblər. Ona görə də konkret deyə bilərik ki, Azərbaycan jurnalistikası ictimai fikir institutu kimi gerçəkliyimizin bütöv mənzərəsini əks etdirə bilib. “Əkinçi”dən sonrakı dövrdə də mətbuatımız sənətkarlıq baxımından çox zəngin olub. Artıq jurnalistikamızın elmi-nəzəri əsasları formalaşıb ki, bunu da xüsusilə qeyd etmək lazımdır. Həmin elmi-nəzəri dəyərlərdən, praktik təcrübədən bu gün çağdaş Azərbaycanın jurnalistikası çox faydalanır, bəhrələnir. Heç şübhəsiz ki, jurnalistikamız gələcəkdə bizim üçün ən etibarlı istinad nöqtəsi olacaq. - Bugünkü mətbuatda Həsən bəy Zərdabi ənənələri nə dərəcədə qorunur? - Azərbaycan mətbuatı klassik jurnalistikanın, xüsusən də “Əkinçi”də irəli sürülən dəyərlərin mühafizəsini ləyaqətlə həyata keçirir. Yəni mediamız indi də xalqa bağlıdır. Faktiki olaraq, mətbuatda milli-mənəvi dəyərlərə, Vətənə, klassik irsə bağlılıq məsələləri saxlanılır. Bu, müasir Azərbaycan mətbuatı üçün son dərəcə əhəmiyyətli məsələdir. Nə yaxşı ki, jurnalistlərimiz milli kimliyin, ənənələrin qorunması, Vətənin bütövlüyü, abadlığı, xalqın salamatlığı, dövlət intizamı, millət tərəqqisi kimi mövzulara həssas yanaşırlar. Mətbuatımız hər zaman belə olub, indi də həmin ənənələr davam etdirilir. Jurnalistikamızın klassik dəyərlərini unutmamalı, bəzi məsələlərdə xüsusilə diqqətli davranmalıyıq. - Sizcə, həmin ənənələrin tam olaraq saxlanmasına ehtiyac varmı, yoxsa hansısa dəyişikliklər edilməlidir? - Təbii ki, müasir zaman, informasiya-kommunikasiya texnologiyaları dövründə müəyyən tələblər dəyişir. Texniki vasitələrin üstünlüklərindən mütləq istifadə etməliyik. Hazırda Azərbaycanda da internet geniş yayılıb. Bu mənada texniki cəhətdən yeniləşmək vacibdir. Amma mənəvi dəyərlərə, dövlətçilik ideyalarına, milli şüur məsələlərinə sədaqəti itirməmək şərti ilə. Həsən bəy Zərdabi deyib ki, hər bir qəzet nəşr olunduğu məmləkətin aynası olmalıdır. Yəni bizim gerçəklərimiz yeni texniki vasitələrlə təchiz olunan mətbuatımızda və jurnalistikamızda əks olunmalıdır, necə ki, əks olunur. Bir nümunəni qeyd edim. Bu günlərdə ölkəmizdə birinci Avropa Oyunları keçirildi. Həmin yarışlarla bağlı həqiqətlər geniş planda mətbuatımızda əks olundu. Azərbaycan yeni bir tarixi dövrü, müstəqilliyini yaşayır və ölkəmizdə plüralizm mövcuddur. Hər insan bir cür düşünə bilər. Amma əsas odur ki, jurnalistikamız yalan fikirləri deyil, həqiqətləri ortaya qoyur. Bu, ən əhəmiyyətli məsələdir. Mediamız çağdaş dünya ənənələri dövründə də özümüzü, çevrəmizi tanımağa, milli kimliyimizi dərk etməyə səsləyir. Şübhəsiz ki, müasirlik yaxşı haldır, amma mənəvi dəyərlərimizin qorunması çərçivəsində. - Bəs jurnalistikamız ayna olmağı bacarırmı? Media təmsilçilərimizin peşəkarlıq səviyyəsindən razısınızmı? - Təbii ki, jurnalistlərimiz ayna olmağı bacarırlar. Onların peşə borclarını yerinə yetirmələrindən, işlərinə məsuliyyətlə yanaşmalarından çox razıyam. Amma jurnalistikanın yalnız ayna olması kifayət etmir. Çünki məsələni olduğu kimi – güzgü kimi əks etdirmək hələ hər şey demək deyil. Çünki yalnız görünən mənzərə aldadıcı ola bilər, kütlənin yanlış yönlənməsinə səbəb olar. Sevindirici haldır ki, çağdaş Azərbaycan mətbuatını aldatmaq mümkün deyil, onlar gördükləri ilə kifayətlənmirlər. Jurnalistlərimiz hadisələri yaxşı təhlil etməyi, işin əsil üzünü ortaya qoymağı bacarırlar. Bu, müasir mətbuatımızın ən əsas keyfiyyət göstəricisidir. Biz hər zaman məsələni elmi və milli-mənəvi prinsiplər əsasında tədqiq etmişik. Hazırkı mətbuatımız daha da irəli gedib. Mediamız durumunu özü təhlil, yeri gəldikcə, tənqid edir. Bu, çox yaxşı xüsusiyyətdir. Özünütənqid inkişaf deməkdir. - Çox zaman Rusiya, Türkiyə və Qərb mətbuatını bizə nümunə göstərirlər. Sizcə, bizim üçün nümunəvi jurnalistika məktəbi hansıdır? - Bu, müasir dövr jurnalistlərimizi düşündürən məsələdir. Biz Jurnalistika fakültəsində təhsil alan tələbələrimizə beynəlxalq təcrübəni öyrədirik, xarici jurnalistika ənənələri ilə tanış edirik. Xüsusən də çevrəmizdə olan ölkələrin jurnalistikasını təhlil edirik. Şübhəsiz ki, dünyadan öyrənmək vacibdir. Amma sevindirici haldır ki, bizim özümüzün böyük jurnalistika tariximiz və məktəbimiz var. “Əkinçi”dən sonra “Molla Nəsrəddin”, eləcə də “Füyuzat”ın və digərlərinin adını çəkirik. - Deməli, bizim xarici təcrübəni öyrənməyə çox da ehtiyacımız olmadığını düşünürsünüz? - Bəli. Bir halda ki, Azərbaycan jurnalistikasının özündə dünya üçün nümunə olan məktəblər var, hazırkı mediamız dünya standartlarına uyğundur, deməli, ən etibarlı mənbə kimi özümüzə istinad etməliyik. Təbii ki, dünyadan kənarda qalmamalıyıq. Əgər uğurlu nümunələr varsa, onlardan bəhrələnmək lazımdır. - Adını çəkdiyimiz ölkələrin mediası ilə nə kimi fərqlərimizin olduğunu düşünürsünüz? Əgər bizi daha üstün hesab edirsinizsə, bu hansı məqamlardır? - Birmənalı şəkildə öz mediamızı əksər ölkələrinkindən üstün hesab edirəm. Çünki bizim həm jurnalistika tariximiz, həm də onun çağdaş vəziyyəti çoxundan üstündür. Bəzi inkişaf etmiş dövlətlərin səviyyəsinə isə çatmaq iddiamız var. Elə ölkələrlə həm rəqabət aparır, həm də tərəfdaşlıq edirik. Bu isə bizim daha da inkişaf etməyə meyilli olmağımızı göstərir. - Bəs dövlətin mətbuata diqqəti ürəyinizcədirmi? - Dövlətin, hakimiyyətin mətbuata diqqəti göz qabağındadır və bundan narazı qalmaq mümkün deyil. Mətbuatımız heç zaman bu səviyyədə diqqət görməyib. Bu haqda çox danışmaq olar. Məncə, dediyim bir-iki nümunə bütün mənzərəni aydınladacaq. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və o, ölkə KİV-nin vəziyyətinin yaxşılaşdırılması istiqamətində yetərincə işlər görür, maddi-texniki baza hər gün bir az da gücləndirilir. - Sizcə, bu sahənin inkişafı üçün daha hansı işlərin görülməsi lazımdır? - Azərbaycan mətbuatının inkişafı üçün ehtiyac olan məsələlər həll olunur. Mən də jurnalistikamızın inkişafı ilə bağlı bir təklif irəli sürmüşəm. Mətbuatımızın 140 illiyi ilə bağlı keçirilən tədbir zamanı Prezidentin köməkçisi Əli Həsənova dedim ki, medianın balanslı inkişafı, onun nəzəri əsaslarının daha ətraflı təhlili və tədqiqi üçün akademik jurnalistika institutunun yaradılmasına ehtiyac var. Jurnalistika cəmiyyətin ayrılmaz parçasıdır. Elə bunun nəticəsidir ki, ölkədə vətəndaş jurnalistikası da inkişaf edir. Belə institutun yaradılması yeni akademik standartların formalaşması deməkdir. Çünki Azərbaycan cəmiyyəti totalitar sovet rejimindən yeni müstəqil və informasiyalı vətəndaş cəmiyyətinə keçir. Bu o deməkdir ki, jurnalistikamıza yeni prinsiplər daxil olur. Azad ölkə, azad cəmiyyət olduğumuza görə insanlar fikirlərini, gördüklərini internetdə, sosial şəbəkələrdə paylaşırlar. Yeni meyarların yaranması akademik institut mövzusunu aktuallaşdırır. İctimai rəyi tənzimləyən jurnalistikanın olması vacibdir. - Vətəndaş jurnalistikasından danışdınız. Bu anlayışa münasibətiniz necədir? Onun medianın zərərinə, yoxsa xeyrinə olduğunu düşünürsünüz? - Bütün hallarda jurnalistika ictimai dəyərlərə xidmət edir. Amma bu sahədən həm cəmiyyət, həm də dövlət üçün faydalı olan formada istifadə etmək lazımdır. Bəzi həssas məqamlar var. Təbii ki, vətəndaş onları bilməyə bilər. Bu isə vətəndaş jurnalistikasının qeyri-peşəkar olduğunu deməyə əsas verir. Bunun nəticəsində ortaya subyektiv düşüncələr, şəxsi arzular çıxır. Belə hallar arzuolunmazdır. Bir şəxsin gördüyü və ya onun şəxsi düşüncələri cəmiyyətin fikirlərinə təsir etməməlidir. Amma yaxşı ki, jurnalistika elə bir ictimai institutdur ki, o, öz-özünü təhlil edir və faydasız olanları kənara atır. Ona görə də vətəndaş jurnalistikasından çəkinməyə ehtiyac olduğunu düşünmürəm. Onu düzgün təhlil və tənqid etməyi, faydalı cəhətlərin nə olduğunu aşılamağı bacarmalıyıq. Peşəkar jurnalistikamız daha diqqətli olmalıdır. - Mətbuatın peşəkarlardan ibarət olması üçün media təmsilçiləri mütləq Jurnalistika fakültəsini bitirməlidirlərmi? - Əlbəttə ki, media təmsilçisi peşəkar ali təhsilli jurnalist olsa, daha yaxşıdır. Amma qeyri-ixtisaslı şəxslər də jurnalist ola bilirlər. Onların uğurlu nəticələrinin də şahidi oluruq. Xatırladım ki, Jurnalistika fakültəsini bitirməyib adını tarixə yazdıran şəxsiyyətlər olub. 1928-ci ilə qədər jurnalistika ilə məşğul olanların heç biri ali jurnalistika təhsilli deyildilər. Heç Həsən bəy Zərdabinin də jurnalistika təhsili yox idi. Amma bu o demək deyil ki, bu sahə üzrə ali təhsil ikinci planda qalmalıdır və kim istəsə, jurnalist ola bilər. Jurnalist olmaq istəyən şəxs onun prinsiplərinə əməl etməyi bacarmalıdır. Klassiklərimiz ona görə böyük jurnalistlər sayılırlar ki, onlar məhz ictimai-faydalı əməl ortaya qoyublar. Kimlər bu peşənin prinsiplərinə əməl edəcəklərsə, onlara medianın qapılarını açmaq lazımdır. - Siz necə, mətbuatın gələcəyindən narahatsınızmı? İnternet medianın onu üstələməsi və gələcəkdə sıradan çıxaracağı haqda deyilənlərlə razısınızmı? - Belə fikirlər var. Amma bu məsələyə qorxu hissi ilə yanaşmağa ehtiyac duymuram. Texnika günü-gündən daha çox inkişaf etsə də, qəzetin öz yeri var. Bəli, texniki vasitələr hər şeyin fövqündə dayanmağa başlayıb. Amma çap mediasının ölmək təhlükəsi yoxdur və ola da bilməz. Onu da qeyd edim ki, məlumatın harada çıxmasından asılı olmayaraq, yetər ki, doğrular söylənilsin. Çünki jurnalistikanın hədəfi yalnız və yalnız həqiqətləri çatdırmaq olmalıdır. Geri dön |