Ana Sayfa > Xəbər > Yunanıstandakı böhran Türkiyəni vurmayacaq
Yunanıstandakı böhran Türkiyəni vurmayacaq9-07-2015, 10:02. Yazar: admin |
Yunanıstanda davam edən sərt iqtisadi böhran və xüsusən də ötən bazar keçirilmiş referendumda xalqın böyük hissəsinin avrozonanın tələblərinə "yox" deməsi bütünlüklə bölgə ölkələrinə mənfi təsir göstərib. Təbii ki, baş verənlərin avrozonaya təsirinin qaçılmaz olduğu bəlli idi, amma qonşu Türkiyədə bunun aydın hiss ediləcəyi, deyəsən, düşünülməmişdi. Məlumata görə, artıq Türkiyənin maliyyə bazarları təsirə məruz qaldığını aydın göstərir. Bunun nümunəsi olaraq türk lirəsi dollar qarşısında rekord həddə ucuzlaşıb. Hətta maliyyə mütəxəssisləri deyirlər ki, "İslam Dövləti" ilə mübarizə və Suriyada yaşanan qeyri-müəyyənlikdən dolayısı ölkənin problemləri daha da artacaq. Brüsseldə yerləşən Karneqi institutunun eksperti Sinan Ülgənin sözlərinə görə, Yunanıstanda keçirilən referendumdan sonra avrozonaya üzv olmayan Türkiyə maliyyə baxımından daha böyük təzyiqlərlə qarşılaşır: "Regionda təhlükəsizliklə bağlı vəziyyəti nəzərə alsaq, Türkiyə böyük risk qarşısındadır. Yunanıstanda referendum o deməkdir ki, maliyyə bazarında problemlər gözlənilir". Türkiyənin maliyyə bazarlarının qonşu ölkədə böhrana həssaslığı ölkənin iqtisadi baxımdan zəifliyinə işarə kimi qəbul edilir. İstanbulda yerləşən "Global Source Partners" şirkətinin məsləhətçisi Atilla Yeşilada deyir ki, Türkiyə ən ağır iqtisadi risklərlə qarşılaşır: "İqtisadi inkişaf səviyyəsi 7 faizdən 3 faizə enib. Türkiyənin hazırkı defisit səviyyəsi hələ də 5 faiz olaraq qalır. Bu, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr arasında ən yüksək faizdir. İnflyasiya dərəcəsi 8 faiz təşkil edir, bu da inkişaf etməkdə olan bir ölkə üçün çox yüksəkdir". Türkiyəyə valyuta axınını təmin edən əsas sahələrdən olan turizm də çətin günlərini yaşayır. Rusiyaya qoyulan sanksiyalar səbəbi ilə ölkəyə gələn turistlərin sayı azalıb. Tunis kurortunda silahlı hücumdan sonra Aralıq dənizi sahillərinə səyahət edən avropalıların da sayının düşəcəyi gözlənilir. A.Yeşilada iyun ayında keçirilən seçkilərdən sonra koalisiya hökumətinin yaradılmasında qarşıya çıxan çətinliklərin problemlər yarada biləcəyi ilə bağlı xəbərdarlıq edir. O, erkən seçkilərin böhranı daha da dərinləşdirə biləcəyini düşünür: "Bu baş versə,Türkiyə yayın sonuna qədər hökumət olmadan idarə olunacaq və mən güman edirəm ki, mərkəzi bank faiz dərəcələrini artıracaq. Beləliklə də maliyyə bazarları ardıcıl zərbələrə məruz qalacaq". Bu yerdə qeyd edək ki, ABŞ Federal Mərkəzi Bankının sıfıra yaxın faiz səviyyəsində borc vermə siyasəti xarici kapitala əsaslanan Türkiyənin iqtisadiyyatına müsbət təsir göstərib. Amma bu siyasətin yaxın vaxtlarda dəyişəcəyi gözlənilir. Yunanıstanda maliyyə böhranı və Suriyada vətəndaş müharibəsinin davam etdiyi bir vaxt, erkən seçkilərin keçirilməsi təhlükəsi də əlavə olsa, maliyyə ekspertləri Türkiyənin irəlidə bütün bunların nəticələri ilə qarşılaşacağı ilə bağlı xəbərdarlıq edir. Yeri gəlmişkən, Yunanıstan böhranı Türkiyəyə daha çox turist göndərən ölkənin - Rusiyanın iqtisadiyyatına da dolayı yolla təsir göstərməyə başlayıb. Bu barədə məlumatı Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib. Onun sözlərinə görə, böhran öz təzahürünü rublun zəifləməsində tapa bilər: "Birbaşa təsir göstərməyəcək, çünki ticarət və investisiya həcmləri o dərəcədə cüzidir ki, birbaşa təsir ola bilməz". Lakin Rusiya rəsmisi deyib ki, böhranın təsiri neft qiymətləri vasitəsilə hiss olunacaq: "Bizim əsas ixrac malımızla əməliyyatlar sözsüz ki, valyuta kursuna təsir göstərir". Bununla yanaşı Ulyukayev deyib ki, böhran nəticəsində pul kütləsi inkişaf edən bazarları tərk edə bilər. Hərçənd ki, o, bu prosesin qısamüddətli olacağını düşünür. Xatırladaq ki, Yunanıstanda səsvermənin nəticələri məlum olandan sonra dünya bazarlarında avronun, eləcə də neftin və əsas səhmlərin qiyməti aşağı düşüb. Türk mətbuatına danışan hakim AKP-nin İzmirdən seçilən millət vəkili, birjanın İstanbul bölməsinin keçmiş sədri İbrahim Turhan bildirib ki, yunanlar Avropa Birliyinin, BVF-nin islahatlara dair tələblərini bəyənməyə bilərlər. Amma yunanlar da gərək həm dövlət, həm də bankçılıq sistemi olaraq dünya qarşısında öhdəliklərini və iqtisadi böhrandan çıxmaq üçün hansı səviyyədə təməl islahatlar keçirmək istədiklərini ortaya qoymalıdırlar. Turhanın sözlərinə görə, baş nazir Tsiprasın timsalında şirin vədlər verməklə xalqın gözündə yüksəlmək müvəqqəti sürəcək. Ondansa hökumət oturub düşünməlidir ki, bankların, dövlətin niyə bu qədər borcu yığılıb iqtisadiyyat nəyə görə belə gəlirsiz vəziyyətə düşüb. Millət vəkilinə görə, Yunanıstanı bu günə 15-20 il əvvəl yürüdülən uğursuz siyasət olub. Turhan əlavə edib ki, Yunanıstanda keçirilmiş referendumun nəticəsi Türkiyə iqtisadiyyatına qətiyyən təsir göstərməyəcək. Ola bilər ki, ilk vaxtlar cüzi təsir hiss edilsin, amma bu keçici olacaq: "Ancaq Yunanıstandakı vəziyyət İspaniya, Portuqaliya, Fransa, İtaliya kimi iqtisadiyyatı problemli ölkələrə də təsir göstərsə, bəli, o zaman Türkiyə iqtisadiyyatına müəyyən zərbələr dəyə bilər". Yunanıstanda keçirilmiş referendumunun nəticələrini "Sputnik"ə dəyərləndirən HDP-nin İstanbul millət vəkili Sezai Təmelli isə bildirib ki, əslində yunan xalqının qərarı Türkiyə üçün də önəmlidir. Çünki Yunanıstanınkı qədər olmasa da, Türkiyənin də müəyyən qədər borcları var: "Günümüzdə Türkiyədə iqtisadi böhran yaşanmasa da, əslində işarətlərini hiss edirik. Qlobal maliyyə mərkəzləri yürütdüyü borclandırma siyasəti nə qədər qarşısıalınmaz olsa da, bir gün, məsələn, Türkiyədə də xalq ona qarşı öz sözünü deyəcək". Bahçəşəhir Universitetinin İqtisadi və İctimai Araşdırmalar Mərkəzinin (BETAM) direktoru, professor Seyfəddin Gürsel də Türkiyənin Yunanıstandakı böhrandan təsirlənməyəcəyinə işarə edir. Professor qeyd edir ki, Yunanıstandakı vəziyyət nəinki Türkiyədə, heç içində olduğu Avropa Birliyində də güclü təsirə malik olmayacaq: "Əgər belə bir təhlükə olsaydı, Birlik ölkələri Afinaya qarşı daha güzəştli davranardı". S.Gürselin sözlərinə görə, indiki çətin anlarında, xüsusilə Avropa Birliyinin kənara çəkildiyi günlərdə Türkiyənin Yunanıstana borc verməsi böyük jest olardı və iki dövlət, iki xalq arasında münasibətlərin daha da yaxşılaşmasına şərait yaradardı: "Özü də bunu yunanlara qarşı fürsət kimi yox, sadəcə qonşumuza yardım nöqteyi-nəzərindən etməliyik. Hesab edirəm ki, sabah vəziyyət düzələndən sonra bugünkü yardım iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişlənməsinə stimul verəcək". Referendumun Türkiyəyə mənfi təsir göstərəcəyini deyənlər də var. Xüsusilə də Türkiyənin xarici ticarətin yüzdə əllisini məhz Avropa Birliyi ölkələri ilə etməsinə toxunan ekspertlər deyirlər ki, hazırda Türkiyə ilə Yunanıstan arasında ticarətin illik həcmi 6 milyard dollar civarındadır. Buna baxmayaraq, ekspertləri bir qədər sakitləşdirən bir fakt var ki, həmin rəqəm dövlətin ümumi ticarətinin cəmi 1 faizidir. Yəni bu prizmadan yanaşdıqda, ekspertlər Türkiyə üçün böyük təhlükə gözləmirlər. İstanbul Dəmir Polad İxracatçıları Birliyinin sədri Namiq Kamal Əkinçi yerli mətbuata deyib ki, Türkiyə Yunanıstana daha çox dəmir və polad məmulatları satır. Hansı ki, bu məhsulun ticarətində bu ilin beş ayı ərzində 43 faiz azalma qeydə alınıb. Onun fikrincə, referendumdan sonra ticarətdə azalma daha da sürətlənəcək. …Hər halda avrozona ölkələrinin nümayəndələri Yunanıstana cümə axşamınadək donorlarla razılığa gəlmək üçün yeni təkliflərlə çıxış etməyə vaxt verib. Geri dön |